“Ankara ilə İrəvan arasında dialoqun başlaması Azərbaycan üçün də faydalıdır”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Ekspert Türkiyə-Ermənistan münasibətlərində baş verən son proseslərə diqqət çəkib:
“Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması, o cümlədən sərhədin açılması üçün dəridən-qabıqdan çıxır. Ermənistan Təhlüksəzilik Şurasının katibi Armen Qriqoryan da eyni səpgili açıqlamalar verir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son açıqlamasında Ermənistandan müsbət siqnallar aldığı fikrini təkrarlayıb.
Aydındır ki, Ərdoğan-Paşinyan görüşündən əvvəl iki ölkənin diplomatları görüşməli və münasibətləri normallaşdırmaq üçün hansı məsələlərin birinci növbədə həllini müzakirə etməlidirlər. Bu proses bəlkə də artıq başlayıb. Təsadüfi deyil ki, erməni jurnalistlər Ankaradan qalxan təyyarənin İrəvanda endiyinə dair xəbərlər yayırlar.
Ankara ilə İrəvan arasında dialoqun başlaması Azərbaycan üçün də faydalıdır. Rəsmi Bakı zamanında Türkiyə ilə Ermənistan arasında imzalanan protokola haqlı olaraq etiraz etmişdi. Çünki işğal faktına son qoyulmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının faydasından çox zərəri var idi. İndi isə durum fərqlidir. Azərbaycan işğal altındakı torpaqların böyük hissəsini azad edib və Ankaranın İrəvanla dialoquna əngəl olacaq amil yoxdur”.
Elxan Şahinoğlu qeyd edib ki, Ankara İrəvanla dialoqda Azərbaycan amilini nəzərə alacaq:
“Ankaranın İrəvana əsas mesajı Ermənistanın Azərbaycan və Türkiyənin ərazi bütövlüyünü tanıması və Zəngəzur dəhlizini açmasıdır. Bu addım atılmadan Ankara-İrəvan dialoqunun nəticəsi olmayacaq. Bütün hallarda bölgədəki mövcud reallıqları və bu reallıqlardan imtinanın Ermənistan üçün hansı ağır nəticələrə səbəb olacağını dialoq və görüşlər yoluyla Nikol Paşinyana izah etmək lazımdır”.