5 Oktyabr 2020 17:28
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin qızğın müharibə fazasına keçdiyi indiki mərhələdə ölkəmizin mövqeyini tam və dəqiq izah etdi. Dünya ictimaiyyətinə bir daha nümayiş olundu ki, proseslərin indiki qaynar həddə gəlib çatması yalnız və yalnız Ermənistanın təxribatlarının nəticəsi kimi qiymətləndirilməlidir. Eyni zamanda bu müsahibə Ermənistanın təxribat törətməklə bərabər baş verən hadisələrin məsuliyyətini Azərbaycanın üzərinə atmaq siyasətinin iflasa uğradığını əyani şəkildə nümayiş etdirdi.

Bunu Teleqraf.com-a açıqlamasında “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O qeyd edib ki, müsahibə zamanı Ermənistanın iyul ayında Tovuzla sərhəddə törədilən təxribatın məsuliyyətini Azərbaycanın üzərinə atmaq üçün uydurduğu müxtəlif böhtanların və təbliğat hay-küylərinin tam şəkildə yalan olduğu isbat olundu:

“Artıq Yaxın Şərqdə və dünyada yüz milyonlarla auditoriya üçün sirr deyil ki, Ermənistan silahlı qüvvələrinə məxsus Su-25 Türkiyəyə məxsus F-16 tərəfindən vurulmayıb. Bu, dezinformasiyadır. Dövlət başçısı qeyd etdi ki, onların Su-25 təyyarəsi qəzaya uğrayıb. Yaxud Türkiyənin bu əməliyyatlarda Azərbaycanın tərəfindən hərbi iştirak etməsi kimi informasiyalar, eləcə də Suriyadan muzdlu döyüşçülərin Türkiyə vasitəsilə Azərbaycana gətirilməsi ilə bağlı məlumatlar tamamilə uydurmadır və Ermənistanı məsuliyyətdən yayındırmaq cəhdindən başqda bir şey deyil.

Azərbaycan Prezidenti ölkəmizi müxtəlif ittihamların əsassız şəkildə obyektinə çevirmək istəyən beynəlxalq dairələrə çox dəqiq və tutarlı cavablar verdi. Bəlli oldu ki, Fransa kimi ölkələr Azərbaycana nə qədər məsuliyyət daşıyan ölkə olduqlarını göstərməyə çalışsalar da, mövqelərindəki arqumentsizlik və məntiqsizlik nəticə əldə etməyə imkan vermir və verə də bilməz”.

Aydın Quliyevin sözlərinə görə, Prezident İlham Əliyev çox haqlı şəkildə bildirdi ki, Fransanın bu gün erməni separatçılığını dəstəkləməsi qəti şəkildə doğru-düzgün deyil:

“Fransa ilk növbədə Ermənistanın təcavüzkarlıq və separatçılıq hərəkətlərini dəstəkləməyin əvəzinə özündə olan bəzi problemlərə diqqət yetirsə, daha yaxşı olar. Ümumiyyətlə, Azərbaycan Prezidenti Qarabağ probleminin indiki qaynar həddə çatmasında həm Ermənistanın məsuliyyətini, həm də Ermənistanın təcavüzkarlıq hərəkətlərinə Azərbaycanın illərdən bəri etdiyi xəbərdarlıqlara məhəl qoymayan, buna göz yuman və məsuliyyətsizlik nümayiş etdirən beynəlxalq dairələrin, o cümlədən ATƏT-in Minsk qrupunun və ayrı-ayrı ölkələrin məsuliyyətini tam şəkildə dünya ictimaiyyətinə və dünya auditoriyasına çatdıra bildi.

Aydın məsələdir ki, Prezident İlham Əliyevin “Əl-Cəzirə”yə müsahibəsi Qarabağ probleminin indiki fazaya yetişməsində kimin daha çox məsuliyyət daşıdığı sualına dəqiq cavablar vermək baxımından alternativsiz təsirə və əhəmiyyətə malikdir”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər