"İlk növbədə Fransa ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir. Bu məsələdə ilk növbədə beynəlxalq hüquqa uyğun olaraq hərəkət edilməlidir. Fransa Prezidenti Emmanuel Makronun təkidlə ərazi bütövlüyümüzü şübhə altına alan bəyanatlar verməsi başa düşülən deyil. Eyni zamanda onun işğalda olan ərazilərimizə qeyri-qanuni daxil olan jurnalistlərlə həmrəylik nümayiş etdirməsi Azərbaycanda böyük narazılıq yaradıb.
Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
O qeyd edib ki, hazırda Fransa özünü Minsk Qrupunun həmsədri kimi yox, elə Ermənistanın özü kimi aparır:
"Bu isə beynəlxalq hüquqa, mehriban qonşuluq siyasətinə ziddir. Azərbaycan bu gün öz torpaqlarının işğaldan azad olunması uğrunda mübarizə aparır. Beynəlxalq hüquqa, özünün suveren hüquqlarına istinad edir. Hansısa bir dövlətin isə bu məsələdə Azərbaycana dur demeyə heç bir ixtiyarı yoxdur. Biz Fransadan bu məsələdə Azərbaycanın hərəkətinə anlayışla yanaşmasını istəyirik. Fransanın özünün tarixində Janna Dark adında bir əfsanəvi qəhrəman olub. O Fransanın işğalçılardan azad edilməsi üçün xalqını ayağa qaldırıb. Fransa tarixinə adını yazmış digər bir insan isə general Şarl de Qoldur. O da ölkəsinin alman faşistlərindən azad edilməsi üçün xalqını səfərbər edib. Həmin Şarl de Qolun ən yaxın döyüş yoldaşlarından biri məhz azərbaycanlı olub. 1965-ci ilə Şarl de Qol SSRİ-yə səfər edərkən xüsusi olaraq onunla görüşüb”.
Aydın Mirzəzadə vurğulayıb ki, bu gün Fransanın yanaşması sadəcə olaraq təəccüb və təəssüf doğurur:
"Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün bütün imkan və vasitələrdən istifadə edir. Fransadan da ilk növbədə Ermənistanın Azərbaycan ərazilərindən qoşunlarını çıxartmasını tələb etməsini gözləyirik. Eyni zamanda Fransadan Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmasını tələb edən bir mövqe nümyiş etdirməsini tələb edirik. Fransanı qədim mədəniyyətə, tarixə malik, dünya siyasətində aparıcı qüvvələrdən olan bir dövlət kimi görürük. Fransız xalqını, onun dünyada oynadığı müsbət rolu hər zaman dəstəkləyirik. Fransız xalqının görkəmli şəxsiyyəti olan Viktor Hüqonun ad günü 26 fevral tarixində işğalçı Ermənistan Azərbaycanın Xocalı şəhərində tarixin ən dəhşətli soyqırımlarından birini həyata keçirib. Ona görə də, Fransa tərəfinin bu məqamları dərindən öyrənməsi daha məqbul olardı”.