29 Noyabr 2021 10:16
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında Soçidə keçirilən görüş regionda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması istiqamətində irəliyə doğru atılan addımdır. Görüşün nəticəsi olaraq qəbul olunmuş bəyanatda da bu məqsəd və niyyət ifadə olunur.

Bu fikirləri Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, Ermənistanın kapitulyasiyasının ifadəsi olan 10 noyabr birgə Bəyanatının icrası məsələsi görüşdə əsas müzakirə mövzusu olub: “Amma görünən odur ki, erməni tərəfi sənədin bir sıra müddəalarını yerinə yetirsə də, bəyanatda əksini tapan bütün bəndlərin icrasında maraqlı deyil. Azərbaycan Prezidenti İlham Əliyev görüşdə milli maraqlarımızı qətiyyətlə müdafiə edib. Soçi görüşü onu göstərdi ki, 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən hərbi potensialı məhv edilən Ermənistan müharibədən ötən dövrdə özünün diplomatik potensialının da tükəndiyini dərk edib. Bununla belə, Soçi görüşünün noyabrın 9-da baş tutmaması üçün müxtəlif bəhanələr səsləndirən Ermənistanın siyasi rəhbərliyi hər nə qədər cəhd göstərsə də, Rusiyanın vasitəçiliyi ilə bu görüşün noyabrın 26-da keçirilməsindən imtina edə bilmədi”.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan diplomatiyası hərbi əməliyyatlar dövründə olduğu kimi, müharibədən sonrakı bir il ərzində də milli maraqlarının qorunması naminə ardıcıl və qətiyyətli mövqe nümayiş etdirdi: “Azərbaycan tərəfi iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə dəfələrlə bəyan etdi ki, nəinki üçtərəfli Bəyanatda əksini tapmış müddəaların yerinə yetirilməsi, eləcə də Ermənistanın işğal altında olmuş torpaqlarımızda minaladığı ərazilərin xəritələrinin Azərbaycana verilməsi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması, həmçinin iki dövlət arasında yekun sülh sənədinin imzalanması bölgədə dayanıqlı sülhün və əməkdaşlığın inkişafı üçün zəruri şərtlərdəndir. Soçi görüşü və imzalanmış bəyanat Vətən müharibəsindən sonra Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi vəziyyətin və ölkəmizin diplomatik müstəvidə həyata keçirdiyi aktiv fəaliyyətin nəticəsidir. Xüsusən də Bəyanatda təsbit edilən müddəalar Azərbaycan diplomatiyasının bu istiqamətdə qarşıya qoyduğu məqsədlərinə tam uyğundur. Müharibədən sonrakı bir il ərzində Ermənistanda səsləndirilən revanşist fikirlər, hərbi-siyasi rəhbərliyin bəzən destruktiv və anlaşılmaz ritorikası, Azərbaycanın humanitar təşəbbüslərinə qarşı qeyri-adekvat reaksiya, eləcə də gah qarşı tərəfin ATƏT-in Minsk qrupunun fəaliyyətini bərpa etmək və beləliklə də Qafqazda müəyyən məqsədlər güdən dövlətlərin marağını təmin etmək cəhdləri, gah da bölgəyə üçüncü qüvvələrin cəlbi məqsədilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti zonasından kənarda, dövlət sərhədində törətdiyi təxribatlar qarşı tərəf üçün istədiyi nəticəni vermədi”.

Sevinc Fətəliyeva hesab edir ki, görüşdə imzalanmış bəyanatda qeyd olunur ki, Azərbaycan-Ermənistan sərhədində sabitlik və təhlükəsizlik səviyyəsinin artırılması üzrə addımlar atılacaq: “Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası, sonradan tərəflərin sorğusu əsasında Rusiya Federasiyasının məsləhət yardımı ilə sərhədin demarkasiyası üzrə ikitərəfli komissiya yaradılması barədə razılıq əldə edilib. Eyni zamanda, Rusiya Prezidenti Vladimir Putin mətbuata bəyanatında regionda iqtisadi əlaqələrin inkişafı ilə bağlı nəqliyyat dəhlizlərinin əhəmiyyətini vurğulaması Ermənistana ciddi mesaj oldu. Çünki erməni tərəfi hər vəchlə Zəngəzur dəhlizinin açılmasına əngəl olmağa çalışır, amma bu görüş həmin məsələdə də ciddi irəliləyişin olacağını deməyə əsas verir. Gələn həftə üç ölkənin baş nazirlərinin müavinlərindən ibarət olan işçi qrupunun Moskvada keçirəcəyi iclasda əldə olunan razılaşmalar açıqlanacaq. Nikol Paşinyanın davranışları, çıxışı göstərdi ki, Ermənistanın nəzərdə tutulan məsələlərə, layihələrə razılıq verməkdən başqa çıxış yolu yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı