“Ermənistan tərəfinin yanaşmalarında nümayişkaranə destruktivlik olduğu üçün Azərbaycanla Ermənistan liderlərinin görüşü barədə danışmaq tezdir”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Xarici İşlər naziri Ceyhun Bayramovun Rusiyaya rəsmi səfərinin nəticələrini TASS-a müsahibəsində şərh edərkən bildirib.
“Hörmətli Prezidentimiz İlham Əliyevin də qeyd etdiyi kimi belə bir dəvət gəlməyib. Məncə, bunun üçün şərait yetişməyib. Qarşı tərəf öz yanaşmalarında hələ də destruktiv mövqeyini nümayiş etdirdiyinə görə bu barədə danışmaq tezdir”, - deyə səfir Xarici İşlər nazirinin səfəri çərçivəsində sözügedən məsələnin gündəmə gəlib-gəlməməsinə dair suala cavab verərkən qeyd edib.
“Bu cür təşəbbüs göstərilsə, təbii ki, müvafiq şəkildə baxılacaq və ictimaiyyətə də, əlbəttə ki, məlumat veriləcək”, - deyən diplomat Azərbaycanın Qarabağ məsələsilə bağlı beynəlxalq hüquqa söykənən mövqeyini bundan sonra da qətiyyətlə müdafiə edəcəyini vurğulayıb.