23 Aprel 2021 19:17
1 403
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndi istiqamətində təxribatı yolverilməzdir. Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelərə Ermənistan hərbi qulluqçularının atəş açması cavabsız qalmamalıdır. Üçtərəfli bəyanatdan sonra Ermənistan tərəfi belə bir adım atırsa, buna mütləq tərəflərin reaksiyası olmalıdır. Onlar acı məğlubiyyətdən nəticə çıxarmalı və hansısa təxribata, revanşist fəaliyyətə yol verməməlidir.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Ermənistan yenə əvvəlki çirkin əməllərindən əl çəkmir və təxribatlar törədir: “Tez-tez Ermənistanda ölkə rəhbərliyi, ayrı-ayrı müxalif partiyalar tərəfindən Azərbaycana qarşı revanşist bəyanatlar səsləndirilir. Cənab Prezident bununla bağlı açıqlamasında dəfələrlə bildirib ki, əgər Ermənistan yenidən baş qaldırmağa çalışsa və təxribatlar törətsə, onun qarşısı qətiyyətlə alınacaq. Ermənilər bunu nəzərə almalıdır. Azərbaycanın rəsmi qurumların yaydığı bəyanatda da bu məsələ öz əksini tapıb. Rusiya tərəfi həmin insanların içkili olduğu üçün bu təxribatı törədildiyini bildirir”.

Ceyhun Məmmədov bu məsələnin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səylərin gücləndirilməli olduğunu qeyd edib: “Bu təxribatlar barədə beynəlxalq qurumları məlumatlandırmalı, ermənilərin bu cür təxribatları davam etdirdiyini ifşa etməliyik. Beynəlxalq ictimaiyyətə çatdırmalıyıq ki, Azərbaycan əslində sülhün və əməkdaşlığın tərəfdarıdır, lakin Ermənistan bunda maraqlı deyil və yenidən təxribatlar törətməyə davam edir. Digər vacib məqam isə bizim o bölgələrdə sürətlə möhkəmlənməyimizdir. Ayrı-ayrı qurumlarımız bunu artıq həyata keçirir. Eyni zamanda müasir strukturun yaradılması istiqamətində də səylərimizi gücləndirməliyik. Paralel olaraq, bizimlə sırf strateji əməkdaşlıq əlaqəsində olan ölkələrlə də bununla bağlı müəyyən fikir mübadiləsinin aparılması xüsusi əhəmiyyət daşıyır. Əsasən də bu məsələdə Türkiyə və bir sıra ölkələrlə birgə əməkdaşlıq çox vacibdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər