25 Mart 2022 16:55
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Qarabağda rus sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərdə hələ də qalmaqda olan separatçıların qalıqları hansısa bir gərginlik olduğunu iddia edir. Əslində isə həmin ərazilərdə heç bir hərbi və yaxud digər gərgin bir vəziyyət yoxdur. Sadəcə olaraq tarixi Azərbaycan şəhəri olan Xankəndiyə gedən qaz xəttində sərt hava şəraitindən dolayı müəyyən problemlər yaranıb. Bu, Azərbaycanın digər dağlıq bölgələrində də mütəmadi yaşanan bir haldır. Sadəcə olaraq belə halları özləri üçün siyasi alət kimi istifadə edən qüvvələr və mərkəzlər var.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Ermənistan Xarici İşlər Nazirliyinin guya bölgədə vəziyyətin gərginləşməsi ilə bağlı Azərbaycana qarşı ittihamlarının isə heç bir əsası yoxdur:

“Bu mövqe həqiqəti əks etdirmir. Sadəcə olaraq növbəti dəfə beynəlxalq ictimaiyyəti yanlış istiqamətə yönəltmək cəhdidir. Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yayıb ki, bölgədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Ona görə də, hər hansı isteriyaya əsas yoxdur”.

Millət vəkilinə görə, Ermənistan tərəfi məsələni süni şəkildə şişirdərək dezinformasiya ilə məşğuldur: “Bölgədəki ağır hava şəraiti ilə əlaqədar qaz xətlərində yaranan texniki problemlərdən Ermənistan siyasi manipulyasiya aləti kimi istifadə etməyə çalışır”.

Cavid Osmanov hesab edir ki, uzun illər ərzində 400.000 dən çox əhalisi olan Naxçıvan məhz Ermənistanın işğalçılıq siyasətinin nəticəsi olaraq blokada şəraitində qaldı:

“Naxçıvanı qaz blokadasında saxlayan, 30 ilə yaxın Sərsəng su anbarından istifadə etməklə su terrorunu törədən Ermənistan heç bir əsası olmayan iddialara son qoymalıdır. Çünki Ermənistan yüzlərlə insanın həyatına və sağlamlığına son qoyan minaların xəritələrinin mövcudluğunu uzun müddət inkar edib. Bununla yanaşı 1990-cı illərin əvvəllərində itkin düşən 4000-dək azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat təqdim etməyib. Belə olan halda Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsi sadəcə siyasi riyakarlıqdır”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər