“Ümid edirəm ki, gələn ay YUNESKO missiyası Azərbaycana gələcək”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə deyib.
“Uzun illərdir YUNESKO-nu işğal olunmuş əraziləri ziyarət etməyə dəvət etməyə çalışırdıq. Ancaq cavab alırdıq ki, YUNESKO siyasi mübahisələr məsələsinə qarışmır. Belədə bütün işğal illərində YUNESKO missiyası olmayıb. Ancaq İkinci Qarabağ müharibəsi başa çatan kimi YUNESKO-dan bu ərazilərə səfər etməklə bağlı istəklər almağa başladıq. Bu dəyişikliyin baş verməsinə görə şadam. İndi onların gəlişi üçün YUNESKO ilə logistika üzrə danışıqların son mərhələsindəyik”, - dövlət başçısı söyləyib.
Prezident İlham Əliyev onu da qeyd edib ki, Azərbaycan YUNESKO-nun Ermənistan tərəfinin Azərbaycanın milli və mədəni irsi ilə nələr etdiyini görməsini istəyir.