Müharibədən sonra əsasən yenidən iqtisadi güc toplamaq üçün ölkələrə müəyyən zaman lazım olur. Çünki müharibə böyük xərc aparır. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycana Vətən müharibəsində Qələbə qazandırdı. Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra dərhal həmin yerlərdə geniş yenidənqurma, bərpa işlərinə başlayıb. Bu amil ölkəmizin dayanıqlı iqtisadi təminatına əsaslanıb.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat ölkəmizdə geniş şəkildə icra olunan mərhələli Regionların Sosial İqtisadi Dövlət Proqramının əhəmiyyətindən bəhs edib:
“Cənab Prezidentin Hacıqabula səfəri çərçivəsində açılışları edilmiş müəssisələr və infrastruktur layihələri icra edilən dövlət proqramının uğurlu göstəricisidir. Yeni Sənaye Məhəlləsi ölkəmizin sənayeləşməsi prosesini nümayiş etdirir. Regionlarda açılan Sənaye Məhəllələri artıq davamlı proqram xarakteri alıb. Burada bütün infrastruktur layihələri dövlət vəsaiti ilə icra olunur. Sənaye Məhəlləsində fəaliyyət göstərəcək sahibkarlara bütün şərait yaradılır. Eyni zamanda bu sferada təmsil olunan sahibkarlar üçün müəyyən güzəştlər nəzərdə tutulur”.
Millət vəkilinə görə, Sənaye Məhəlləsində açılışı edilmiş 5 müəsissə yeni çeşidli sənaye məhsullarının istehsalına imkan yaradacaq:
“Ölkədə bu məhsullara olan təlabatın ödənilməsinə, o cümlədən qeyri-neft sənayesi ixracınının artmasına səbəb olacaq. 2020-ci ildə dünya iqtisadiyyatı kəskin azalmalara doğru getdiyi halda, Azərbaycanda qeyri-neft iqtisadiyyatı 4, o cümlədən qeyri-neft sənayesi 11,7% artıb. Ölkədə yaradılan yeni sənaye sahələri məhz buna zəmin yaradıb. Hacıqabulda yaradılmış sənaye məhəlləsi həm də bu rayon sakinləri üçün yeni iş yerləri deməkdir. Ümumiyyətlə, bu rayonda yaradılmış Sənaye Məhəlləsi və Aqroparklar rayonunun iqtisadiyyatının güclənməsinə xidmət edəcək. Bu aqrar müəssisələrin rentabelliyi və məhsuldarlığı ənənəvi təsərrüfatlardan dəfələrlə çoxdur. Ənənəvi təsərrüfatlarda taxıl istehsalı 20-30 sentner olduğu halda aqroparklarda və fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentnerə, pambıq istehsalı isə 33,6 sentnerə çatır. Digər kənd təsərrüfatı məhsulların da istehsalının məhsuldarlığı bu təsərrüfatlarda ənənəvi təsərrüfatlardan çox olur. Bu da ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır”.
Azər Badamov qeyd edib ki, Azərbaycanın 31 rayonunda 51-dən çox Aqropark və İri Fermer Təsərrüfatlarının yaradılması nəzərdə tutulub:
“Bunlardan artıq 42-si fəaliyyətə başlayıb. Aqropark və fermer təsərrüfatlarının yaradılmasına dövlət büdcəsindən 2 milyard manat vəsait xərclənib. Bu da aqrar sektorun müasir standartlarla inkişaf etdirilməsinə imkan verir. Dünyanı narahat edən məsələ ölkələrin ərzaq təhlükəsizliyi problemidir. Çox ölkə var ki, ərzaq çatışmazlığı ilə üzləşir. Ölkəmizdə dövlət dəstəyi ilə aparılan uğurlu aqrar siyasət sayəsində kənd təsərrüfatı məhsullarına olan təlabat demək olar ki, ödənilir. Artıq bəzi çeşidli məhsulların ixracı da həyata keçirilir. Bu layihələr işğaldan azad olunmuş ərazilərdə də icra olunacaq. Bu ərazilərin iqtisadi potensialı daha böyükdür. Ona görə də işğaldan azad olunacaq ərazilərdə tikiləcək Sənaye Məhəllələrində və aqroparklarda yeni çeşidli məhsulların istehsalına imkan yaranacaq. Bu da ölkə iqtisadiyyatının daha da güclənməsinə töhfə verəcək. Ümumilikdə qeyri-neft sektorunun sürətli inkişafını təmin edən Sənaye Parkları, Sənaye Məhəllələri və Aqroparkları Azərbaycanın qeyri-neft sektorunu gücləndirir. Müasir şəraitli iş yerləri və sosial rifahın yaxşılaşmasına xidmət edir”.