31 Mart 2021 09:14
1 938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə elə gəlir ki, Rusiya vaxtilə Gürcüstanda tətbiq etdiyi layihəni Ermənistanda da tətbiq edə bilər. Söhbət Mixail Saakaşvilinin iş adamı Bidzina İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından gedir. İvanişvili gürcü əsilli iş adamı olsa da, sahib olduğu milyardları Rusiyadan qazanmış şəxsdir. İvanişvili məhz Rusiyanın dəstəyi nəticəsində Gürcüstanda hakimiyyətə gəlib”.

Politoloq Elşən Manafovun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Kreml açıqlama verib ki, Ermənistanda keçiriləcək erkən seçkilər Baş nazir Nikol Paşinyanla müzakirə edilməyib. Kreml niyə belə bir açıqlama vermək zərurəti duydu, yəni atılan bu addımda Rusiyanın rolu nə qədərdir?

- İlk növbədə, Kremlin bu açıqlamasına beynəlxalq hüquq normaları kontekstindən baxmaq lazımdır. Ermənistandakı seçkiləri digər bir dövlətlə, məsələn, müttəfiq də olsa, Rusiya ilə müzakirə edilməsi, o anlamda qəbul olunmalıdır ki, Moskva bu ölkənin daxili işlərinə qarışmaq iqtidarında və bunun üçün hüququ olan bir dövlətdir. Kreml isə verdiyi açıqlamalarda belə ciddi və hüquqi səhvlərə yol verə bilməz. Əlbəttə, Ermənistan “müstəqil” dövlət də olsa, bu seçkilər onun daxili işidir. Yəni Rusiya heç vaxt bu seçkilərə müdaxilə edəcəyini bəyan etməz. Kreml bu ismarışı ilə o mesajı verir ki, guya Ermənistan müstəqil dövlətdir və Rusiya onun daxili işinə müdaxilə etmək fikrində olan ölkə deyil. Əlbəttə, bu, məsələnin rəsmi tərəfidir.

Məsələnin geosiyasi və siyasi tərəflərinə gəldikdə, Ermənistandakı parlament seçkiləri regionda təsir dairəsi olan Rusiyanın diqqət mərkəzindədir. Rusiya bu seçkilərin nəticəsində Ermənistanda hakimiyyətə gələcək siyasi qüvvə ilə əməkdaşlıq imkanlarını götür-qoy edib. Yəqin ki, Rusiya bəri başdan bu qüvvənin kim olacağı ilə bağlı rəy və mövqeyə malikdir. Bu mənada, Rusiyada yaşayan erməni iş adamı Ara Abramyanın seçkilərdə iştirak edəcəyi ilə bağlı qərarı diqqətçəkəndir. Abramyanın Ermənistanın müharibədə Azərbaycana məğlubiyyətə görə Paşinyanı ittiham etməsi göstərir ki, o, baş nazirə qarşı çıxış edəcək siyasi opponentlərdən biri olacaq.

Mənə elə gəlir ki, Rusiya vaxtilə Gürcüstanda tətbiq etdiyi layihəni Ermənistanda da tətbiq edə bilər. Söhbət Mixail Saakaşvilinin iş adamı Bidzina İvanişvili tərəfindən hakimiyyətdən uzaqlaşdırılmasından gedir. İvanişvili gürcü əsilli iş adamı olsa da, sahib olduğu milyardları Rusiyadan qazanmış şəxsdir. İvanişvili məhz Rusiyanın dəstəyi nəticəsində Gürcüstanda hakimiyyətə gəlib. Düzdür, İvanişvili hakimiyyətə gəldikdən sonra Gürcüstan-Rusiya münasibətlərinə müsbətə doğru dəyişiklik olmadı, amma o, Saakaşvilidən fərqli olaraq, Avropa İttifaqı və NATO-ya inteqrasiyada sürətli addımlar da atmadı. Eyni zamanda, Saakaşvili ilə müqayisədə Rusiya ilə münasibətlərə daha təmkin və ehtiyatla yanaşdı, bu əlaqələrə zərər verəcək addımlar atmaqdan uzaq oldu.

