18 Noyabr 2021 09:05
2 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistanın Azərbaycanla sərhəd xəttində təxribatlara əl atmaqda məqsədi nədir?

- Ermənistanın təxribatının başlıca məqsədi bura hansısa xarici qüvvələri cəlb etməkdir. 10 noyabr 2020-ci ildə əldə edilmiş razılaşmaya əsasən sülhməramlıların missiyası sərhəd xətlərinə aid edilməyib. Ona görə də Ermənistan istəyir ki, öz siyasətini yeni şəraitdə davam etdirsin. Sadəcə qarşı tərəf Azərbaycanın gücündən çəkinir. Belə bir addımlar atılsa, Azərbaycanın hansı şəkildə əks reaksiya verəcəyini qarşı tərəf yaxşı bilir. Ona görə də ermənilər özlərini sığortalamaq üçün sərhəd xəttində xarici qüvvələrin yerləşməsini təmin etməyə çalışırlar.

- Sizcə, sərhəd xəttinə hansısa xarici qüvvələrin yerləşdirilməsi nə dərəcədə realdır?

- Ermənistan Baş naziri Nikol Paşinyanın istəyi odur ki, Azərbaycanla sərhəd xəttinə hansısa bir Qərb tərəfdən olan qüvvələrin yerləşməsi təmin olunsun. Sözsüz ki, o bu cəhdi alınmasa, rus qüvvələrinin yerləşməsini də özləri üçün sərfəli hesab edir. Proseslərin gedişi Paşinyanın məqsədinin məhz bundan ibarət olduğunu göstərir. Məhz erməni tərəfindən edilən təxribatın da hədəfi ondan ibarətdir ki, toqquşmalar, qarşıdurmalar fonunda onlar kimlərdənsə, yardım istəsin. Bunun müqabilində də hansısa qüvvələr gəlib sərhəd xəttində yerləşsin. Hətta onların müşahidəçi qismində sərhəd xəttində belə qüvvələrin yerləşməsi ilə bağlı niyyəti var.

- Ermənistanda son günlər anti-Rusiya ritorikasının güclənməsinin bu proseslərlə bağlılığı nə dərəcədə məntiqlidir?

- Sözsüz ki, anti-Rusiya ritorikasının Ermənistanda son günlər geniş vüsət almasının bu proseslərlə birbaşa bağlılığı var. Çünki Ermənistanda daxili, siyasi böhran davam edir. Burada bir qism siyasətçilər ruspərəst mövqe sərgiləyir. Başda Paşinyan olmaqla əksər siyasi fiqurlar isə Qərbdən daha çox yardım umur. İndiki məqamda məhz bu məsələlər həll olunmaqdadır. Çünki Ermənistan tərəfindən bu cür mövqelərin olması Rusiya üçün də bir növ sınaq kimi qəbul edilir. Ermənilərin yanaşmaları odur ki, Rusiya bizə kömək etməlidir. Kömək etməsə, biz Qərbə üz tutacayıq. Hazırda erməni cəmiyyətində məhz bu cür ritorika hökm sürür.

- Avropa Birliyinin, ABŞ-ın, ATƏT-in sərhəddəki gərginliklə bağlı reaksiyası var. Ermənistanla müqayisədə Azərbaycanla bağlı belə yanaşmaların olmaması hansı amillərlə bağlıdır?

- Bu cür yanaşmalar təbii ki, ikili standartlardır. Yaxşı ki, da onlar bizimlə bağlı belə “çevik” reaksiya verməyiblər. Çünki Azərbaycan problemi özü həlli etdi. Sözsüz ki, bu məsələdə də hər tərəf öz maraqlarını güdür. Ermənilərə qarşı hansısa bir istəklərlə bağlı fikir ola bilər. Amma əsas bu təşkilatlar və dövlətlər öz maraqları kontekstindən məsələyə yanaşırlar. Ermənistanın gələcəkdə hansı mövqedə olacağı ilə bağlı məsələlər gündəmdədir. Rusiyanın yoxsa Qərbin Ermənistan üçün əsas olacağı ilə bağlı məsələ var. Bunun nəticəsidir ki, Qərb də Ermənistana göstərməyə çalışır ki, bizə yaxınlıq etsən, səni qoruyacayıq. Bu əslində köhnə üslubdur. Hamı da başa düşür ki, Rusiyadan başqa bu əraziyə kimsə qüvvə göndərə bilməz. Bu Ermənistan üçün də ağrılı məsələ olar. Ona görə də Qərbin və digərlərinin bu məsələlər üzərində ənənəvi oyunları müşahidə edilir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər