“Azərbaycan əsgəri 44 günlük müharibədə yalnız Ermənistanı məğlub etmədi. Bu siyahıda məğlub edilən ölkələrdən biri də Fransadır. İndi onlar məğlubiyyətin acısını çıxmaq üçün bu addımı atır. Azərbaycan nota verəndə Paris elan edir ki, bu dövlətin rəsmi mövqeyi deyil, hansısa şəxslərin və qurumların fəaliyyətidir”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Fazil Mustafa deyib.
O xatırladıb ki, bir müddət əvvəl Donbas separatçıları Parisdə nümayəndəlik açsa da, sonradan qərb ölkələrinin reaksiyasından çəkinərək bunu qapadıb:
“Amma Qarabağla bağlı məsələni görməzdən gələrək başqa davranış sərgiləyir. Fransa bu addımı ilə Minsk qrupunu rədd etmək üçün əsas verir. Biz bunu qiymətləndirməliyik”.
Deputat əlavə edib ki, separatçılar xaricə gedəndə onlara cinayət işi açılmalı, terrorçular kimi axtarışa verilməlidir: “İkincisi, Rusiyaya etiraz etməliyik. Sülhməramlılar Azərbaycan rəsmilərinin vəzifələrini mənimsəyərək başqa addımlar atmaq istəyən separatçılarla bağlı real addımlar atmalıdır”.