Şuşa Bəyannaməsinə qanun statusu verilməsi və Parlamentdə ratifikasiya olunması çox mühüm hadisədir. Bu bir daha onu göstərir ki, Azərbaycan bu sənədə nə qədər böyük önəm verir. Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və birliyinin yeni təsdiqi sayılan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi hər iki ölkə ilə yanaşı, region və dünya üçün də son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu sənədin əhəmiyyətini 3 qrupa bölmək olar: iki ölkə arasında müttəfiqlik münasibətlərinin qurulması, regional təhlükəsizliyin və əməkdaşlığın təminatındakı rolu, qlobal əməkdaşlığa töhvə verməsi, qlobal xarakter daşımasıdır.
Bunu Teleqraf.com-a Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev deyib.
Millət vəkili hesab edir ki, bu sənəd Azərbaycanla Türkiyənin münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir:
“Müttəfiqlik bir çox müddəalarda öz əksini tapıb. Bura hər iki ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi müddəaları yer alıb. Həmçinin xarici təhdid, hücum və təcavüzə qarşı bir-birini müdafiə, birgə hərbi sənaye məhsullarının istehsalı, Təhlükəsizlik Şuralarının milli təhlükəsizlik məsələləri üzrə birgə iclasların keçirilməsi məsələləri də öz əksini tapıb. Eyni zamanda ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, Qarabağ quruculuğunda birgə fəaliyyət, informasiya müharibəsində birgə addımlar da təsbit edilib. Bunlarla yanaşı diasporanın birgə fəaliyyəti, parlamentlərarası əməkdaşlığın daha da gücləndirilməsini qeyd edə bilərik. Paralel olaraq Azərbaycan və Türkiyə regionun təhlükəsziliyinin qarantoru rolunda çıxış edirlər. Bundan sonra bütün qonşu dövlətlər və dünya ictimaiyyəti bilməlidir ki, hər iki dövlətin suverenliyini təhdid etmək fikrinə düşənlər yeni regional hərbi-siyasi blokla qarşılaşacaqlar”.
Deputatın fikrincə, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, bununla əlaqədar 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiq olduqlarını bir daha təsdiq edirlər:
“Qars müqaviləsinin Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi təsbit edən 5-ci maddəsi bizim üçün çox önəmi hələ də qalmaqdadır. Bu Zəngəzur dəhlizinin açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin təminatı kimi çıxış edir. Məhz bu konteksdə Zəngəzur dəhlizi sadəcə nəqliyyat marşurutu kimi xarakterizə edilməməlidir. Şuşa Bəyannaməsi sadəcə Azərbaycanla Türkiyə arasında qəbul edilən sənəd kimi anlaşılmamalıdır. Gələcəkdə böyük türk dünyasının təməlini qoyan bu sənədin iki ölkənin sərhədlərini aşaraq bütün türk coğrafiyasını əhatə edəcəyi şübhəsizdir. Digər tərəfdən qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avropa Şurası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək deməkdir. İki dövlət regional və beynəlxalq miqyasda sabitlik və rifah vasitəsilə sülh, dostluq və mehriban qonşuluğa əsaslanan beynəlxalq münasibətlərin inkişaf etdirilməsi, eləcə də münaqişələrin və regional və qlobal təhlükəsizlik və sabitlik məsələlərinin həlli istiqamətində birgə səylər göstərir. Avropanın enerji təhlükəsizliyinə töhfə verən, təbii qaz mənbə və marşrut saxələndirilməsini təmin edən strateji Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Türkiyə və Azərbaycanın qabaqcıl rolu danılmazdır. Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması, beynəlxalq sabitliyə və təhlükəsizliyə mənfi təsir edən müxtəlif təhdid və çağırışlara, xüsusilə terrorçuluğa, kütləvi qırğın silahlarının yayılmasına, mütəşəkkil cinayətkarlığa, birgə mübarizə mühüm yer tutur”.
Azay Quliyevə görə, Şuşa Bəyannamsəi Beynəlxalq hüququn bütün norma və prinsiplərinə tam uyğundur:
“Bakı və Ankara iki qardaş dövlətin münasibətlərini emosional yaxınlıq üzərində deyil, beynəlxalq hüquq çərçivəsində və siyasi dialoq mühitində qurublar. Beynəlxalq hüquqa uyğun olaraq dövlətlərarası münasibətləri suverenlik, bərabərhüquqluluq, daxili işlərinə qarışmamaq, qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənmiş şərtlər daxilində tənzimlənir. Azərbaycanla Türkiyə müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tuturlar. Eyni zamanda bu iki qardaş ölkənin hərbi-siyasi əməkdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib”.