Tarixən Qarabağ xanlığının bünövrəsi Ağdamda qoyulub. Bu xanlığın tarixi məhz Boyat kəndindən başlayır. Daha sonra isə bu şərəfli tarix Şahbulaq qalasına keçib. Şahbulaq qalasında Pənahəli xanın imarəti olub. Buradan da Şuşaya çox böyük bir tarixi missiya başlayıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.
O qeyd edib ki, 1988-ci ildən Qarabağda məlum hadisələr başlayandan Ağdam ümid, pənah yeri olub: “Ağdam hər zaman arxa, dayaq missiyasında çıxış edib. O dövr üçün bütün köməkliklər də Ağdamdan umulurdu. Xocalıda ermənilər soyqırımı törədəndə də bu qırğından canlarını qurtaranlar Ağdama pənah gətirmişdi. Ona görə də, Ağdam az qala o dövr üçün Azərbaycanın bir mərkəz şəhəri idi. Sovet dönəmində də bu, belə olub”.
Deputat xatırladıb ki, siyasi arenada olan boşluqlar hakimiyyət uğrunda gedən mübarizə Ağdamın mövqeyini zəiflətdi və bu qədim şəhər ermənilər tərəfindən işğal edildi: “Nəhayət Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müzəffər Ordusu Ağdamı işğaldan azad etdi. Artıq azad Ağdamda cənab Prezidentin rəhbərliyi ilə böyük quruculuq işləri həyata keçirilir. Dövlət başçısı və birinci vitse-prezident Mehriban xanım Əliyeva Ağdama ilk səfərində məscidə müqəddəs Qurani-Kərim hədiyyə etdi. Bununla da o torpaqlarda, tarixi Azərbaycan yurdunda yenidən həyatın bərpası, dini, milli dəyərlərimizin əsl sahiblərinin kimliyi bütün dünyaya açıq şəkildə bəyan edildi”.
Elman Məmmədov sadalayıb ki, ölkə başçısının rəhbərliyi ilə Ağdamın yenidən qurulması və onun modern bir şəhərdə çevrilməsi layihəsinə start verildi: “Cənab Prezident Ağdamda olarkən verdiyi mühüm mesajlar böyük əhəmiyyətə malikdir. Ağdam yeni simasına qovuşduqdan sonra dünyada ən gözəl və inkişaf etmiş şəhərlərdən birinə çevriləcək”.