Azərbaycan koronavirus pandemiyası ilə mübarizədə dünyanın ən öndə gedən ölkələri sırasındadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz öz vətəndaşlarının sağlamlığının qorunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Pandemiyanın başladığı vaxtdan etibarən sistemli, qabaqlayıcı tədbirlər görülüb. Əhalinin sağlamlığının qorunması ilə yanaşı sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm proqram və layihələr gerçəkləşdirilib. Həmçinin, ölkəmiz pandemiya ilə qlobal mübarizədə bir sıra təşəbbüslərlə çıxış edib.
Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
O bildirib ki, Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında Prezidenti İlham Əliyevin xüsusi qonaq qismində videoformatda çıxışı mühüm əhəmiyyət kəsb edir:
“Dövlət başçısının sessiyadakı çıxışında ölkəmizin pandemiya ilə mübarizə çərçivəsində gördüyü işlər, eləcə də beynəlxalq müstəvidə təşəbbüsləri diqqətə çatdırılıb. “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” konteksində səslənən fikirlər məhz bu prinsiplərə əsaslanırdı. Vurğulandı ki, pandemiya ilə mübarizənin hazırkı mərhələsində əsas prioritet əhalinin vaksinasiyasıdır. Ölkəmizdə görülmüş müfəssəl tədbirlər nəticəsində karantin rejimi tədricən yumşaldılıb. Cari ilin yanvar ayının ortalarından etibarən peyvənd kampaniyası başlanıb və artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm əhalinin 20 faizini təşkil edir. 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər. Peyvənd olunanlara COVID-19 pasportları təqdim edilir”.
Millət vəkili hesab edir ki, Azərbaycan pandemiya dövründə də ümumbəşəri dəyərlərə sadiq qalan və humanitar təşəbbüslərlə çıxış edən ölkədir:
“Azərbaycan dünya əhalisinin vaksinlə ədalətli şəkildə təmin olunmasının tərəfdarıdır. Azərbaycan bəzi ölkələr tərəfindən ehtiyaclarından bir neçə dəfə artıq peyvənd əldə edilməsini və inkişaf etməkdə olan ölkələri öz əhalisini qorumaq imkanından məhrum etmələrini ictimai şəkildə pisləyib. Davam edən “peyvənd millətçiliyi”, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik narahatlıq doğurur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi azgəlirli ölkələrin payına düşüb. Pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir. Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ etmişdir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ölkəmizin beynəlxalq təşəbbüslərinin önəmini göstərir”.
Sevinc Fətəliyeva pandemiya ilə mübarizədə Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığından bəhs edib:
“Ölkəmiz ÜST-yə 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə dəstəyi verib. Bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bütün bunlar, ölkəmizin pandemiyaya qarşı qlobal mübarizədə verdiyi töhfələrin nümunəsidir”.