22 Sentyabr 2021 17:43
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Parlament Assambleyasının bir qrup üzvü tərəfindən bir müddət öncə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən kütləvi şəkildə yerləşdirilmiş minaların xəritələrinin verilməsinin təcililiyini tələb edən bəyanat yayılması çox doğru addımdır. Bu onu göstərir ki, həmin bəyanata imza atan Avropa parlamentariləri haqqın və ədalətin tərəfindədir.

Bu fikirləri Teleqraf.com-a Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, dövlətimiz mina xaritələrinin verilməsi ilə bağlı beynəlxalq müstəvidə ardıcıl iş aparır:

“O cümlədən, AŞPA-nın nümayəndə heyəti olaraq bizlər də bu qurumun tribunasından məsələni israrla səsləndiririk. Məqsəd Ermənistanın hərbi cinayətlərinin qarşısının alınması və bu cinayətlərə görə cəzalandırılmasıdır. Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç AŞPA-nın yay sessiyasındakı çıxışında Ermənistanın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində basdırılmış minaların xəritələrini verməsinin zəruriliyi məsələsini vurğulayıb. Mariya Peyçinoviç-Buriç qeyd edib ki, keçmişdə konfliktin olduğu regionda minaların qalması insan həyatına çox təsir edir. Unudulmamalıdır ki, mina xəritələrinin əldə olunması və onların ərazidən təmizlənməsi çox vacibdir. Əks təqdirdə, bura insanların geri qayıtması və yenidən həyat qurması üçün uyğun olmayacaq".

Millət vəkilinin sözlərinə görə, qurumun növbəti tədbirlərində bu məsələ yenə də gündəmə gətiriləcək:

“Bütövlükdə təşkilat bu haqda müvafiq sənəd qəbul etməldir. Doğrudur, müəyyən dövlətlərin və təşkilatların vasitəçiliyi ilə Ermənistan mina xəritələrinin kiçik bir hissəsini təqdim edib (hərçənd bu xəritələrin böyük hissəsi yanlışdır). Bütün bunlara baxmayaraq, azad edilmiş ərazilərdə kütləvi şəkildə yerləşdirilmiş minalar münaqişədən sonrakı yenidənqurma işlərinə ciddi maneə törədir və günahsız insanların ölümünə səbəb olur. Ermənilərin yerləşdirdiyi minalar yüz minlərlə məcburi köçkünün doğma evlərinə təhlükəsiz qayıtmaq hüququnun həyata keçirilməsinə zərbə vurur”.

Sevinc Fətəliyeva söyləyib ki, müharibədən sonra minalardan 140 azərbaycanlının həlak olub və ya yaralanıb: “Cari il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda üç mülki şəxsin - iki media nümayəndəsinin və bir icra hakimiyyəti nümayəndəsi ermənilərin basdırdıqları minaya düşərək həlak oldular. Bu faktlar problemin tez bir zamanda həllini zəruri edir. Bu humanitar problemin təcililiyini və ciddiliyini nəzərə alaraq, minatəmizləmə işlərini sürətləndirmək və digər günahsız insanların ölümünə imkan verməmək üçün Ermənistan bütün mina xəritələrini verməlidir. Bunun üçün Ermənistana beynəlxalq təzyiqlər göstərilməlidir. Əgər AŞPA bu barədə növbəti sessiya zamanı qərar qəbul edərsə, bu təşkilatın ədalətli addımı olacaq. Biz bilirik ki, AŞPA daxilində ermənilərə lobbiçilik edən şəxslər də var və həmin şəxslərin sayı az deyil. Onlar hər zaman Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar. Bu qüvvələr növbəti sessiyada mina xəritələrinin verilməsindən diqqəti yayındırmaq üçün ölkəmizə qarşı qərəzli bəyanatlar səsləndirə bilərlər. Amma bütün hallarda biz haqq mübarizəmizi sona qədər davam etdirəcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər