10 Sentyabr 2021 09:14
3 920
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycandan əvvəl Türkiyə bu təcrübəni Suriya və Liviyada həyata keçirmişdi. Türkiyənin bu uğurlarını Qarabağda təkrarladıq. Bu da dünyanın hərbi sənayesində dönüş nöqtəsi oldu. Görünür, Rusiya və onun sülhməramlıları bundan narahatdır, bunun qarşısını almaq üçün də hazırlıqlar görməyə başlayıblar. Onsuz da Laçın dəhlizi Azərbaycan ərazisindədir, yəni bizimdir. Əgər Rusiya sülhməramlıları həmin ərazilərdə belə təlimlər keçirirlərsə, bunu bizə yönəlmiş mesaj kimi qəbul edirik”.

Politoloq Yeganə Hacıyevanın Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Son günlərdə Azərbaycan və Türkiyə arasında keçirilən hərbi təlimlər intensivləşib. Bu hərbi məşqlər nədən xəbər verir?

- Belə təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi sazişlər, anlaşmalar əsasında mütəmadi olaraq keçirilir. Xüsusən də son illərdə bu yöndə aktivlik müşahidə olunur. 2019-2020-ci illərin yay aylarında isə Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin daha genişmiqyaslı hərbi təlimlərinin keçirildiyini gördük. 2020-ci ildə təlimlər üçün Azərbaycana gələn Türkiyə hərbi qüvvələri məşqlər başa çatdıqdan sonra da ölkəmizdə qaldılar. Türkiyə ordusunun “F-16” qırıcıları da bu təlimlər çərçivəsində Azərbaycana gəlmişdi. Türk qüvvələri və qırıcıları 44 günlük Vətən müharibəsində proseslərə müdaxilə etmək istəyən üçüncü dövlətlərin qarşısını almaq üçün ən güclü arqumentlərdən birinə çevrildi. Yəni bunun təsirini 44 günlük müharibədə hamımız gördük.

Vətən müharibəsindən sonra Türkiyə-Azərbaycan hərbi münasibətləri daha yüksək və ya yeni səviyyəyə qalxdı. Yekun olaraq, Azərbaycan və Türkiyə liderləri bu ilin mayında Şuşada müttəfiqlik haqda bəyannaməyə imza atdılar. Bu bəyannamə bütün sahələri əhatə edir, eləcə də ölkələrin ərazi bütövlüyünü müdaxilə zamanı qarşılıqlı yardımı nəzərdə tutur. Çox az ölkə arasında belə əhatəli sazişlər var. Məsələn, Azərbaycan və Türkiyə ilə yanaşı, belə bir sənəd ABŞ və İngiltərə arasında imzalanıb. Amma dünyada belə sazişlərin sayı çox azdır. Ayrıca bu sənəddə mütəmadi olaraq Azərbaycan və Türkiyədə birgə hərbi təlimlərin keçirilməsi də nəzərdə tutulub. Bunlar da Azərbaycan Silahlı Qüvvələrinin texniki, taktiki və kadr imkanlarının daha da yaxşılaşdırılmasına xidmət edir. Bilirik ki, Türkiyə Silahlı Qüvvələri dünyada özünü ən yaxşı ordulardan biri kimi təsdiq edib. Biz də onların təcrübələrini öyrənirik.

- Eyni zamanda, Laçında Azərbaycan-Türkiyə birgə hərbi təlimləri davam edir. Bəs təlimlər üçün niyə Laçın seçildi?

- Bu təlimlər Laçın dəhlizinin ətrafında keçirilir. Bu təlimlərin Laçında keçirilməsini sürətləndirən amillərə gəldikdə, təxminən bir həftə öncə müəyyən ərazilərdə müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlıları Laçın dəhlizində hərbi təlimlər keçirmişdilər. Bir məqamı bildirim ki, sülhməramlıların belə təlimlər keçirməsi nonsensdir. Rusiyadan da hər cür nonsens gözləmək olar. Rusiya onu göstərir ki, bu, onun sülhməramlıları üçün də ola bilər. Təlimlərə gəldikdə, Rusiya sülhməramlılarının bu məşqləri Laçın dəhlizinin qorunmasına yönəlib. Bu məqsədlə də sülhməramlılar PUA-lara qarşı mübarizə məşqləri çərçivəsində taktiki döyüş tapşırıqları olan təlimləri keçirdilər.

Bilirik ki, 44 günlük Vətən müharibəsində PUA-lar həlledici rol oynadı. Bu PUA-lar nəinki müharibənin gedişatını, dünyanın hərbi sənayesinin istiqamətini dəyişdirdi. Müasir texnoloji inkişafın bir hissəsi olan PUA-larla daha az itki ilə daha böyük nəticələrin əldə edilməsinin mümkünlüyünü göstərdik.

Azərbaycandan əvvəl Türkiyə bu təcrübəni Suriya və Liviyada həyata keçirmişdi. Türkiyənin bu uğurlarını Qarabağda təkrarladıq. Bu da dünyanın hərbi sənayesində dönüş nöqtəsi oldu. Görünür, Rusiya və onun sülhməramlıları bundan narahatdır, bunun qarşısını almaq üçün də hazırlıqlar görməyə başlayıblar. Onsuz da Laçın dəhlizi Azərbaycan ərazisindədir, yəni bizimdir. Əgər Rusiya sülhməramlılar həmin ərazilərdə belə təlimlər keçirirlərsə, bunu bizə yönəlmiş mesaj kimi qəbul edirik. Qənaətimə görə, bu baxımdan, Laçında keçirilən birgə təlimləri də bizə barmaq silkələyənlərin mesajlarına cavab kimi də baxmaq olar.

- Son günlərdə müzakirə olunan məsələlərdən biri də Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına hazırlığın getməsi ilə bağlıdır. Hətta iddia var ki, payızda Moskvada belə bir müqavilə imzalana bilər. Bununla bağlı sizin proqnozunuz nədir?

- 10 noyabr bəyanatı münaqişənin həll edilməsində, bölgədəki kommunikasiyaların açılması yöndə gedən prosin bir mərhələsidir. Amma həlledici mərhələ deyil. Bunu daha çox “aralıq mərhələ” adlandırmaq olar. Hələ 44 günlük müharibədən əvvəl də deyirdik ki, Qarabağ münaqişəsi bölgənin kommunikasiya imkanlarını limitləyir. Bu məsələnin 10 noyabr bəyanatında yer alması bizim nə demək istədiyimizi ortaya qoydu. İndi Azərbaycan, Rusiya və Ermənistan aralıq mərhələdədir.

Rusiya 10 noyabr anlaşmasının imzalanmasından sonra çalışır ki, Cənubi Qafqazda kommunikasiyaların açılması prosesi daha çox onun xeyrinə olsun. Burada söhbət Rusiyanın Cənubi Qafqazdan kənardakı oyunçularla mübarizəsindən gedir. Amma bu kommunikasiyalar Azərbaycanın mərkəzindən Avropaya uzanan Gəncə dəhlizinə alternativ deyil. Rusiyanın Zəngəzur dəhlizinin açılmasında marağı da Gəncə dəhlizinə alternativ qurmaqdır.

Kommunikasiyaların açılması yönündəki prosesin əsas iştirakçılarından biri də Türkiyədir. Mövcud konfiqurasiyada Türkiyə də mövcuddur. Türkiyə burada öz maraqları ilə yanaşı, Azərbaycanın da maraqlarını müdafiə edir.

Hesab edirəm ki, bu aralıq mərhələdən sonra sülh mərhələsi olmalıdır. Amma hazırda Rusiya sülhməramlıları və Ermənistanın davranışına baxanda sülh sazişinin hansı tarixdə imzalanacağı ilə bağlı fikir bildirmək çətin olur. Çünki 10 noyabr bəyanatının imzalanmasından ötən 10 ay ərzində Qarabağdakı erməni qanunsuz silahlıları hələ də bölgədən çıxarılmayıb. Üstəgəl, Ermənistan Azərbaycanın tələbləri olan digər bəndləri yerinə yetirməyib. İlk növbədə, Azərbaycanın işğaldan azad edilmiş rayolarında yaşayan ermənilər Xankəndi və Rusiya sülhməramlılarının nəzarət etdiyi digər ərazilərə köçürüldü. Həmin ermənilərin sayı ilə bağlı şişirdilmiş rəqəmlər təqdim edirlər.

Rusiya sülhməramlılarının Qarabağa gətirdiyi erməni qaçqınlarının sayı ilə BMT-nin qaçqınlar üzrə Ermənistan nümayəndəliyinin təqdim etdiyi say arasında iki dəfə fərq var. Rusiya sülhməramlılarının açıqladağı say Azərbaycan və BMT-nin Ermənistan nümayəndəliyinin bildirdikləri saydan iki dəfə çoxdur. Aydın məsələdir ki, orada sülhməramlıların dediyi qədər insan yoxdur.

Qarabağdakı Rusiya sülhməramlılarının mandatı yoxdur. İndi də onlar öz mandatlarından kənar işlərlə məşğuldurlar. Yəni bəndlər üzrə bir neçə həll edilmişəmiş problem var. Əgər deyirlərsə ki, saziş payızda imzalanacaq, o zaman baxmaq lazımdır ki, bəndlər üzrə həmin problemlər həllini tapıbmı? Amma biz görürük ki, bu məsələlər həllini tapmayıb. Bunlar da olmadan sülh müqaviləsini imzalamaq mümkün olmayacaq. Ən əsası isə bu sazişin ana bəndi, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır.

- Bəs Ermənistan Baş naziri Nikol Paşinyanın sülh danışıqlarına hazır olması ilə bağlı açıqlamasını necə başa düşək?

- Paşinyan bu gün bildirir ki, Qarabağda gedən proseslər Ermənistana aid deyil. Qənaətimə görə, bu, Ermənistanın yox, Rusiyanın oyunudur. Rusiya Abxaziya, Cənubi Osetiya və Donetskdə olduğu kimi, Xankəndidə də qondarma təsisatların yaradılmasında iştirak edir. Paşinyanın sülh danışıqları ilə bağlı açıqlamasını da manevr olaraq qəbul etməliyik.

Hesab edirəm ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr çıxarılmamış, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımamış sülh sazişinin imzalanmasından söhbət gedə bilməz. Ən azı bu məsələlər həllini tapmadan Azərbaycan buna getməyəcək. Əgər Rusiyadakı seçkilərə qədər Qarabağda sakitlik üçün Putinə tələsik sülh sazişi lazımırsa, bizə lazım deyil. Rusiya seçkilərdən əvvəl bununla özü üçün “uğur hekayəsi” yazmaq istəyir. Azərbaycan üçün bu problemlərin həlli vacibdir, Rusiyanın nə istəməsi yox.

Hesab edirəm ki, yaxın perspektivdə müəyyən problemlərin həlli ilə bağlı tərəflər arasında tədbirlər planı imzalana bilər. Amma burada sülh sazişi məsələsinin yer alacağına inanmıram. Bunun üçün üçtərəfli görüşün keçirilməsi də mümkündür. Sülh sazişinə gəldikdə, payızda bunun imzalanacağına inanmıram.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər