4 May 2021 16:56
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan 30 ilə yaxın pozulmuş ərazi bütövlüyünü və sərhəd xəttini bərpa edib. Amma hələ də qarşı tərəf sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı problemlər yaradır. Tarixi sərhədlərinə qovuşan Azərbaycan keçmiş sovet dönəmində olan delimitasiya, demarkasiya xətlərinə istinad edərək öz ərazilərini müəyyənləşdirir. Dövlətlərarası sərhəd xətlərində neytral ərazilər olmalıdırmı? Sərhədlərin təyin edilməsi hansı prinsiplərə əsaslanmalıdır?

Mövzu ilə bağlı Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, erməni siyasi hakimiyyəti 2020-ci il 10 noyabr və 2021-ci ilin 11 yanvar sənədlərinin icbari qaydada həyata keçirilməsini öz maraqlarına zidd hesab edir:

“Xüsusilə də 20-i iyunda keçiriləcək növbədənkənar parlament seçkiləri yaxınlaşdıqca bəhs edilən məsələdə Ermənistan hakimiyyətinin geri çəkilməsi, sözünün üstündə dayanmaması, imzasından imtina etməsi meyilləri diqqətdən yayınmır. Erməni ictimai fikrində belə bir rəy formalaşıb ki, hansı hakimiyyət 10 noyabr, 11 yanvar sənədlərini icra edəcəksə, onun hakimiyyətini itirmək təhlükəsi mövcuddur. Eyni zamanda sərhədlərin müəyən edilməsi məsələsində də müəyyən fikirlər var. Demorkasiya məsələlərində bu hal daha çox özünü büruzə verir.

Razılaşma belə olub ki, sərhədlər müəyyən edilərkən, Sovet İttifaqı dövründə onların mövcud olduqları sərhədlər əsas götürülsün. Həmin zamanda heç bir halda 25 km-lik neytral zonadan söhbət getməyib. Yəni, o dövr üçün də Azərbaycan-Ermənistan sərhəddi mövcud olub və heç bir neytral ərazi məsələləsi olmayıb”.

Deputat xatırladıb ki, indiki razılaşmaya əsasən Sovet İttifaqı dövründəki sərhədlər president götürülür: “O dövr ölkələr hansı sərhədlərə malik olubsa, indi də həmin sərhədlər bərpa olunmalıdır. Əgər bu president olmasa, hətta Azərbaycan Zəngəzur və İrəvən ərazisi ilə bağlı da iddialar edə bilər. Amma mövcud president var. Sovet dövründə mövcud olmuş sərhədlər əsas götürüləcək. Həmin məntiqlə də bu gün demorkasiya prosesləri getməkdədir. Əsasən də erməni tərəfini narahat edən məsələ Sunik ərazisi istiqamətindədir. 30 illik işğal dövründə ermənilər süni şəkildə sərhədlərini genişləndirib. Tarixi Azərbaycan əraziləri məhz Zəngəzur istiqamətində Ermənistan ərazisi kimi xəritəyə salınıb.

Hazırda sovet dövründəki sərhədlərə əsaslanaraq delimitasiya prosesi gedir. Həmin bərpa prosesində məlum olur ki, ermənilər qanunsuz əməllərə imza atıblar. Sərhəd müəyyən edilərkən Azərbaycan kəndlərində qanunsuz məskunlaşdırılmış ermənilər də bu əraziləri tərk etməlidir. Belə olan halda isə etiraz etməyə başlayırlar. Bu məsələdə ittiham olunacaq yeganə ünvan özləridir ki, gəlib başqasının torpağında məskunlaşıblar. Amma bunların qarşısı alınır. Azəarbaycan sərhədçiləri 500 km-lik Ermənistan sərhəddi boyunca yerləşir. Dövlət sərhəddi müəyənləşir. Burada başqa bir yanaşma ola bilməz. Mövcud president var və sərhədlər də ona uyğun həll edilir. Ermənilərin nə istəyib istəməməsi önəm kəsb etmir”.

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa da Teleqraf com-a mövzu ilə bağlı fikirlərini bölüşüb.

O qeyd edib ki, hazırda Azərbaycan Ermənistan arasındakı sərhəd xətti sovet dönəmindəki olan xəritələr üzərindən gerçəkləşdirilir:

“Ona görə də burada hər hansı bir bəhanəyə yer yoxdur. Eyni zamanda hər hansı bir 25 km-lik neytral zonadan da söhbət gedə bilməz. Əgər belə bir hal olarsa, bu ərazini ermənilər təmin etməlidir. Kəndləri boşaldıb geri çəkilməlidirlər. Burada elə məsələlər var ki, onu tam yerinə yetirmək də mümkün olmur. Çünki dağlıq bölgələr və yaşayış məntəqəsi ilə bağlı məsələlər var. Ona görə də konkret sərhəddin olduğu yerdə demarkasiya xəttinin müəyyən olunması vacibdir. Əks halda bu, yenə də yeni bir qarşıdurmaya gətirib çıxaran amil olacaq. Ermənilər də bunu bilərəkdən edirlər ki, hansısa bir təxribat baş versin. Amma bu təxribatlar da onlara çox baha başa gələ bilər. Çünki Azərbaycan Ordusu 44 günlük müharibədə göstərdi ki, o heç də məsələyə başqa cür yanaşmır. Ermənilər məsələyə zarafatcasına yanaşacaqsa, onlara çox ciddi cavab veriləcək.

Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüquqa əsaslanır. Sərhəddə elə yerlər var ki, orada heç 5 metr də geri çəkilmək imkanı yoxdur. Ona görə də xəritədə necədirsə, sərhədlər o cür də həll edilməlidir”.

Partiya sədri son günlər ermənilərin sərhəddə törətmək istədikləri təxribatlara diqqət çəkərək, növbəti cavabın sərt olacağına eyham vurub: “Növbəti dəfə onlar şillə ilə yola salınacaq. Dövlət Sərhəd Xidmətinin zabiti təmkinli və ağıllı davrandı. Bununla da hər hansı bir təxribatın baş verilməsinə imkan vermədi. Amma ermənilər növbəti dəfə belə bir hala əl atsalar, alacaqları zərbənin müqabilində bundan dərs çıxaracaqlar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər