AVRONEST Parlament Assambleyasının İrəvanda keçirilən iclasında iştirak edən Milli Məclisin deputatları Tahir Mirkişili və Soltan Məmmədovun Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün təfərrüatı açıqlanıb.
Teleqraf.com-un məlumatına görə, T.Mirkişili Paşinyanla görüşlərinin Avropa deputatları və iştirakçı ölkələrin nümayəndələri ilə bir qrupda olduğunu xatırladıb
“Görüşdə müzakirə olunan mövzuların 80 %-i Ermənistan-Azərbaycan münasibətlərinə həsr olundu. Çünki ilk olaraq Avropa İttifaqı və Ermənistan münasibətləri ilə bağlı söhbət getsə də, hər kəsi, xüsusilədə Avropadan gələn jurnalistləri Azərbaycan-Ermənistan münasibətləri, bundan sonra baş verəcək hadisələr, Ermənistanın bu prosesləri necə görməsi ilə bağlı idi. Həmin görüşdə xeyli pozitiv məqamlar gördüm, yəni yanaşmasını daha praqmativ gördüm. O, çıxışında daha çox regionda yeni səhifənin açılmasının vacibliyini qeyd etdi. O elan etdi ki, yaxın zamanldarda dəmiryolu fəaliyyətə başlayacaq, hətta bununla bağlı sənəd də imzalamağa hazırlaşırlar.
Bundan başqa, sərhədlərin müəyyən olunması ilə bağlı danışıqların gedəcəyini, sülh müqaviləsi üzərində gələcəkdə işləməyin lazım olacağını söylədi. Onlar bütün bunları artıq reallıq kimi qəbul edirlər. Eyni zamanda gələcəkdə konfliktin, müharibənin olmaması üçün iki xalq arasında münasibətlərin etimad yaradıcı mərhələyə daxil olması üçün həm özü, həm də hökuməti tərəfindən belə baxışın formalaşdığını etiraf etdi. Həmçinin Prezident İlham Əliyevlə baş tutan görüşlərindən daha çox bəhs edərək belə görüşlərin kifayət qədər müsbət, praqmativ keçdiyini söylədi və belə görüşlərin gələcəkdə regionda davamlı sülhün bərqərar olması üçün vacibliyinə toxundu.
Bizim çıxış etməyimizə imkan yarananda İrəvana ilk dəfə getdiyimizi qeyd etdik. Bunun Azərbaycan dövlətinin xoş niyyətinin hər kəsə elan olunması anlamına gəldiyini bildirdik. Çünki bizim ora getməyimizin riskini və təhlükəsini onlar hər kəsdən yaxşı bilirdi. Bizi hökumətin təhlükəsizlik xidməti qoruyurdu. Etiraf etmək lazımdır ki, mühafizə yüksək səviyyədə təşkil edilmişdi. Hər kəs bilməlidir ki, İrəvana hər hansı təhlükə törətmək üçün deyil, sağlam qüvvələr və bütövlükdə reallıqları qəbul edən kəslər üçün Azərbaycanın gələcəkdə hansı yaradıcı fikirlərlə çıxış edəcəyi mesajını çatdırmaq üçün getmişdik. Hesab edirəm ki, görüş yüksək səviyyədə keçdi”, - deputat əlavə edib.
Onun sözlərinə görə, Avropadan gələn deputatlar da Azərbaycanın bu addımını yüksək qiymətləndiriblər: “Hətta bizə qarşı çıxan müxalif erməni deputatlarını qınayırdılar ki, 30 ildir eyni hərəkətləri edirsiniz. Artıq yeni reallıqlara baxmaq lazımdır. Sizin bu hərəkətlərinizə, bütün risklərə baxmayaraq azərbaycanlı deputatlar İrəvana gəlib. Azərbaycan ən azı cəhd göstərərək əlini uzadırsa siz də bu əli tutmalısınız. Bizim istəyimiz odur ki, reallıqları qəbul etsinlər. Kimsə bundan sonra ölkəmizə qarşı təhlükə törədə bilməz. Erməni istiqasiyyatı kifayət qədər zəifdir”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə azərbaycanlıların İrəvana da gedib-gələcəyini söyləyib: “Ermənilər elə bilirdi ki, biz ora tankların üzərində gedəcəyik. Bizim İrəvana getməyimiz həmin vədin yerinə yetirilməsi idi. Biz ora güclü dövlətin nümayəndəsi kimi getmişdik”.
Deputat Soltan Məmmədov isə qeyd edib ki, İrəvanda olduqları müddətin son günlərində cəmiyyətlə, insanlarla söhbət etməyi planlaşdırırmışlar: “Lakin təhlükəsizlik və protokol qaydalarını nəzərə alaraq bunu edə bilmədik. Hotel olduqda təsadüfən ünsiyyətdə olduğumuz şəxslər səmimi şəkildə bildirirdi ki, onlar yenidən belə görüşlərin olmasını istəyirlər. Həmin insanların gözləri gülürdü, istəklərinin səmimi olduğunu hiss edirdik. Həmin şəxslər də gənclər idi”.