Tovuz istiqamətində işğalçı Ermənistan tərəfindən növbəti təxribat baş verib. Ordumuz buna ciddi qarşılıq verib və düşmən yerində oturdulub. Düşmən təxribatının qarşsını alarkən hərbiçimiz qəhrəmancasına şəhid olub. Şəhidlərimizə Allahdan rəhmət diləyirik. Düşmənə vurulan sarsıdcı zərbə nəticəsində şəhidimizin də qisası layiqincə alınıb. İyul ayında da düşmən Tovuz istiqamətində təxribata əl atıb və qarşılığında ciddi itgilərlə üzləşib.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
O qeyd edib ki, işğalçı ölkə məhz ardıcıl olaraq bu cür təxribatları törətməklə öz çirkin niyyətini nümayiş etdirir.
Deputatın sözlərinə görə, bu gün Ermənistanda terrora və dini, milli ayrıseçkiliyə xüsusi bir diqqət var: “İşğalçı dövlət məhz bu qüvvələrin yardımı ilə Azərbaycana zərbələr vurmağı planlaşdırır. Bu məqsədlə Suriyadan, Livandan erməni kökənli ailələrin Qarabağda yerləşdirilməsi təmin edilib. Bu, işğaldakı ərazilərdə qanunsuz məskunlaşdırma ilə yanaşı açıq şəkildə terrora və milli nifrət ocaqlarının yaradılmasına xidmət edir”.
Cavid Osmanov qeyd edib ki, işğalçı Ermənistan Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan bütün danışıqlardan imtina edib: “Sözsüz ki, münaqişənin tənzimlənməsində məsul olan təşkilatlar buna öz sərt mövqeyini bildirməlidir. Xüsusən də, ATƏT-Minsk Qrupu gecikmiş və heç bir əhəmiyyəti olmayan bəyanatlarla kifayətlənməyərək öz ciddi mövqeyini ortaya qoymalıdır. Çünki düşmən tərəf bütün beynəlxalq hüquq normalarını pozur. Qanunsuz məskunlaşdırma ve terror təşkilatlarına açıq dəstək verən işğalçı Ermənistana artıq ciddi sanksiyalar tətbiq edilməlidir”.
Millət vəkili əlavə edib ki, daxili təlatümlərdən, özünə qarşı olan qüvvələrin diqqətini yayındırmaq üçün Paşinyan cəbhədə ardıcıl təxribatla törədir: “Sözsüz ki, bu lokal təxribat xarakterli hərbi əməliyyatların miqyası hər an genişlənə bilər. Azərbaycan Ordusu tərəfindən düşmənə sarsıdıcı zərbələr endirilməsi an məsələsidir”.