8 Fevral 2022 19:50
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Eldar müəllim, bu gün dünyada baş verən bir sıra qlobal iqtisadi, siyasi problemlərə baxmayaraq, Azərbaycan öz dayanıqlı inkişafını qoruyub saxlayıb. Ölkəmizin qlobal təhdidlərə qarşı bu cür mövqeyini şərtləndirən əsas amillər nələrdir?

- 2003-cü ildən Azərbaycanda hakimiyyətə gələn Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət ölkəmizin özünün strateji hədəflərini müəyyənləşdirməsini təmin edib. Xalqımız ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevin gələcəyi ilə bağlı çağırışına birmənalı dəstək verib. Son 18 ildə Azərbaycanın keçdiyi uğurlu yol bunu bir daha təsdiqləyir. Ölkəmizin 90-cı illərin əvvəllərində yaşadığı ağır durumu hər kəs xatırlayır. O dövrdə Azərbaycan xalqı ölkəmizin bu ağır durumdan xilası üçün ümidini ulu öndər Heydər Əliyevə bağlamışdı. Ümummilli lider xalqın çağırışı ilə hakimiyyətə qayıdaraq Azərbaycan dövlətçiliyini qoruyub saxladı. Müstəqilliyimiz 1991-ci ildə əldə edilsə də, ölkəmiz təhlükə ilə üzləşmişdi. Şimalda, cənubda separatçı meyillər güclənmiş, Qarabağda Ermənistanın işğalçı siyasəti davam edirdi. Məhz Heydər Əliyev bu ağır durumda dövləti və dövlətçiliyi qoruya bildi. Müstəqilliyi əldə etmək asandır, amma onu qoruyub saxlamaq çox çətindir. Azərbaycan bu ağır sınaqdan da çıxmağı bacardı. Ulu öndər Heydər Əliyevdən sonra onun ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni bir modeldə inkişaf etməyə başladı. Cənab İlham Əliyev dahi şəxsiyyətin ailəsində yetişməklə dünyada, qlobal səviyyədə gedən prosesləri dəqiqliklə bilirdi.

İlham Əliyevin dərin bilik və bacarığı ilə Azərbaycan dünyada yeni bir modeldə inkişaf edən ölkə kimi tanınmağa başladı. XXI əsrin sürətli inkişaf istiqamətlərinə uyğun olaraq Azərbaycanın dünyaya inteqrasiya edilmiş iqtisadi inkişaf konsepsiyası müəyyənləşdi. Ölkəmizin hərtərəfli inkişaf strategiyasına uyğun olaraq Regionların Sosial İqtisadi İnkişaf Proqramları qəbul edildi. Bu proqramların icrası ilə bağlı hər il hesabatlar təqdim edildi ki, bu da görülmüş işlərin qiymətləndirilməsi baxımından əhəmiyyətli idi. Qəbul edilmiş bu proqramların icrası nəticəsində rayonlarımızın, şəhərlərimiz siması tamamilə dəyişdi, yeni iş yerləri yaradıldı. İnsan kapitalına verilən önəm, elm tutumlu sahələrin inkişafı üçün əlverişli mühit formalaşdı. Ölkəmizin hərtərəfli inkişafı sayəsində iqtisadi inkişafın Azərbaycan modeli yarandı. Həmçinin ölkəmizdə yeni xidmət sahələri olan və Azərbaycan brendi kimi dünyada tanınan ASAN Xidmət modeli uğurlu tətbiq edilməyə başlandı. Bu gün uğurlu modeli bir sıra xarici dövlətlər də öyrənir. Paralel olaraq Azərbaycan özü qeyri-neft sahəsində də ixracatçı ölkə kimi tanınmağa başladı. Azərbaycan malları "Made in Azərbaycan" markası adı altında xarici bazarlara çıxarıldı. Dövlətimizin də əsas hədəfi o idi ki, neftdən asılılığının azaldılmasına nail olunsun. Bu strategiya da özünü doğrultdu. Artıq ölkə büdcəsinin gəlirlərinin böyük qismi qeyri-meft sektorundan əldə edilən daxilolmalar hesabına formalaşır. Dövlətimizin strateji hədəflərindən biri də ordu quruculuğu ilə bağlı idi. Müasir hərbi texnikaların alınması ilə yanaşı yüksək səviyyəli mütəxəssislərin formalaşmasına nail olundu. Eyni zamanda Azərbaycanın özünün süni peyklərini fəzaya buraxdı. Bütün bunlar isə ölkəmizin regionda lider və aparıcı mövqeyə yüksəlməsinə imkan verib.

- Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə formalaşdırılmış DOST Mərkəzlərinin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Bu gün Azərbaycan özünün yeni inkişaf proqramları, xidmət modelləri ilə dünyada tanınır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın irəli sürdüyü təşəbbüslər hər zaman xalqa xidmət və sosial dəstəyin daha da güclənməsinə, yeni, müasir innovasiyaları özündə cəmləşdirən xidmət sferasının formalaşmasına zəmin yaradıb. Çox hörmətli Mehriban xanım tək ölkə hüdudları daxilində deyil, digər ölkələrdə də humanitar, sosial, mədəni layihələrin icrası ilə böyük nüfuz qazanıb. Məhz onun təşəbbüsü ilə yaradılan DOST Mərkəzləri bu gün sosial qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində atılmış ən mütərəqqi addım hesab edilir. Bu xidmət sektorundan istifadə edənlərin sayı günü-gündən artır. Çünki bu sektora müraciət edənlərin problemləri ən yüksək səviyyədə öz həllini tapır. Bu gün bütün dünyanı cənginə almış koronavirus pandemiyasının yaratdığı çətinliklər var. Azərbaycan dövləti öz imkanları ilə vətəndaşlarının sağlamlığını, təhlükəsizliyini və vaksinləşməni ən yüksək səviyyədə təmin edir. Amma bütün bu qlobal problemlərə baxmayaraq Azərbaycan dövləti daxili məsələlərin həlli üçün heç bir ölkədən yardım, dəstək almayıb.

- 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan bölgədə yeni bir reallıq yaradıb. Bu reallıq yeni bir əməkdaşlıq, iqtisadi-siyasi əlaqələrin inteqrasiyasına necə təsir edə bilər?

- Bu gün Vətən müharibəsində əldə edilən şanlı qələbədən sonra Azərbaycan xalqı özünü qürurlu, qalib xalq olaraq hiss edir. Artıq işğaldan azad edilmiş torpaqlarımızda geniş quruculuq, bərpa işləri gedir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında böyük işlər icra olunur. Qısa zamanda Füzulidə beynəlxalq səviyyəli aeroportun, Zəfər yolunun inşası, elektrik stansiyalarının tikilib quruşdırılması və digər zəruri layihələr uğurla icra edilir. Zəngilanın Ağalı kəndində tətbiq edilən “Ağıllı kənd” layihəsi artıq yekunlaşmaq üzrədir. Bütün bunlar çox qısa zamanda və Azərbaycanın öz daxili imkanları hesabına icra edilib. İcra edilən işlərin və bərpa edilən yaşayış məntəqələrinin miqyası bizə deməyə imkan verir ki, qısa zamanda 30 il qaçqın və məcburi köçkün həyatı yaşayan vətəndaşlarımızın öz doğma yurdlarına qayıdışı təmin olunacaq.

- Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının perspektivi haqqında nə demək olar?

- Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu reallıq Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da bir daha səsləndi. Toplantıda Avropa İttifaqının komissarlarının, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələri iştirak edirdi. Bu, bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünya enerji təhlükəsizliyində xüsusi rol oynayır. Azərbaycan öz karbohidrogen məhsullarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Prezident İlham Əliyev dəfələrlə ölkəmizin neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini xüsusi vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemini formalaşdırır. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa Birliyinin bir neçə ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan “mavi qaz” almaq niyyətini irəli sürür. Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının iştirakçılarına nəzər yetirdikdə yaxın gələcəkdə bu coğrafiyanın daha da genişləncəyinə əminlik formalaşır. Burada əsas məqam ondan ibarətdir ki, Şərqi Avropa ölkələrinin Azərbaycandan “mavi yanacaq” idxal etmək imkanları genişdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Məşvərət Şurası çoxtərəfli əməkdaşlığın uğurlu nümunəsinə çevrilib. Bu gün dünyada gedən siyasi-iqtisadi proseslər yeni çağırışları aktuallaşdırır. Bu çağırışların əsasında isə əməkdaşlıqlar və yeni enerji layihələri dayanır. Statistik rəqəmlərə nəzər yetirsək görərik ki, Azərbaycanın beynəlxalq bazara, əsasən də Avropa bazarına qaz ixracında böyük irəliləyişlərə nail olunub. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş kimi tanınır və bu amil iqtisadi münasibətlərimizin genişlənməsində mühüm şərt kimi çıxış edir.

- Tarixi Şuşa Bəyannəməsi həm Azərbaycan, həm də qardaş Türkiyə parlamenti tərəfindən təsdiq edildi. İki qardaş ölkə arasında bu strateji tərəfdaşlıq müqaviləsinin əhəmiyyətini qiymətləndirirsiniz?

