8 May 2021 13:43
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsi dövründə Azərbaycan təkcə hərbi cəhbədə deyil, həm də informasiya cəbhəsində çox böyük tarixi zəfərə imza atdı. Cənab Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Ordumuz Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Eyni zamanda cənab Prezidentin birbaşa informasiya cəbhəsində apardığı mübarizə ilə çox böyük siyasi dividentlər əldə olundu. Xüsusilə Vətən müharibəsi dövründə Prezidentin dünyanın 30-a qədər aparıcı media orqanlarına müsahibələri beynəlxalq ictimai fikrin Azərbaycanın xeyrinə dəyişməsində müstəsna rola malikdir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, həmin müsahibələrdə jurnalistlər bir çox hallarda təxribat xarakterli suallar da sələndirirdi:

“Çalışılırdı ki, Azərbaycan haqqında mənfi bir imic yaradılsın. Amma cənab Prezident mahir diplomatdır. Bir çox hallarda sual verən tərəflərin özünü əks və əsaslı arqumentləri ilə çıxılmaz vəziyyətə salıb. Beləliklə, cənab Prezidentə verilən təxribatçı sualları səsləndirən tərəflərin özləri bundan peşimançılıq çəkirdilər. Bu baxımdan cənab Prezidentin BBC-yə müsahibəsi xüsusilə diqqət çəkir. Dövlət başçısının BBC-yə müsahibəsində səsləndirdiyi arqumentlər dünya ictimaiyyətinin böyük marağına səbəb olub. Xüsusilə sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib”.

Elman Nəsirova görə, cənab Prezident xarici media təmsilçiləri ilə müsahibələrində dövlətimizin müharibə və müharibədən sonrakı dövrü üçün konkret mövqeyini açıqlayıb:

“Cənab Prezident həmin müsahibələrdə Azərbaycanla bağlı qeyri-obyektiv yanaşmaları da ifşa edib. İnsan hüquqları, demokratiya ilə bağlı Azərbaycana öz niyyətlərinə uyğun məsləhət vermək istəyən qüvvələrə tarixi dərs verilib. Azərbaycan demokratik bir dövlətdir. Ölkədə söz, mətbuat azadlığı mövcuddur. Ölüm hökmü, senzura çoxdan ləğv edilib. Ölkə üzrə internet istifadəçilərinin sayı 80 faizdən artıqdır. Məhz bu səbəbdən də Azərbaycana qarşı əsassız iddialar ancaq düşmən qüvvələrin maraqlarına hesablanıb. Məhz dövlət başçısı tərəfindən bu ikili yanaşmalar faktlarla alt-üst edilib”.

Deputat qeyd edib ki, cənab Prezident BBC-yə də müsahibəsində Azərbaycan öz ərazisində döyüş əməliyyatları apadığı bir daha diqqətə çatdırılıb:

“Azərbaycanın heç bir başqa bir dövlətin ərazisində hərbi əməliyyatlar aparmadığı vurğulanıb. Eyni zamanda müharibə, ondan sonrakı dövr üçün Azərbaycan və regionun gələcəyi ilə bağlı dövlət başçısı tərəfindən dünya ictimaiyyətinə dolğun informasiyalar çatdırılıb”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər