“Ruslar Qazaxıstana tam nəzarət edə bilmirlər. Müqavimət, etirazlar var və bu proses davam edəcək. Bu işin başında Moskva durur, əsas məqsəd ittifaq dövləti yaratmaq istəyidir. Ən azı ittifaq dövlətində 5 dövlətin təmsil olunması istənilir. Ermənistan bunun müqabilində hansısa şərtlər irəli sürə, Azərbaycan ərazilərinə iddia edə bilər. Biz ayıq olmalıyıq”.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev Qazaxıstan hadisələri haqqında danışarkən deyib.
O ehtimal edib ki, Qazaxıstanda qarşıdurma güclənəcək:
“Heç bir sakitləşmə olmayacaq. Görünən odur ki, hadisələr zamanı vəfat edənlərin sayı çoxdur. Mümkün deyil ki, gərginlik olmasın. Onlar xarici ordu birləşmələrini ölkədən çıxarmaq üçün addımlar atacaq. Diqqət etsəniz görərsiniz ki, xaricdəki qazaxlar da tədricən fəallaşıb. Üstəlik burada Çin amili də var. Çin istəyir ki, Rusiya bura daxil olmasın. Çünki, həm Qazaxıstana böyük yatırım qoyub, həm də Çindən ora 2 milyona yaxın qazax köçüb. Onlar da fəaliyyətə başlayıb. Qazaxıstan bu saat qapağı bağlı “qaynar qazandır”.
Cümşüd Nuriyev əlavə edib ki, qərb ölkələri Qazaxıstan proseslərində gecikib:
"Əslində Qərbə yaxın şəxslərdə nələrəsə hazırlaşırmış, sadəcə ruslar onları iki ay qabaqlayıb. Qərb indi orada fəaliyyətə keçəcək. İkincisi, orada müxalifət yoxdur, xalq özü müxalifətdir. Bu olduqca qorxuludur. Mən ehtimal edirəm ki, orada əcnəbi əsgərlərə hücumlar da ola bilər. Yeri gəlmişkən, Qazaxıstanda olan milli ruhlu şəxslər strateji yerlərdəki işlərindən gedirlər.
Bunlar öz yerində, biz özümüzü də ehtiyatlı olmalıyıq. Bu dəqiqə erməni təxribatına da uymaq olmaz. Özbəkistan da indi əsas hədəfdədir. Hesab edirəm ki, biz hamımız ayıq-sayıq olmalıyıq, prosesləri sakit şəkildə, diqqətli analiz etməliyik”.