- Şuşa Bəyannaməsi strateji sazişdir. Bu, Ankara ilə Bakı arasında geosiyasi əməkdaşlığın daha da genişlənməsi və yaranan təhdidlərin fəsadlarının azaldılmasıdır. Həmçinin, Şuşa Bəyannaməsi Cənub-Şərqi Avropada və Qafqazda iqtisadi artımın güclənməsi, infrastrukturun inkişafı və regional təhlükəsizliyin qorunması üçün çox vacib vasitədir. Bu bəyannamə Avropanın ən yeni tarixinə geosiyasi həmrəyliyi, iqtisadi çiçəklənməni və bütün qitə üçün təhlükəsizliyi təmin edən vacib vasitə kimi daxil olacaq. Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi tək Azərbaycan və Türkiyə üçün deyil, Cənubi Qafqaz və Avropa üçün də yeni bir dönəm deməkdir. Bu sənəd Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Müttəfiqlik haqqında Bəyannamə qardaş ölkə ilə əlaqələrimizi ən yüksək zirvəyə qaldıracaq. Azərbaycanla Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bəyan edən tarixi bir sənəddir. Azərbaycan parlamentində də Şuşa Bəyannaməsi yekdilliklə qəbul edildi. Türkiyənin Azərbaycandakı səfirliyinin birinci müavini də Milli Məclisdəki müzakirələr qatılmışdı. Eyni zamanda fevralın 4-də Türkiyə Böyük Millət Məclisində də Şuşa Bəyannmaəsi təsdiq edildi. TBMM-də müzakirələrdə HDP-dən olan 11 nəfər deputat səsvermədə iştirak etmədi. Amma buna baxmayaraq bu tarixi sənəd iki qardaş ölkə arasında strateji müttəfiqlik sənədi kimi təsdiq olundu. Bu sənədin qəbulunu erməni tərəfi özləri üçün bütün şansların itirilməsi kimi dəyərləndirir. Azərbaycan Türkiyə birliyi dünyada sarsılmaz birlik, güc modeli kimi mövcuddur.

- II Qarabağ müharibəsi və ondan sonrakı dövrdə Fransa prezidentinin sərgilədiyi davranışlarında artıq korrektələr müşahidə edilir. Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan, Avropa İttifaqı və Ermənistan liderlərinin son görüşünün nəticələri haqqında nə demək olar?

- Fransa prezidentinin Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda görüşü yadda qalan məqamlarla zəngin oldu. Görüş zamanı Şarl Mişelin təşəbbüsü ilə Prezident İlham Əliyev və Nikol Paşinyanın iştirakı ilə ötən il dekabrın 14-də Brüsseldə keçirilmiş birgə görüşün əhəmiyyəti vurğulandı. Bu görüş isə Brüssel sülh gündəliyinin davamı olaraq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair ətraflı müzakirələrlə yadda qaldı. Bu xüsusda, tədbirin əvvəlcədən müəyyən edilmiş gündəliyinə uyğun olaraq, iki ölkə arasında münasibətlərin müxtəlif aspektləri, o cümlədən humanitar məsələlər, etimad quruculuğu, Azərbaycanın üzləşdiyi mina problemi, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və demarkasiyası, sülh sazişi üzrə danışıqların başlanması kimi məsələlərə dair fikir mübadiləsi aparıldı. Görüşdə Prezident İlham Əliyev müzakirə olunan məsələlər barədə Azərbaycanın mövqeyini bir daha vurğuladı. Müzakirələr zamanı Prezident İlham Əliyev I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinin, kütləvi məzarlıqların yerinin müəyyənləşdirilməsi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi sahəsində Azərbaycana beynəlxalq dəstəyin artırılması, dəmir yolu və avtomobil yolu ilə nəqliyyat dəhlizinin açılması məsələsinə xüsusi olaraq diqqət cəlb etdi. Dövlətimizin başçısı I Qarabağ müharibəsi zamanı itigin düşmüş 3890 Azərbaycan vətəndaşının taleyi ilə bağlı məsələni gündəmə gətirdi. Prezident İlham Əliyev qeyd etdi ki, Vətən müharibəsinin başa çatmasından bəri mina partlayışı nəticəsində 36 nəfər Azərbaycan vətəndaşı həlak olub, 165 nəfər isə yaralanıb. Görüşdə, həmçinin UNESCO-nun Azərbaycana və Ermənistana missiyası məsələsi də müzakirə olundu və missiyanın hər iki ölkəyə göndərilməsinə dair razılıq ifadə edildi. Prinsip etibarı ilə əldə edilən sənəddə Minsk Qrupuna istinad yoxdur. Moskva, Soçi və Brüsseldə keçirilmiş görüşlərin mahiyyətinə uyğun olaraq Minsk Qrupuna istinad yer almayıb. Eyni zamanda sənəddə Dağlıq Qarabağ münaqişəsi və hətta Qarabağ kimi ifadə də özünə yer almayıb. Bu bir daha Qarabağ mövzusunun tamamilə gündəlikdən çıxmasının növbəti nümunəsi hesab edilir. Artıq Fransa ATƏT-in MQ həmsədr olaraq bu reallığı qəbul edir. Fransa bu tədbirə həmsədr kimi deyil, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi iştirak edirdi. Müzakirələrdə Brüsseldə təsbit olunmuş uğurlu sülh gündəliyi davam etdirilməsi vurğulandı. Bu gündəliyin əsasını Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Zəngəzur dəhlizinin açılması, itkin düşmüş şəxslərin taleyinin müəyyən edilməsi, minaların təmizlənməsində Azərbaycana yardım və etimad quruculuğu kimi məsələləri özündə ehtiva edir. Bütün bunlar isə onu göstərir ki, II Qarabağ müharibəsindən sonra Azərbaycanın yaratdığı reallığı artıq hər kəs qəbul edir. Bu ölkəmizin hərbi müstəvidə əldə etdiyi tarixi Zəfərin diplomatik, siyasi müstəvidə növbəti uğuru idi.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər