Müharibədən sonra Azərbaycan və Ermənistan arasında sərhəd xəttinin müəyyənləşdirilməsi və sərhədçilərinin sərhədlərimizdə mövqe tutması üçün sistemli iş aparılır. Ermənistan tərəfi isə bu prosesi pozmaq və Azərbaycana aid olan əraziləri hansısa yollarla yenə də öz nəzarətində saxlamaq üçün müxtəlif təxribatlara əl atır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
Deputat erməni təxribatlarının hər zaman olduğu kimi bu dəfə də Azərbaycanın güclü ordusu tərəfindən alındığını söyləyib: “Ancaq görünən odur ki, bu təxribatlar davam edə bilər. Xüsusilə, Kəlbəcər rayonu istiqamətində ermənilərin təxribatçı fəaliyyəti görünməkdədir. Ərazinin, keçid yollarının minalanmasına cəhdlər, ikisi jurnalist, biri dövlət məmuru olmaqla, Azərbaycan vətəndaşlarının minaya düşməsi faktlı bu ərazidə etibarlı sərhəd qorunmasını tələb edir. Bu işdə elektrik enerjisi təminatı vacibdir”.
Millət vəkili hesab edir ki, ölkə başçısının Kəlbəcərlə bağlı sərəncamını zəruri edən də əsasən bu səbəblərdir: “Rayon ərazisində elektrik enerjisi təchizatının qurulması həm digər sahələrdə infrastruktur işlərinin sürətlənməsinə, həm də Kəlbəcərə qayıdış prosesinə müsbət təsirini göstərəcək. Bu baxımdan, kəlbəcərlilər adından cənab prezidentə öz minnətdarlığımızı çatdırırıq”.