Noyabarın 10-də imzalanmış bəyannamə tarixi hərbi qələbənin siyasi ifadəsidir. Bu sənəddə Azərbaycanın bütün maraqları ifadə olunub. Bunu bir neçə prizmadan qiymətləndirmək olar. Hər şeydən öncə sənəd Azərbaycanın ərazi bütövlüyünü şərtləndirib. Sənəddə işğalda qalan Ağdamın, Kəlbəcərin və Laçının müəyyənləşdirilmış zamanda boşaldılması əksini tapıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.
Onun fikrincə, hər bir ərazinin hərbi yolla işğaldan azad edilməsi əlavə ciddi resurslar tələb edir:
"Azərbaycan qısa zamanda böyük qələbə qazanaraq proseslərin sonrakı mərhələsində özünün şərtlərini təmin etməyi bacarıb. Sonrakı mərhələdə əlavə resurs sərf etmədən Laçın, Kəlbəcər və Ağdamın tam olaraq geri qaytarılır. Eyni zamnada sənədin mahiyyətini xarakterizə edən əlamət ondan ibarətdir ki, burada Ermənistanın kaputilyasiyası görünən reallıqdır. Düşmən döyüşlərin sonuna yaxın buna məcbur oldu. Bu da Ermənistanın hərbi məğlubiyyəti ilə yanaşı, siyasi məğlubiyyətini də özündə ethiva edir. Ermənistanın baş nazirinin, separatçı rejimin rəhbərinin yanaşması sənədin nə dərəcədə Azərbaycanın maraqlarına ximət etdiyini göstərir. Paşinyan bu sənədin imzalanmasının nə qədər ağrılı olduğunu qeyd edir. Arayik Arutyunyan da qeyd edir ki, bu razılaşma olmasaydı, Azərbaycan Xankəndinə daxil olacaqdı”.
Millət vəkili vurğulayıb ki, sənəddə Qarabağın statusu məsələsi ifadə olunmayıb:
“Baza prinsiplərində Dağlıq Qarabağın sonrakı mərhələdə statusu məsələsi öz əksini tapırdı. Artıq bu da mövcud deyil. Azərbaycan tamamilə yeni bir reallıq, kifayət qədər ciddi bir güc mərkəzi formalaşdırdı. Sənəddə eyni zamanda ATƏT-in Minsk Qrupunun vasitəçiliyinə də istinad olunmur. Səmərəsiz fəaliyyət göstərən Minsk Qrupunun fəaliyyəti artıq öz aktuallığını itirib”.