14 Yanvar 2022 11:59
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində olduqca mühüm məsələlərə toxunulub. Belə ki, cənab Prezidentin səsləndirdiyi fikirlər sosial-iqtisadi vəziyyət və perspektivlərlə, şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət qayğısı, ASAN idarəçilik sisteminin tətbiqi, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi, tarixi abidələrin bərpası, işğaldan azad olunmuş ərazilərdəki vəziyyət və fəaliyyətlə, ölkəmizin xarici siyasəti ilə bağlı və s. cəmiyyəti düşündürən suallara dəqiq cavab oldu.

Prezident İlham Əliyevin növbəti dəfə nümayiş etdirdi ki, vətəndaşın rifahının yüksək təmin olunması onun fəaliyyətinin mərkəzində dayanır. Ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində təsirli addımların atıldığını və bundan sonra da atılacağını vurğulayan ölkə Prezidenti işğaldan azad olunmuş ərazilərin də potensialından istifadə edildiyini dedi. Qısa zaman kəsiyində işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialının səfərbər edilməsi istiqamətində addımların atılması həqiqətən də milli iqtisadi sisteminin kifayət qədər çevik və funksional olduğunun göstəricisidir.

Dövlətimizin başçısı müsahibə zamanı ölkənin iqtisadi müstəqilliyini siyasi müstəqillik amili ilə olduqca dəqiqliklə uzlaşdırır. Prezidentin strateji yanaşması məhz ondan ibarətdir ki, xarici siyasətin keçərli olması, tam müstəqil siyasət yürütmək imkanlarının genişləndirilməsi hər şeydən öncə iqtisadi müstəqillikdən asılıdır. Belə ki, Prezident ərzaq məhsullarının ixracından asılılığın azaldılmasının vacibliyini vurğuladı və istiqamətdə artıq təsirli addımların atıldığını bildirdi.

Görünən odur ki, dünya iqtisadiyyatında hansı formada və səviyyədə böhran baş verməsindən asılı olmayaraq, Azərbaycan iqtisadiyyatı bütün sınaqlara hazırdır və sürətlə inkişaf edir. Bunun bariz nümunəsini biz hələ də tam aradan qalxmayan pandemiya dövründə gördük. Qısa müddətdə bütün dünyanı sosial-iqtisadi böhran bürüdü. Amma görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər sayəsində ölkə iqtisadiyyatı duruş gətirə bildi. Qeyri-neft sektorunda da bu hal müşahidə olunur. Sənaye istehsalında, valyuta ehtiyatlarında ciddi artım var, ixrac imkanları da artır. Bütün bunlar Azərbaycanın iqtisadi siyasətinin elmi əsaslarla tənzimlənməsini göstərir.

Prezident İlham Əliyevin bütün çıxışlarının, müsahibələrinin mahiyyətində dayanan əsas məsələlərdən biri şəffaflığın təmin olunması, korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə əldə olunan nəticələrdir. Hər bir ölkənin bütün sahələr üzrə inkişafında məmur-vətəndaş münasibətləri böyük rol oynayır. Məmur-vətəndaş münasibətlərinin şəffaflığı, məmurların öz fəaliyyətlərində vətəndaş məmnunluğunu əsas hədəf kimi müəyyənləşdirməsi həm ölkəmizin dayanıqlı inkişafının təminatıdır, həm də sabitliyin güclənməsinə xidmət edən vacib amillərdən biridir. Ölkə Prezidenti vətəndaşlarla münasibətdə şəffaflığın artırılmasını, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsini və vətəndaş məmnunluğunun təmin olunmasını məmurlar qarşısında ən vacib vəzifələr kimi müəyyənləşdirib. Yeniliyə, təkmilləşməyə daha çox meyilli olan ölkəmizdə Azərbaycan brendi kimi nüfuz qazanan “ASAN xidmət” modelində ASAN idarəçiliyin tətbiqi sözlə əməl arasında olan vəhdətin bariz nümunəsidir. Cənab Prezident müsahibəsində də bildirdi ki, “Bütün sahələrdə – iqtisadi, sosial, məmur-vətəndaş münasibətləri sahəsində bu model tətbiq edilməlidir. Məmur-vətəndaş təmasları da minimuma endirilməlidir”.


Müəllif: Əhliman Əmiraslanov

Oxşar xəbərlər