Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı günü kimi qeyd edilir. Üçrəngli Dövlət bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətin iclasında qəbul edilib. Həmin iclasın keçirildiyi Nazirlər Şurasının binası üzərində üçrəngli bayrağımız qaldırılıb.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.
O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir: “Dövlət bayrağı milli suverenliyin simvoludur. Üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvanda Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü dalğalanıb.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib”.
Millət vəkili hesab edir ki, Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir: “Dövlət bayrağı respublikamızın rəsmi qurumları və diplomatik nümayəndəliklərinin binaları üzərində ucaldılır. Eyni zamanda üçrəngli bayrağımız mühüm beynəlxalq tədbirlərdə, mötəbər mərasim və məclislərdə, ictimai-siyasi toplantılarda, idman yarışlarında milli birliyi təcəssüm etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı qürur mənbəyimizdir”.
Cavid Osmanova görə, bu gün Azərbaycanın şanlı üçrəngli bayrağı işğaldan azad edilən bütün torpaqlarımızda qürurla dalğalanmaqdadır: “Hər bir azərbaycanlı üçün ən qururverici an isə şanlı qələbə bayrağımızın Şuşa qalasında dalğalanmasıdır. Müzəffər Azərbaycan əsgərinin bayrağımızı azad edilən torpaqlarımızda başı üzərinə qaldıraraq Ali Baş Komandana qələbə raportu verməsi isə qürurverici idi. Bu, Azərbaycan xalqı üçün ən qürurlu və şərəfli tarixi bir dönəm idi. Bu gün xalqımızın üçrəngli bayrağı başı üzərində şərəflə dalğalanır”.