Kreml Ermənistan hakimiyyətinin sükanı arxasında da öz təsir dairəsində olan və onun sifarişlərini yerinə yetirə biləcək bir siyasi zümrənin formalaşmasında maraqlıdır. Bu baxımdan, zamanında Gürcüstanda reallaşdırılmış layihənin Ara Abramyanın simasında Ermənistanda tətbiq olunacağını istisna etmirəm. Abramyan Paşinyandan fərqli olaraq, erməni cəmiyyətinin kəskin ittihamları qarşısında deyil. Üstəgəl, müharibədə Ermənistana maliyyə dəstəyi verib. Bu mənada, Ara Abramyan ermənilərin nəzərində Paşinyan və “Qarabağ klanı” ilə müqayisədə “büllur kimi saf siyasətçi” təsiri bağışlayır. Rusiya niyə belə bir siyasətçidən öz maraqları kontekstində istifadə etməsin? Bu baxımdan, Rusiyanın Ara Abramyanın malik olduğu rolu və imkanlarını götür-qoy etdiyini düşünürəm.

- Rusiya Prezidenti Vladimir Putin ötən həftdə etdiyi çıxışında keçmiş sovet respublikalarını “süni dövlətlər” adlandırdı. Rusiya liderinin bu açıqlamasını necə izah etmək olar?

- Hesab edirəm ki, Putinin bu fikirləri MDB məkanındakı bütün dövlətlərə aid edilə bilməz. Məsələn, Rusiya ilə əməkdaşlıq edən və bu əməkdaşlığın genişləndirilməsində maraqlı olan ölkələrə aid olduğunu düşünmürəm. Rusiyanın Azərbaycanla münasibətlərini bura aid edə bilərik. Putinin bu fikirlərinin Qərbə inteqrasiya edən və onun təsir altında MDB məkanından çıxmağa meylli olan dövlətlərə hesablandığını deyə bilərəm.

1997-ci ildə Azərbaycanın da daxil olduğu GUAM adlı bir təşkilat yaradıldı. Bu təşkilatda Yeltsin iqtidarı dönəmində separatizmdən əziyyət çəkən MDB dövlətləri yer aldılar: Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna. Amma Rusiya Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində öz suveren hüquqlarını bərpa etmək səylərinə başqa rakursdan yanaşdı. Nəticədə bu bölgələr üzərində seuveren hüquqlarını real olaraq itirdi. Ukraynaya gəldikdə, Rusiya Krımı ilhaq etdi. Donetsk və Luqanskda bu ölkə üçün ciddi problem yaratdı. Qərb Kiyevdəki Maydan Hərəkatından sonra nəhəng resurslara malik olan Ukraynanı Rusiyanın təsir dairəsindən qopardı. Amma proseslər göstərdi ki, Rusiyanın da buna müqavimət göstərmək imkanları var. Rusiya Ukraynadakı siyasi elita üçün Krım və Donbas kimi ciddi problemlər yaratdı. Bu, Rusiyanın NATO-nun Şərqə doğru genişlənməsi və məlum MDB dövlətlərini öz ağuşuna alması istəyinə qarşı demarşı idi.

Qərbpərəst Maya Sandunun Moldovada hakimiyyət başına gəlməsindən sonra bu ölkənin də Rusiyadan uzaqlaşması Kremli məmnun etmir. Bu baxımdan, düşünürəm ki, Rusiyanın Azərbaycanla münasibətləri onun Baltikyanı və Mərkəzi Asiya ölkələri, o cümlədən, adıçəkilən dövlətlərlə münasibətlərinin mahiyyətindən daha çox fərqlənir. Açıq demək lazımdır ki, Putinin bu açıqlaması daha çox Baltikyanı dövlətlərə ünvanlanıb. Bu bölgəyə daxil olan üç dövlət vaxtilə SSRİ-nin dağılmasında ciddi rolu olmuşdu. Yeri gəlmişkən, Rusiya Dövlət Dumasının bu məsələ ilə bağlı qərarı var. Bir sözlə, Putin Rusiyanın MDB məkanındakı əvvəlki nüfuzunu bərpa etmək istəyir.

- Sergey Mironovun sədri olduğu “Ədalətli Rusiya” Partiyası qəribə iddia ilə çıxış edir. Partiya hesab edir ki, Rusiya ərazilərinin genişləndirilməsinə nail olmaq lazımdır. Sizcə, bu çağırışın arxasında hansı niyyət durur?

- Mironovun partiyası parlamentdə təmsil olunur. Açıq deyək ki, Mironovun partiyası Putinin dəstəyi ilə qurulub. Yəni Mironov Rusiya liderinə yaxın bir şəxsdir. Hər halda, Jirinovski və Mironov kimi siyasətçilər belə fikirləri təsadüfən səsləndirmirlər. O, Rusiya parlamentində - qanunverici orqanda təmsil olunan bir partiyanın lideridir və məsələyə də bu kontekstdən baxmaq lazımdır. Mironova qədər Jirinovski də dəfələrlə imperiyanın bərpası ilə bağlı açıqlamalar verib. Eyni zamanda Rusiya kommunistləri zaman-zaman SSRİ-nin bərpası yönündə mesajlar verirlər. Ümumiyyətlə, “Rusiyanın MDB məkanındakı əvvəlki nüfuzunun bərpa edilməsi” kimi fikir bu ölkənin siyasi elitasında özünə yer etmiş bir mövqedir. Qənaətimə görə, bu mövqe daxili auditoriyadan daha çox Qərbə ünvanlanıb. Buna şərqə doğru genişlənməyə cəhd göstərən NATO və ya Qərbə qarşı bir demarş kimi baxmaq olar. Yəni Rusiya MDB məkanını öz nüfuz dairəsinə daxil olan məkan kimi Qərbə güzəştə getməyəcək.

Bu kimi fikirlər, eyni zamanda, Rusiyanın ayrı-ayrı siyasi dairələrindəki siyasətçilərin imperiyapərəst baxışlarından da irəli gələ bilər. Rusiya vaxtilə imperiya olmuş bir dövlətdir. Rusiya ilə yanaşı ABŞ da bir fövqəldövlət kimi demokratik qaydalarla idarə olunmayan bir ölkə təsiri bağışlayır. Bu gün Qərb dövlətlərinin hakim siyasi zümrələri ABŞ xüsusi xidmət orqanlarının diqqət mərkəzindədir. Məsələn, Almaniya kanslerinin telefon danışıqları ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) tərəfindən dinlənilir. Donald Tramp ABŞ-da hakimiyyətdə olarkən Avropa dövlətlərinin hakim zümrələrini açıq dillə təhqir edirdi. Baydenin dövlət katibi də bu yaxınlarda Avropa dövlətlərini hədəfə alan açıqlama verdi. Baş verənlər onu göstərir ki, ABŞ da öz maraqları kontekstində ayrı-ayrı dövlətlərin daxili işlərinə qarışır. Bütün bunlar ABŞ-ın demokratik dəyərləri yaymaq istəyindən irəli gəlmir, onun hegemonluq iddiasından xəbər verir. Bu gün ABŞ-ın dünyada 500-dən çox hərbi bazası var. Rusiyanın MDB məkanındakı hərbi bazalarının sayı isə barmaqla sayılmayacaq qədər azdır. Məsələyə bu kontekstdən yanaşdıqda deyə bilərik ki, imperiya xülyaları ilə yaşayan dövlətlərdən biri də ABŞ-dır.

Hesab edirəm ki, Rusiyanın bu ismarışları Qərb və ya ABŞ-ın onun nüfuz dairəsinin olduğu bölgələrdə güclənmək səylərinə qarşı demarşıdır.

Azərbaycan-Rusiya münasibətlərinə gəldikdə, dövlət başçısı İlham Əliyevin rusiyalı həmkarı Vladimir Putinlə normal, işgüzar və isti münasibətləri var. Azərbaycan və Rusiya arasındakı hazırkı münasibətlərin dinamikası da bunu göstərir. Etiraf edək ki, Rusiya İkinci Qarabağ Müharibəsində loyal mövqe tutdu. Ermənistanın müttəfiqi olmasına baxmayaraq, beynəlxalq hüquq normalarına ehtiramla yanaşdı. Hesab edirəm ki, Rusiyanın bu mövqeyi Azərbaycanın Ermənistan üzərində qazandığı qələbənin mühüm səbəblərindən biridir.


Müəllif: Mənsur Rəğbətoğlu