Belə görünür ki, Armen Sərkisyan ölkədəki hakimiyyət boşluğundan, yaranmış siyasi böhrandan istifadə edərək Nikol Paşinyanı mümkün qədər tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmağa, ölkədəki parlament üsul-idarəsini dəyişdirib prezident üsul-idarəsi yaratmağa, beləliklə hakimiyyəti bütünlüklə öz əlində cəmləşdirməyə çalışır. Onu bu işə ruhlandıranlar da Qarabağ klanının təmsilçiləri, yəni Serj Sərkisyan, Robert Köçəryan və başqalarıdır.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
O qeyd edib ki, xaraktercə zəif adam olan Armen Sərkisyan ölkədə belə bir dəyişikliyə nail olsa, hakimiyyəti faktiki olaraq onun ətrafına yerləşmiş bu adamlar idarə edəcək:
“Paşinyanın uzaqlaşdırılması həm yeni prezident, həm də parlament seçkisi keçirməyə imkan verəcək ki, bu da Qarabağ klanının yenidən hakim mövqelərə sahib olmasına gətirib çıxara bilər. Onlar, həmçinin, indiki prezidentin vasitəsilə Avropa ilə əlaqələri də tənzimləməyə çalışırlar. Çünki bu adam Avropa İttifaqında, eləcə də Amerikada səfirlikdə işlədiyinə görə Qərb dairələrini yaxından tanıyır və həmin dairələrlə müəyyən əlaqələri var. Bu əlaqələrdən istifadə edərək Ermənistanda hakimiyyət dəyişikliyinə, eləcə də Ermənistanın indi düçar olduğu bir sıra problemlərdən xilas olmasına kömək etməyə çalışırlar. Son vaxtlar Fransanın, Belçikanın, Niderlandın, Lüksemburqun Ermənistanı dəstəkləyən qətnamələr qəbul etməsi onu göstərir ki, Avropada bunun üçün müəyyən zəmin var. Bu zəmindən istifadə edilsə, Sərkisyanın adamları Sorosun adamlarını üstələyə bilər. Amma hər halda Ermənistanda çox ciddi hakimiyyət böhranı, siyasi antaqonizmlər var. Bunları həll etmək üçün bəlkə də bir hakimiyyət dəyişikliyi yetməyəcək. Ölkədə problemlər yığılıb qalıb. Bunların həll edilməsi üçün qarşıda çoxlu məsələlər dayanır”.
Politoloq bildirib ki, ilk növbədə Azərbaycanla münasibətlər qaydaya salınmalı, sülh müqaviləsi imzalanmalıdır:
“Bölgədəki Rusiya sülhməramlılarının statusuna baxılmalıdır. Düzdür, indiki şəraitdə bu status Ermənistanın xeyrinədir, amma Azərbaycan Rusiya sülhməramlılarının özlərini bu bölgədə işğalçı qoşun hissələri kimi aparmasına yəqin ki, həmişə dözməyəcək və vəziyyətin dəyişdirilməsinə çalışacaq. Bir sözlə bölgədə problemlər əvvəl daha çox idi. İndi müəyyən qədər azalsa da tam başa çatmayıb. Hətta bölgədə müharibə atmosferi də yarana bilər”.