Əslində Ermənistan Baş naziri Nikol Paşinyan yaxşı anlayır ki, döyüş meydanında uduzub. Belə olan təqdirdə danışıqlara gəlsə, həqiqəti etiraf edəcək və məcbur olaraq rayonların Azərbaycana qaytarılmasına razılıq verəcək. Verməmək imkanı da yoxdur. Amma bu durum Ermənistanın daxili cəmiyyətinə ciddi təsir edəcək. Yəni sadə erməni deyəcək ki, sən elə əvvəlcədən buna razılıq verərdin, bizi uduzdurub və qırdırdıqdan sonra niyə edirsən? Bu, Paşinyan üçün ölümə bərabərdir. Odur ki, onun geriyə yolu qalmayıb.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Ona görə, məhz bu səbəblərdən Paşinyan bəyan edir ki, ya qalib gəlməliyik, ya da məğlub olmalıyıq:
“Özü də yaxşı bilir ki, məğlub olacaq. Həqiqətən də danışıqlar yolu ilə məhvə məhkum olduğunu anlayır. Açığı budur ki, onun ümid bəslədiyi bütün dövlətlər, o cümlədən həmsədr ölkələr danışıqlar prosesində açıq deyirlər ki, beynəlxalq hüquqa hörmət göstərməli, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməlisən.
Bu, Paşinyan üçün siyasi intihardır. Ona görə də bu cür açıqlama verir və əhalisini döyüşlərə səsləyir. Amma anlamaq lazımdır ki, onların ciddi resursları yoxdur. Bu işin sonu əvvəl-axır məğlubiyyətdir”.