14 İyun 2021 11:31
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində erməni işğalına son qoydu və ərazi bütövlüyümüz təmin edildi. Bu gün o torpaqlardan didərgin düşmüş insanlar tez bir zamanda öz ata-baba yerlərinə dönmək istəyindədir. Amma 30 ilə yaxın erməni vandalları işğalda saxladığı ərazilərdə bütün yaşayış yerlərini yerlə-yeskan edib. Digər bir təhlükə isə ermənilərin bu əraziləri minalamasıdır. Düşmənin məqsədi o olub ki, azərbaycanlılar mümkün qədər ərazilərə gec məskunlaşsın, gələcəkdə mümkün quruculuq-bərpa işləri ləngisin və daha çox Azərbaycan vətəndaşının itkisinə, xəsarət almasına nail olunsun. İndiki reallıqda ən mühüm vəzifə ərazilərin mümkün qədər tez bir zamanda minalardan təmizlənməsidir. Bu məqsədlə dövlətimiz bütün mümkün imkanları səfərbər edib. Amma sözsüz ki, 30 ilə yaxın minalanmış bütöv bir ərazini qısa zamanda təmizləmək qeyri-mümkündür. Ermənistan isə minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə,qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Komitə sədri bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyən Ermənistan minalanmış ərazilərin xəritələrini verməməklə insanlığa qarşı açıq təhlükə yaratmaq niyyətini ortaya qoyub:

“Son zamanlar Azərbaycan sərhədində baş verən təxribatlar da Ermənistanın məkirli siyasətinin göstəricisidir. Ermənistan bununla 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli bəyanatın bəndlərini pozub. İşğalçı dövlətin mənfur niyyətini ifşa etmək məqsədilə Prezident İlham Əliyev bütün beynəlxalq platformalarda Azərbaycan torpaqlarının minalanması məsələsini qaldırıb. Beynəlxalq ictimaiyyətdən bu məsələyə müdaxilə edərək Ermənistanı qeyri-insani siyasətə son qoymağa çağırmaları tələb olunub. Nəhayət, ölkə başçısının prinsipial mövqeyi, parlaq diplomatik bacarığı, siyasi iradəsi nəticəsində Azərbaycan növbəti dəfə uğur əldə etdi. Əldə edilmiş razılığa əsasən, 2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etdi. Bunun müqabilində isə saxlanılan 15 nəfər erməni ölkəsinə təhvil verildi. Bir rayon üzrə basdırılmış 100 minə yaxın minanı aşkarlamaq, zərərsizləşdirmək üçün uzun zaman lazım idi. Məhz xəritələrin verilməsi nəticəsində Ağdam ərazisinin minalardan təmizlənməsi prosesi sürətlənəcək. Rayonda bərpa işləri və əhalinin əzəli toraqlarına qayıtması prosesi tezləşdiriləcək”.

Professor hesab edir ki, Azərbaycan humanist addımı ilə regionda sülhə və təhlükəsizliyə töhfə verməyə hazır olduğunu nümayiş etdirdi:

“Bu humanitar aksiya beynəlxalq ictimaiyyətin Ermənistanın mina xəritələrinin verilməsi məsələsinə diqqəti artırdı. Ermənistan bundan sonra mina xəritələri üzrə manipulyasiya edə bilməyəcək. Artıq onların bu yalanı ifşa olundu. Eyni zamanda, ABŞ Dövlət Departamentinin və Avropa Birliyinin, ATƏT-in İsveçin sədrliyi ilə bu məsələdə fəal iştirakı Azərbaycanın haqq işinin təbliğində mühüm amildir”.

Hicran Hüseynova qeyd edib ki, artıq bütün mötəbər qurumlar kimin haqlı və humanist olduğunu bir daha gördü:

“Gürcüstanın Baş naziri İrakli Qaribaşvili başda olmaqla, bu ölkənin dəstəyi təqdir olunur. Bu, Azərbaycan diplomatiyasının növbəti qələbəsidir. Bütün bunlarla paralel mina xəritələrinin əldə olunması minlərlə vətəndaşımızın, xüsusilə də minatəmizləyənlərin, hərbi qullluqçuların həyatını və sağlamlığını təhlükədən qoruyacaq. Ölkə başçısı tərəfindən Ağdamda əsası qoyulan yenidənqurma layihələri və məcburi köçkünlərin qayıdışı prosesi daha da tezləşəcək”.


Müəllif: Tapdıq Qurbanlı