Fransa Senatı adı ermənilər tərəfindən uydurulmuş, özü isə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nın statusu ilə bağlı müzakirələr keçirməyə hazırlaşır. Nə baş verəcək? Fransanı dünyanın “böyük”lərindən biri kimi görən bəzi senatorlar tribunadan “azadlıq”, “insan haqları” və “demokratiya” sözlərini yüksək pafosla səsləndirəcək və “hər bir xalqın azadlıq və müstəqillik arzularına hörmət bəslədiklərini” nümayiş etdirəcəklər. Çıxışlarının sonunda “Dağlıq Qarabağ respublikası”nın müstəqilliyinin tanınması xahişilə Fransa hökümətinə müraciət edilməsini təklif edəcəklər.
Əminəm ki, erməni diasporunun ideoloji təbliğatından və maliyyə təsirindən kənarda dayanan bir sıra senatorlar opponentlik edəcək və Fransa Senatını belə bir qeyri-qanuni addımı atmaqdan çəkinməyə çağıracaqlar. Nəticəni tezliklə görəcəyik və yalnız o zaman Fransa erməni lobbisinin nə qədər səxavətli olduğunu dəyərləndirə biləcəyik. Nəticədən asılı olmayaraq bu erməni sevdasının baş tutmayacağı və baş tutsa belə qəbul olunacaq istənilən qərarın Azərbaycan üçün heç bir hüquqi nəticə doğurmayacağı da bu başdan bəllidir. Amma Fransadan azı 3000 km aralıda – Azərbaycan ərazisində yaşayan və yaşadığı dövlətin qanunlarına əməl etməkdən imtina edən təxminən 50 min erməninin “müstəqil dövlət” xülyasına senatorların bu qədər həssaslıq göstərməsi bir çox suallar doğurur.
1) Senatorlar Azərbaycanda olduğu kimi Fransada da yaşayan etnik toplumlara, o cümlədən sayı 600 mini ötmüş ermənilərə Fransanın özündə hər hansı bir muxtariyyət və müstəqillik verməyə hazırdırlarmı?
2) Doğrudanmı Fransa senatorları hər bir xalqın azadlığını və müstəqilliyini dəstəkləməyə hazırdılar? Elə isə əsrlər boyu Fransa müstəmləkəçiliyindən xilas olmağa çalışan Korsikalıların və Yeni Kaledoniyalıların azadlıq və müstəqillik arzularına niyə müqavimət göstərirlər?
1300-cü ildən Genuya Respublikasının tabeliyinə düşmüş Korsika 4 əsrdən çox azadlıq mübarizəsi aparmış və nəhayət 1752 -ci ildə Genuyadan asılılığını azaldaraq özünü müstəqil Korsika dövləti elan etmişdi. Hələ o zamanlar Korsika öz Konstitusiyasını qəbul etmiş və 25 yaşdan yuxarı kişi cinsindən olan bütün vətəndaşlarına seçki hüququ vermişdi. Bu Avropanın yeni tarixində ümumxalq seçkilərin ilk təcrübəsi idi. Lakin çox keçmədən 1769-cu ildə Genuya Fransaya olan borcunun əvəzində Korsika adasını onun azadlıqsevər sakinləri ilə birlikdə Fransaya təhvil verdi. Fransa qısa bir müddətdə yerli idarəçiləri amansızlıqla məhv edərək Korsikanın dövlət müstəqilliyinə son qoydu və Korsikanı öz ərazisi elan etdi. Elə həmin il bu adada tarixin ən məşhur Korsikalısı - Napoleon Bonopart dünyaya göz açmışdı. Bəzi mənbələrə görə Xristofor Kolumbun da məhz bu adada doğulduğu bildirilir.
Azadlıq istədiklərinə görə Fransanın Korsikalılara verdiyi dərs o qədər təsirli oldu ki, sonrakı 2 əsr ərzində Korsikalılar azadlıq sözünü bir daha dillərinə gətirməyə belə cürət etmədilər, yalnız 200 il sonra – 1970 -ci ildə yenidən azadlıq və müstəqillik tələb etməyə başladılar. Bu zaman artıq “Avropa dəyərləri”nə dərindən yiyələnmiş müasir Fransa adada yaşayan korsikalı və siciliyalı etnik qruplar arasında elə bir qanlı münaqişə yaratdılar ki, bu günə qədər Korsikalılar yenidən azadlıq tələb etməyə qorxurlar. Hazırda Korsika Milli Azadlıq Cəbhəsi 9000 kv km əraziyə və 350 min əhaliyə sahib olan adanın Fransa müstəmləkəçiliyindən azad olunması üçün mübarizə aparır.
250 min əhaliyə və 20 min kv km əraziyə malik olan Yeni Kaledoniya adası Sakit Okeanda Avstraliya ilə Yeni Zelandiyanın arasında yerləşir. Hələ 3500 il əvvəl məskunlaşmış bu adanın sakinlərini “melazeniyalılar” adlandırırlar və onlar ada Avropalılar tərəfindən kəşf olunana qədər təbiətlə vəhdət halında ahəngdar həyat sürüblər. Ada 1774-cü ildə məşhur ingilis səyyahı Ceyms Kuk tərəfindən kəşf olunub və Kaledoniya adlandırılıb. XIX əsrin ortalarından etibarən ingilis və fransız missionerləri adaya ayaq açıb, 1853-cü ildə isə Fransa adanı özünün müstəmləkəsi elan edib. XIX əsrin sonuna qədər Fransa adanın yerli sakinlərini istismar etməklə yanaşı qatı cinayət törətmiş öz məhkumlarını da bu adaya sürgün edirdi. XX əsrin əvvəllərindən başlayaraq Fransa adada tapılmış faydaqlı qazıntı yataqlarını da istismar etməyə başladı. Qızıl, bürünc, xrom, nikel, dəmir və s filizlərini çıxarıb emal etməklə adanın külli miqdarda sərvəti Fransaya daşındı. Keçən əsrin 80-ci illərindən etibarən Yeni Kaledoniya sakinləri azadlıq mübarizəsi aparır və Fransa müstəmləkəçiliyindən canını qurtarmağa çalışır. Dəfələrlə keçirilən referendumlar Fransadan təyin olunmuş idarəçilər tərəfindən saxtalaşdırılıb və məhz bu yolla Fransa melazeniyalılara azadlıq verməkdən imtina edib. Sonuncu referendum bu ilin 4 oktyabrında keçirilib və yenə də fransalı referendum təşkilatçıları cüzi səs fərqi ilə Yeni Kaledoniya sakinlərinin guya azadlıqdan “imtina etdiklərini” elan ediblər.
Amma 100 illərlə Fransa əsarətində yaşayan təkcə korsikalılar və melaneziyalılar deyil. Bu gün Sakit Okeanda, Hind Okeanında və Karib dənizində yerləşən 11 ada dövləti və Cənubi Amerikada 1 materik ərazisi (Fransız Qvianası) və Şimali Amerikada yerləşən digər 1 materik ərazisi (Sen-Pyer və Mikelon) Fransa əraziləri hesab olunur. Bu müstəmləkə ərazilərində 3 milyona yaxın insan yaşayır və şəxsiyyət vəsiqələrində onların milliyyəti məcburi şəkildə “fransız” olaraq qeyd olunur. Hələ ermənilər Qafqaza köçməmişdən əvvəl zorən “fransızlar” azadlıq mübarizəsi aparmağa başlayıblar və hələ də Fransa asılılığından azad olunacaqları günü gözləyirlər. Fransa senatorları isə Azərbaycanda yaşayan 50 min erməninin Azərbaycan torpaqlarında yaratmaq istədiyi qondarma bir qurum üçün müstəqillik tələb etmək sevdasına düşüblər. Bəs dünyaya “Azadlıq, Bərabərlik və Qardaşlıq” şüarı ilə xitab edən Fransa senatorları 2 əsrdən çox əsarətdə saxladıqları təxminən 3 milyon insanın müstəqillik və azadlıq hüquqlarını nə vaxt tanıyacaqlar? Minillərlə öz torpaqlarında yaşayıb yüz illərlə Fransa əsarətində qalan korsikalıların və melaneziyalıların müstəqillik mübarizəsini qanla yatırdan Fransanın cəmi 200 il əvvəl Azərbaycan torpaqlarında məskunlaşmış ermənilərin müstəqillik arzusuna bu qədər həssas yanaşması nədən və haradan qaynaqlanır? Bu sualların cavabını isə “Azadlıq, Bərabərlik və Qardaşlıq” şüarını özlərinin ən böyük dəyəri hesab edən Fransa senatorları verməlidir.
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru