24 Yanvar 2022 17:42
3 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistan prezidentinin istefasına səbəb nədir?

- Bu, ilk növbədə siyasi böhranın göstəricisidir. Hazırda Ermənistanda əhval-ruhiyyə çox pessimistdir. İnsanlar və siyasi elita arasında olan dalğa artıq ölkə prezidentinə çatıb. Armen Sərkisyanın tərcümə halına nəzər saldıqda isə fərqli situasiya görmək olar. Onun ömrünün çox hissəsi İngiltərədə keçib. Londonda böyük biznesi var. Böyük Britaniyada olan siyasi elitada tanışları çoxdur. Bu baxımdan Armen Sərkisyanın Ermənistanda siyasi gələcəyi yoxdur. Onun yaşı da buna imkan vermir. Bu baxımdan Ermənistanda yaşamaq onun üçün maraqlı görünmür. Ailə üzvlərinin də çoxu Böyük Britaniya vətəndaşıdır. Əslində onun istefa qərarı köç əhval-ruhiyyəsinin göstəricisidir.

- Sizcə, bu qərar daha çox hansı məsələləri gündəmə gətirir?

- Siyasi məqsədlər əsas yer tutur. Çünki o, 3 il idi ki, prezident kimi qalmışdı. Yəni bu baxımdan onu öz mövqeyi ilə da razı görmək olardı. Bu, daha çox digər bir mövzunu aydınlaşdıracaq. Ermənistan baş naziri bir müddət öncə konstitusiya islahatları ilə bağlı bəyanat vermişdi. Vaxtilə Serjik Sarkisyan tərəfindən həyata keçirilmiş konstitusiya islahatları və Ermənistanın parlament respublikasına çevrilməsi onlar üçün xeyirli olmadı. Bu, Ermənistanda idarəetmə sistemini iflic etdi. İstisna deyil ki, bu bəhanədən istifadə edərkən Paşinyan da öz mövqelərini gücləndirmək üçün konstitusiya islahatlarını həyata keçirməyə cəhd göstərəcək. İndi onun baş nazir olması hansısa qanunda təsdiq edilmiş müddətlə deyil, sadəcə olaraq bu və ya digər siyasi böhrandan asılı olan bir məsələdir. Amma prezident mövqeyi və bir neçə illik seçki yolu ilə daha stabil siyasət yürütmək olar. Yəni Paşinyanın indiki mərhələdə belə fikirləri irəli sürməsi istisna edilmir.

- Yəni bu o deməkdir ki, Ermənistan idarəetmədə köhnə qaydalara qayıdacaq?

- Hər halda bu, bir-biri ilə bağlı olan məsələlər kimi görünür. Prezidentin istefası və bunun ardınca hansısa konstitusiya prosedurlarının başlaması mümkün ola bilər. Bu isə referendum deməkdir. Amma prosesi bir günə dəyişdirmək mümkün deyil. Ümumiyyətlə, bütün bunlar Ermənistanda siyasi böhranın davamıdır.

- Qarabağ, sərhədlərin dəqiqləşməsi, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması və digər məsələlərin istefa qərarına təsiri nə dərəcədə real idi?

- Ermənistanın gündəmində Qarabağ, sərhədlərin dəqiqləşməsi, Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətləri idi. Siyasi proseslər gözlənilən istiqamətdə başlasa, istər-istəməz gündəm dəyişəcək. Bunun fonunda Paşinyan bu və ya digər addımlar atmağa çalışacaq. Amma müxalif qüvvələr buna imkan vermir. Bu ehtimallar da var.

- Kənar təsirlər burada nə dərəcədə rol oynayır?

- Proseslərin bir hissəsi kimi kənar təsirlərin olması mümkündür. Bəllidir ki, Ermənistandan da gözlənilən addımların atılması tələb edilir. Bu, Azərbaycanla qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması məsələsidir. Bu proses baş verməlidir ki, stabillik yaransın. Eyni zamanda Türkiyə ilə əlaqələrin bərpası məsələsi də gündəmdədir. Məhz bu mövzularda Paşinyanın ləng davranması proseslərdə ona edilən təzyiqin artması kimi də qiymətləndirilə bilər. Amma Paşinyan onsuz da asılı durumdadır. Əlavə hansısa bir mexanizmlərin olması o qədər vacib məsələ deyil.

- Ermənistan tərəfi öz daxilində olan siyasi anarxiya fonunda Azərbaycan və Türkiyə ilə hazırkı müstəvidəki prosesi nə dərəcədə uzada bilər?

- Strateji baxımdan bu ləngimə Ermənistan üçün xeyirli deyil. Erməni siyasətçiləri və Paşinyan taktiki hansısa bir uğurlar üçün vaxtı uzadırlar. Amma bu problemlərin həll olunmaması Ermənistanın ziyanınadır. Bir müddət öncə Azərbaycan Prezidenti öz müsahibəsində bildirmişdi ki, bizim də səbrimiz sonsuz deyil. Qarşı tərəf normal siyasət yürütməsə də bəlkə elə bu, bizim xeyrimizə olacaq. Onların bu cür səhvləri yekunda Azərbaycanın xeyrinədir. Ermənistan Azərbaycanla sərhədlərini müəyyənləşdirmək, Türkiyə ilə əlaqələri bərpa etmək istəmirsə buna ehtiyac yoxdur. Türkiyə üçün bu elə də vacib deyil. Yolu açmaq, sərhəddi tanımaq ancaq Ermənistana lazımdır. Çünki Azərbaycan artıq tarixi torpaqlarla bağlı da düşünə bilər. Məhz bu baxımdan Ermənistan üçün bu səhv siyasətdir. Ermənistanın siyasi elitasının vəziyyəti uzatmaq cəhdlərinin isə sonunu gözləmək lazımdır.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər