Füzuli və Zəngilan rayonları ərazisində basdırılmış onminlərlə mina xəritələrinin Azərbaycana verilməsi ilk növbədə Prezident İlham Əliyevin siyasətinin, diplomatik məharətinin növbəti uğurudur. Ağdamdan sonra daha iki rayonda basdırılmış mina xəritələrinin Azərbaycana təqdim edilməsi bölgədə aparılan infrastruktur işlərinə böyük töhfə verəcək.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O bildirib ki, hazırda işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri aparılır:
“Paralel olaraq minatəmizləmə missiyası da həyata keçirilir. Mina xəritələrinin verilməsi hər iki işin icrasına sürət gətirəcək. Hazırda bu xəritələrin dəqiq olub-olmaması ilə bağlı fərqli fikirlər var. Hər halda, Azərbaycan dövləti o xəritələri qəbul edərkən, orada göstərilən yerlərdə nümunə üçün axtarış işləri aparılır. Ona görə də düşünmək olmaz ki, Azərbaycan bu xəritələri yoxlamadan, sadəlövhcəsinə qəbul edirik. Digər tərəfdən, xəritə və məhbusların mübadiləsində vasitəçi kimi iştirak edən ABŞ və ya Rusiya bu xəritələrin dəqiqliyinə məsuliyyət daşıyırlar və qarant dururlar”.
Aqil Məmmədova görə, bu yaxınlarda Kəlbəcərdə iki mina partlayışı, nəticədə insan tələfatı göstərdi ki, bu ərazidə də mina təhlükəsi qalmaqdadır:
“Xüsusilə Murovdağ aşırımı istiqamətində kütləvi mina basıdırılması realdır. Yazda qarın əriməsindən sonra bu istiqamətdə basdırılmış minalar üzə çıxır. Biz ümid edirik ki, Ermənistan konstruktiv mövqe tutaraq digər rayonların, o cümlədən, Kəlbəcərin ərazisində basdırılmış mina xəritələrini də təqdim edəcək. Bunun alternativi yoxdur. Müharibə, münaqişə bitibsə, insan itkisinə səbəb olan vasitələrin gizli saxlanılmasından çəkinmək lazımdır. Beynəlxalq hüquq və humanizm prinsipləri bu yanaşmanı tələb edir”.