26 Dekabr 2020 09:16
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin büdcəsi maliyyə tutumlu büdcədir. Çünki bu büdcə yeni reallıqlar üzərində qurulub. Hər il dövlət büdcəsi ilə bağlı müzakirələr parlamentdə noyabr ayında başa çatırdı. Bu il Vətən müharibəsi və tarixi qələbəmiz, ərazi bütövlüyümüzlə bağlı əlamətdar günlər yaşandı. Ona görə də müzakirələr bir qədər gec başladı. Artıq işğaldan azad edilmiş ərazilərimizin yenidən dirçəldilməsi, qurulması ilə bağlı yeni büdcədə proqramlar nəzərdə tutulub.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, 2021-ci ilin dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərimizin inkişafı ilə bağlı xüsusi bölmə var:

"Gələn ilin büdcəsi çox mükəmməl hazırlanıb. Azad edilmiş ərazilərdə yenidənqurma işlərinin görülməsi üçün 2,2 milyard manat vəsait ayrılıb. Ayrılan vəsaitlərə uyğun olaraq orada mühüm işlərin görülməsi mümkün olacaq. Azad edilən ərazilərdə yaradılacaq infrastrukturun nəticəsində məcburi köçkünlər qısa zamanda dədə-baba yurdlarına qayıda biləcəklər. Müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq 2021-ci ilin dövlət büdcəsində azad edilmiş ərazilərlə bağlı xüsusi bir maddə var. 2020-ci ildə qlobal pandemiya dövrünə görə, müəyyən dürüstləşmələr aparıldı. Bu ilin büdcəsi pandemiya şəraitinə uyğunlaşdırılaraq uğurla başa vurulması təmin edildi. Pandemiyanın nə vaxta qədər davam etməsini proqnozlaşdırmaq qeyri-mümkündür. Ona görə də, pandemiya qarşı mübarizənin effektiv təşkili üçün xüsusi bir maliyyə vəsaiti nəzərdə tutulub. Bu maliyyə həm pandemiya qarşı effektiv mübarizənin təşkilinə, həm də insanların sağlamlığı, sosial durumunun yaxşılaşdırılmasına hesablanıb”.

Millət vəkili 2021-ci ildə pensiya və müavinətlərin də artırılacağını qeyd edib:

“Gələn ilin büdcəsində ehtiyac meyarı, yaşayış minimumu, yaşa görə pensiyaların baza hissəsi artırılacaq. Eyni zamanda müavinətlərin əhəmiyyətli hissəsi artırılacaq. 2021-ci ilin dövlət büdcəsində sosial xərclər 38,9 faiz təşkil edir. Ona görə də gələn ilin büdcəsində sosial, siyasət prioritet olacaq. Ordu quruculuğu ilə bağlı da mühüm istiqamətlər büdcədə yer alıb. Bu, labüd idi. Çünki qələbə qazanılsa da, bu istiqamətdə qarşıya qoyulan hədəflərin qorunması və təmin edilməsi vacibdir. Ehtiyac olarsa, gələn ilin dövlət büdcəsində hərbi xərclərin artırılması da mümkündür. Ümumilikdə gələn ilin büdcəsi öz makroiqtisadi göstəricilərinə görə fərqlənir. 2021-ci ilin büdcəsində qlobal dəyişikliklər nəzərdə tutulmayıb. İnfilyasiya 3 faiz həcmində proqnozlaşdırılır. Cari il ölkə iqtisadiyyatında 4 faizə qədər azalma baş verdi. 2021-ci ildə isə 2 faizə qədər iqtisadi artım proqnozlaşdırılır. Bütün bunlar isə 2021-ci ilin büdcəsinin maliyyə təminatına proqnoz verir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər