Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fazil bəy, Moskvada Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli danışıqları keçirildi. Görüşün nəticələrini necə analiz etmək olar?
- Bu məsələlərin bilavasitə açarı hazırda Rusiyadadır. İndi Rusiya Ermənistanla bağlı məsələlərin həllində bəlli bir missiyanı öz üzərinə götürüb. Bu missiyanın uğurla həll edilməsindən çox şey asılıdır. Çünki Rusiya problemə nə dərəcədə yanaşacaqsa, o dərəcədə də bölgədə barış, sülh həllini tapacaq. Amma burada hansısa bir qarışdırıcı mövqenin dəstəklənməsi proseslərin müəyyən dərəcədə gələcək inkişafını bizim atdığımız addımlardan daha çox asılı edəcək. Xüsusilə də Türkiyənin prosesə cəlb olunması Qərbin burada nə dərəcədə iştirak etməsi ilə bağlı məsələlər müəyyən olunacaq. İndiki halda biz özümüz də Moskva vasitəsi ilə bir sıra məsələlərin həll edilməsinə daha çox üstünlük veririk. Sərhədin tanınması, dəqiqləşdirilməsi, Qarabağda erməni hərbi birləşmələrinin silahsızlaşdırılaraq bölgədən çıxarılması, qanunsuz miqrasiya kimi başqa məsələlər hazırda Rusiya üzərindən həll edilməyə çalışılır. Eyni zamanda rus sülhməramlı qüvvələrinin statusuna uyğun davranmasını tələb olunur.
- Sizcə proseslərin hazırkı inkişaf səviyyəsi nə dərəcədə qənaətbəxş görünür?
- Bu məsələlərdə tələskənliyə də yol vermək olmaz. Çünki Ermənistanın da daxili mühitində atılacaq addımların necə əngəllənməsi gözlənilməlidir. Yenidən seçkidə uğur qazanmış hakimiyyət hər bir addımı atanda ehtiyyatını əldən vermək istəmir. Həmçinin bunun özünə qarşı hansısa bir sosial-siyasi müqavimətə çevrilməsinə yol verməkdən ehtiyyat edir.
- Paşinyan son açıqlamasında qonşularla - xüsusilə Türkiyə ilə əlaqələrdə maraqlı olduğunu deyib. Bunu necə şərh etmək olar?
- Görünən mənzərə odur ki, reallıqla barışıblar. Paşinyanın da son açıqlamaları göstərir ki, Türkiyə ilə münasibətlərin qurulmasına maraq var. Bu, bizim üçün də çox önəmlidir. Eyni zamanda bu onu göstərir ki, müəyyən dərəcədə sülh sazişinin imzalanmasına da işarələr var. Bütün hallarda bu prosesin gedişində erməni tərəfinin də Moskvaya üz tutması Rusiyanın dəstəyi ilə problemləri həll etmək istəkləri ilə bağlıdır. Çünki bundan başqa yolları yoxdur. Ermənistan öz potensialı ilə bunu edə bilməyəcək.
- Ermənistanın Azərbaycanla birbaşa dialoqu mümkündürmü?
- Hazırda belə bir mərhələdə birbaşa dialoq mövcud deyil. Dialoqların hamısı son bir ildə Moskva vasitəsi ilə edilib. Əvvəllər başqa şəhərlərdə gedən danışıqlar indi Moskvada aparılır. Ona görə də bunu təbii qəbul etmək lazımdır. Moskvanın bu prosesdə oynayacağı rol haqqında bizim yekun məlumatlarımız da yoxdur. İmperiya dövlətinin hansı siyasəti izlədiyi əvvəlki illərin təcrübəsinə dayanır. Bu baxımdan daha çox kommunikasiya xətlərinin açılması və bölgənin inkişafı Rusiyanın da faydasına uyğun olacaq model daha çox düşündürücüdür. Digər alternativlər də ortaya çıxarsa, öz müttəfiqlərimizlə bu məsələni müzakirə edib bir nəticəyə gəlmək olar.
- Müdafiə naziri Zakir Həsənov qardaş Türkiyədə səfərdədir. Yeni bir strateji plandan danışmaq nə dərəcədə doğru olar?
- Hazırda müdafiə naziri qardaş ölkədə danışıqlar aparır. Rusiyanın, Ermənistanın addımları ilə bağlı Türkiyənin dəqiq məlumatlandırılmasına ehtiyac var. Biz qardaş ölkə ilə birlikdə alternativ strategiyaları da hazırlayıb ortaya qoya bilərik.
- Erməni tərəfinin ATƏT-in Minsk qrupunu yenidən prosesə qoşmaq istəməsi təşəbbüsünə Azərbaycan hansı şəkildə münasibət göstərməlidir?
- Bu o qədər də effektli bir yol deyil. Ermənistanda da bunu bilirlər. Sadəcə olaraq Ermənistan ona görə ATƏT-in Minsk qrupunu bu prosesə qoşmaq istəyir ki, o, Avropa Birliyindən maddi dəstək alır. Bu ölkədə istehsal böhran vəziyyətindədir, yaşayış standartları xeyli aşağı düşüb. Avropanın bu prosesdən kənarlaşması Ermənistanın daha çox məhvə doğru getməsi deməkdir. Rusiya hər nə qədər Ermənistana silah-sursat dəstəyi versə də, çörək verə bilmir. Ermənistan çörək axtarışına görə, mütləq Avropanın da işin içində olmasını istəyir. Amma özü də reallığı başa düşür ki, Avropa burada hər hansı bir şəkildə fiziki güc gətirəcək imkana sahib deyil. Buna nə Azərbaycan yol verəcək, nə də ki Rusiyanın marağında deyil. Ona görə də Ermənistanın heç özünün də marağında deyil ki, ATƏT-lə sıx işləsin. Çünki bu prosesləri daha da qarışdıra və Rusiya ilə onu üz-üzə qoya bilər. Məhz bu səbəbdən də Ermənistanın ATƏT-lə bağlı istəyi sırf Avropadan alınan maddi yardımın kəsilməməsi və müəyyən dərəcədə Azərbaycana təzyiqlərin edilməsi ilə bağlıdır. Amma real vəziyyəti erməni tərəfi də anlayır ki, ATƏT-in Minsk qrupunun bu prosesə müdaxilə etmək imkanları xeyli məhdudlaşıb.