Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hicran xanım, Azərbaycanın post-müharibə dövrü ilə bağlı siyasi-diplomatik güc mövqeyini necə şərh edirsiniz?
- Əvvəlcə qeyd etmək lazımdır ki, Fərrux kəndinin və ona yaxın olan yüksəkliyin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi dövlətimizin siyasi və hərbi qələbəsidir. Bu ərazilərin strateji əhəmiyyəti hamıya məlumdur. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri ərazilərimizdən biri idi. Amma qanunsuz erməni silahlı dəstələri 30 il əvvəlki kimi yenidən Fərrux istiqamətindən mövqelərimizə atəş açmağa başlamışdı. Ona görə də, Azərbaycan Ordusu əməliyyat keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib. Eyni zamanda 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 4-cü maddəsində göstərilir ki, rus sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin ötən müddət ərzində biz bu prosesin baş vermədiyini görürük. Bu isə ərazidə təhlükəsizliyə əsas təhdid olan qanunsuz erməni silahlı dəstələrin yenidən baş qaldırmasına və bölgədə sülhyaratma prosesinin qarşısının alınmasına səbəb olur. Görünür ki, onlar hələ də sülhdən uzaqdadır. Əgər belə olmasaydı, Ermənistan Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası da Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı böhtan xarakterli bəyanat verməzdi. Azərbaycan Xarici İşlər Nazirliyi də bu sənədləri tamamilə həqiqətdən uzaq və iftira adlandırıb. Ermənistan revanşist fikirlərdən əl çəkməlidir, havadarlarına arxalanaraq səhv addımlar atmamalıdırlar. Uydurma iddialarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Əks halda o, yalnız prosesə maneə olacaq. Amma son proseslər bir daha onu təsdiqlədi ki, Fərrux Zəfəri ilə Azərbaycan öz suveren hüquqlarının müdafiə etdiyini və ərazi bütövlüyünün təmin olunması istiqamətində təmkinli tədbirlər görür. Bu Ali Baş Komandan İlham Əliyevin strateji hədəfləri hesablayaraq uzaqgörən və müdrik siyasətinin nəticəsidir.
- Sülhməramlılarla bağlı son zamanlar olan məsələlərin xarakteri haqqında nə demək olar?
- Azərbaycan hər zaman ədalətli münasibətin və düzgün qiymətləndirmənin tərəfdarıdır. Rusiya bizə qonşu dövlətdir. Azərbaycan Rusiya ilə qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalayıb. Hər iki ölkə Prezidentləri tərəfindən imzalanmış müttəfiqlik, qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyət, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qurur. Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər. Yəni Rusiya Federasiyası Müdafiə Nazirliyi hər hansı açıqlama verən zaman bu sənədi və 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarını əsas götürməli, Rusiya sülhməramlıları da öz fəaliyyətini məhz bu sənədələr uyğunlaşdırmalıdır. Lakin əfsuslar olsun ki, biz bu yanaşmanı müşahidə etmirik. Rusiya Federasiyası Müdafiə Nazirliyinin 26 və 27 mart tarixlərində verdiyi açıqlamaları ilə imzalanmış sözügedən bəyannamə və bəyanatlara hörmətsizlik nümayiş etdirir. Azərbaycan öz suveren ərazilərinə nəzarəti addım-addım bərpa edir və bu, tamamilə beynəlxalq hüquqa və bölgədəki vəziyyəti tənzimləyən razılaşmalara uyğundur.
- Qərb və ABŞ-ın erməniləri müdafiə edən açıqlamaları, fikirləri nədən qaynaqlanır?
- Bu birinci hal deyil və düşünürəm ki, sonuncu da olmayacaq. Azərbaycan hər zaman ikili standartlarla üzləşib. Faktiki olaraq, məsələnin həlli üçün ATƏT-in Minsk Qrupu heç bir ədalətli və konstruktiv addım atmadı. Təşkilat 30 ilə yaxın sadəcə, formal fəaliyyət nümayiş etdirdi. Azərbaycan BMT qətnamələrini özü icra edərək, Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. Indi isə yeni reallıq formalaşıb. Azərbaycan tarixi ərazilərində qanunauyğun addımlar ataraq, insanlıq əleyhinə cinayətlər törətmiş separatçı quldur dəstələrini buradan çıxarır. Bu beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilir. Əslində 10 noyabr Bəyanatının icrası həm region, həm də dünyadakı geosiyasi və geoiqtisadi kontekstində Qərbin və ABŞ-ın da maraqlarına uyğundur. Brüssel görüşləri və orada aparılan müzakirələr də bunu təsdiqləyir. Ona görə də biz öz haqlı işimizi sona qədər aparmalıyıq. Eyni zamanda xalqımız tam əmindir ki, Prezident İlham Əliyev nəyi, nə vaxt, necə etmək lazım olduğunu bilir. Bütün məsələlər, qarşıya qoyulan vəzifələr səbr və təmkinlə həllini tapacaq.
- Ermənistan parlamentinin spikeri Alen Simonyan MDB Şurasının iclasında Azərbaycana qarşı absurd iddialarını necə şərh edərdiniz?
- Bu, əsassız iddiadır. Ermənilər hər zaman belə yalan, uydurma fikirlər səsləndirir, özlərini “yazıq” göstərməyə çalışır. Həmin iclasda Milli Məclisin sədri hörmətli Sahibə Qafarova da ona layiqli cavab verdi. Parlamentin sədri Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasını bir daha diqqətə çatdıraraq bildirib ki, ölkəmizin suveren ərazisi olan Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. S.Qafarova 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməməsini vurğulayıb. Həmçinin bu müddəaların məhz Ermənistan tərəfindən pozulduğu da diqqətə çatdırılıb. Vurğulanıb ki, Ermənistan əsassız və heç bir məntiqə, hüquqa sığmayan iddialar irəli sürməkdənsə, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət göndərdiyi sənədə adekvat cavab versin. S.Qafarova Qazaxıstana işgüzar səfəri çərçivəsində Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüş çərçivəsində də bu məsələni yenidən gündəmə gətirib.