“Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad edilməsi ilə bağlı ziddiyyət fors-major hallarda Ermənistanın siyasi hakimiyyətinə təzyiq və hakimiyyət böhranı yaratmaq məqsədilə nəzərdə tutulmuş mexanizmdir”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.
Ekspert Ermənistanın ictimai-siyasi həyatında baş verən gəlişmələrə diqqət çəkib:
“Ermənistan mətbuatı keçmiş prezident Serj Sərkisyanla Baş qərargah rəisi Onik Qasparyan arasında ötən ilin dekabrın sonunda baş tutan telefon danışığının mətninin bir hissəsini açıqlayıb. Məlumata görə, Onik Qasparyan dekabrın 21-də Sünikə səfər edən Nikol Paşinyanın təhlükəsizliyini təmin etmək üçün iki gün öncə bu əraziyə yola düşüb və baş naziri şəhərə buraxmaq istəməyən yerli sakinləri sakitləşdirib. Serj Sərkisyan isə Onik Qasparyanın bu hərəkətindən xoşlanmayıb və bəyan edib ki, baş qərərgah rəisinin öz üzərinə belə bir aşağılayıcı missiyanı götürməsi onu təəccübləndirib. Sərkisyanın bu açıqlamasından sonra Qasparyan ona zəng edib və narazılığını dilə gətirib. Ermənistanın mətbuatı yazır ki, baş qərargah rəisi Serj Sərkisyanla söhbətində Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər səsləndirib və baş nazirin Sünikə səfəri ilə hər hansı bir əlaqəsinin olmadığını bildirib. Məhz bu telefon danışığından sonra Nikol Paşinyan baş qərargah rəisinin Serj Sərkisyan və klanın digər nümayəndələri ilə əlaqəsindən şübhələndiyi üçün onunla bağlı araşdırma aparılması barədə göstəriş verib.
Qeyd edim ki, Qasparyan Nikol Paşinyanın həmyerlisi olsa da, onun ordi iyerarxiyasında irəliləməsində Serj Sərkisyanın böyük rolu olub. Qasparyanı 3-cü ordu korpusunun qərargah rəisi və komandiri vəzifəsinə Sərkisyan gətirib, həm də prezident seçildikdən dərhal sonra. Elə həmin Serj Sərkisyan 2016-cı ildə Onik Qasparyanı baş qərargah rəisinin müavini təyin edib. Qısa bir müddətdən sonra isə Qasparyan yenə də Serj Sərkisyan tərəfindən general-leytenant rütbəsilə “mükafatlandırılıb” və baş qərargah rəisinin birinci müavini vəzifəsinə təyin edilib”.
Elçin Mirzəbəyli qeyd edib ki, Onik Qasparyanın tərcümeyi-halına, xüsusilə də bir neçə dəfə təhsil aldığı müəssisələrin siyahısına nəzər salsaq, bir çox məqamlara aydınlıq gətirə bilərik:
“Beləliklə, Onik Qasparyan 1990-cı ildə Rusiya Müdafiə Nazirliyinin zabit kurslarında oxuyub. 1998-2001-ci illərdə yenə də Rusiya Müdafiə Nazirliyinin Ümumqoşun Akademiyasında təhsil alıb. 2008-ci ildə və təbii ki, yenə də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Hərbi Akademiyasını bitirib. Elə həmin ildən başlayaraq, Onik Qasparyanın qanlı hadisələr üzərindən prezident “seçilən” Serj Sərkisyanın dəstəyi ilə yüksəlişi başlayıb.
Ermənistan konstitusiyasında baş qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı olduqca ziddiyyətli və mürəkkəb məqamlar var. Təyinatla bağlı hər şey aydındır, amma 5 il müddətinə təyin edilən baş qərargah rəsinin vaxtından öncə vəzifəsindən azad edilməsi prosesi “labirint”ə bənzəyir və belə təəssürat yaranır ki, bu Ermənistan ordusu üzərində nəzarəti qoruyub saxlamaq istəyən qüvvənin məqsədyönlü şəkildə yaratdığı labirintdir. Doğrudur, Ermənistanın yeni konstitusiyası və qanunvericilikdə yeni konstutusiya əlavə və dəyişikliklər Serj Sərkisyanın dönəmində qəbul edilib. Amma hesab edirəm ki, belə bir “labirint”in Serj Sərkisyanın ağlının məhsulu olmadığını sübut etməyə ehtiyac yoxdur.
Qənaətimə görə, baş qərargah rəisinin vəzifəsindən azad edilməsi ilə bağlı ziddiyyət fors-major hallarda Ermənistanın siyasi hakimiyyətinə təzyiq və hakimiyyət böhranı yaratmaq məqsədilə nəzərdə tutulmuş mexanizmdir”.