8 İyul 2021 21:09
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Qafqazın ikinci ən böyük çayı, Zəngilan rayonu ərazisindən keçən Oxçuçayın çirkləndirilməsi, bioresurslarının məhv edilməsi haqlı olaraq Azərbaycanda ictimai narazılığa səbəb olub. Çünki Ermənistanın dağ-mədən şirkətlərinin fəaliyyəti Oxçuçayda fəlakətli vəziyyət yaradıb.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

O qeyd edib ki, bu prosesdə Almaniyanın CRONIMET Holding GmbH şirkəti yaxından iştirak edib: “Təəssüf ki, Azərbaycan mediasının Almaniya səfirliyinə müraciətinə səfirin cavabı diqqəti şirkətin üzərindən yayındırmaq məqsədi daşıyıb. Hər zaman ekoloji məsələlərlə xüsusi canfəşanlıq nümayiş etdirən Yaşıllar partiyası isə ümumiyyətlə, müraciətə məsələyə laqeyd yanaşaraq, Azərbaycana ayırmaq üçün vaxtlarının olmadığını qeyd etməklə qərəzini gizlədə bilməyib”.

Deputat bildirib ki, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terror prosesində xarici, xüsusilə də Qərb şirkətlərinin iştirakına dair çoxsaylı faktlar mövcuddur: “Yəni, bu faktlar Azərbaycan mediasına bəllidirsə, şübhəsiz, alman mediası da bu faktlardan bixəbər deyil. Lakin təəssüf ki, biz məsələyə obyektiv yanaşma görə bilmirik. Əslində, bu, ölkəmizə münasibətdə ilk hal deyil. Azərbaycan cəmiyyəti yaxşı xatırlayır ki, Almaniya mediası müxtəlif illərdə Azərbaycana qarşı Soros şəbəkəsi tərəfindən təşkil edilən qarayaxma kampaniyalarında fəal iştirak edib. Qarayaxma kampaniyalarının təşkilində Soros şəbəkəsinin Azərbaycanda özəl maraqları, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi və xarici tərəfdaşlarının sayının artmasından doğan narahatlıq aydın sezilirdi. Bu gün isə Azərbaycanın Böyük Qələbəsinə qısqanclıqla yanaşanlar kifayət qədərdir. Xatırlatmaq yerinə düşər ki, Eurovision-2012, Bakı 2015 ilk Avropa oyunları və digər nüfuzlu tədbirlər zamanı Almaniya mediası Azərbaycana qarşı aqressiv mövqeyilə “fərqlənirdi”. Bu gün yenə eyni tendensiya davam edir. Burada ən çox hiddət doğuran məqam Almaniya hökumətinin mövqeyidir. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi ekoloji terrorda Almaniya şirkətinin iştirak etdiyi təsdiqini tapdıqdan və Azərbaycan ictimaiyyətinin bu məsələni beynəlxalq səviyyədə gündəmə gətirməsindən sonra Almaniya hökuməti problemdən diqqəti yayındırmaq üçün mediada Azərbaycana qarşı kampaniya təşkil etdi. Təbii ki, burada seçkilər ərəfəsində Almaniya hökumətinin ciddi ittihamlardan yaxa qurtarmaq cəhdi də diqqətdən yayınmır. Amma istənilən halda, burada söhbət ekosid kimi qlobal təhlükədən, Xəzər hövzəsinin çirklənməsindən gedir. Yəni, məsələ kifayət qədər ciddidir”.

Millət vəkili söyləyib ki, Oxçuçayın çirklənmiş kadrlarını izlədikdə orada nadir balıq növlərinin məhv olduğunu, eyni zamanda suyun rənginin kəskin dəyişdiyini görürük: “Ekoloqlar isə bildirir ki, çayda maksimum səviyyədə çirklənmə qeydə alınıb. Biz bu faktlarla bağlı beynəlxalq miqyasda müraciətləri davam etdirməliyik. Çünki çirklənmənin davam etməsi daha ciddi fəsadlara yol aça bilər. Mövcud faktlar Ermənistanın ekosid cinayətinə görə beynəlxalq hüquq qarşısında cavab verməsi üçün yetərlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər