Dünya idman ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönəlib. İyun ayının 4-dən 6-dək Bakıda "Formula-1" yarışlarının Azərbaycan Qran-Prisi keçiriləcək. Bakı "Formula-1" yarışlarına 2016-cı ildən ev sahibliyi edir. Obrazlı ifadə etsək, "Formula-1"in yeni ünvanlarından olan Bakı indi həm də dünyanın sürət paytaxtıdır. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası "Formula-1" təqviminə ən yeni əlavədir. Dünyada bu yarışı təqribən 500 milyondan artıq tamaşaçı izləyir. Bu göstərici ilə "Formula-1" tamaşaçı sayının çoxluğuna görə futboldan sonra ikincidir. Ona görə belə mötəbər avtomobil yarışının Azərbaycanda keçirilməsi olduqca vacibdir.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.
Deputatın fikrincə, Azərbaycan ilk dəfə deyil ki, beynəlxalq maraq kəsb edən, bütün dünyada idmansevərlərin izlədiyi populyar idman yarışlarına ev sahibliyi edir:
“Ölkəmiz son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilib. Son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunur”.
Millət vəkili xatırladıb ki, birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi də bu hərəkata verilən mühüm töhfə idi:
“Bu, eyni zamanda Bakıda olimpiya oyunlarını təşkil etmək imkanına malik idman infrastrukturunun mövcud olması demək idi. Bütün Avropa və dünya Azərbaycanın timsalında beynəlxalq idman yarışına ideal ev sahibliyinin nümunəsini gördü. Bu mötəbər idman yarışını yüksək səviyyədə təşkil etməklə Azərbaycan Avropanın idman tarixinə öz imzasını qoydu. IV İslam Həmrəyliyi Oyunlarında da Azərbaycana yüksək səviyyədə ev sahibliyi etmək imkanı verdi. Bütün müsəlman aləminin təmsil olunduğu bu beynəlxalq idman yarışına da Azərbaycanın ev sahibliyi etməsi ölkəmizə göstərilən böyük etimadın təcəssümü idi. “Formula 1” Qran Prisi də uzun müddət xatırlanacaq. İzləyicilərə həyəcanlı və sevincli anlar bəxş edəcək. Çünki bu yarışların təşkilatçısı mötəbər idman turnirlərinin keçirldiyi əsas ünvanlardan olan və dünyada idman dövləti kimi tanınan Azərbaycandır”.