21 İyun 2021 18:15
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni xalqı növbədənkənar parlament seçkilərində sülh istədiyini bəyan etdi. Onlar müharibədən artıq yorulublar, beziblər. Belə qənaətə gəlmək olur ki, Ermənistan silahlı qüvvələrinin əsgər və zabitləri də sülhün lehinə səs veriblər. Paşinyanın əli-qolu açılıb və yeni şəraitdə əməkdaşlıqlarla bağlı əla imkan əldə edib.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərində Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası 53,92 faiz səs toplayaraq qalib gəlib:

“Ermənistan Mərkəzi Seçki Komissiyasının bununla bağlı mövqeyi artıq bəllidir. Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" bloku 21,04 %, sabiq Prezident Serj Sərkisyanın "Mənim şərəfim var" bloku isə 5,23% səs toplayıb. Bu o deməkdir ki, Sərkisyanın bloku lazım olan 7%-lik səsi toplaya bilmədiyi üçün ümumiyyətlə parlamentə düşə bilməyəcək”.

Deputat hesab edir ki, Paşinyan Ermənistanda revanşistlərin önündə ən böyük maneə idi:

“Onun yaratdığı barieri aşmaq mümkün olmadı. Təsadüf deyil ki, əvvəlki qalibiyyətini "Məxməri inqilab" adlandıran Paşinyan indi baş vermiş hadisəni "Polad inqilab" adlandırıb. Şuşanı, Hadrutu geri alacaqlarına dair sərsəm bəyanatlar verənlərə erməni xalqı sülh istəyi ilə cavab verdi. Onlar müharibədən artıq yorulublar, beziblər”.

Elman Nəsirov Ermənistandakı seçkilərin Azərbaycana təsirindən də bəhs edib:

"Birincisi, Köçəryan Prezident İlham Əliyevin sülh təklifinə həm də seçkilərlə əlaqədar olaraq etiraz edirdisə, Nikol Paşinyanın bizim sülh təklifimizlə razılaşacağı istisna edilmir. Yəni, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. İkincisi, Zəngəzur dəhlizinin işə salınması real məzmun kəsb edə bilər. Nikol Paşinyan bu məsələdə mövqeyini bildirmişdi, lehinə olduğunu demişdi. İndi isə bütün bunları reallaşdırmaq və prinsipial mövqe ortaya qoymaq üçün unikal şərait yaranıb. Üçüncüsü isə, Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim edəcəyini hesab edirəm. Çünki bunun alternativi yoxdur. Əks halda, əməkdaşlıq mühitindən söhbət gedə bilməz. Nəhayət, Nikol Paşinyanın Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təklif etdikləri altılıq platformasına qoşulması labüd ola bilər. Yəni Ermənistanın da bu prosesin tərkib hissəsi olması mümkündür. Beləliklə, regionda yaranan yeni şərait özündə əməkdaşlığı ehtiva edir. Əsas məqam ondan ibarətdir ki, erməni xalqı müharibəyə "yox" dedi".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər