17 May 2022 19:14
4 140
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Rusiya-Ukrayna müharibəsi ilə bağlı tərəflərin yaydığı son məlumatlara istinad etsək, real vəziyyəti necə qiymətləndirmək olar?

- Bizim cəmiyyətdə də bir qrup insan var ki, təbliğata həddindən artıq çox inanırlar. Ukraynada gedən müharibəyə uyğun olaraq həm Rusiyanın, həm də Ukrayna və Qərbin təbliğatını görürük. Yəni, real vəziyyəti başa düşmək üçün bizə lazımi məlumatı tapmaq çətin olur. Hər iki tərəf müharibə qaydalarına uyğun olaraq öz xeyrinə olan məlumatları yayır. Bu bəllidir.

- Finlandiya və İsveçin NATO-ya üzvülüyü məsələsinin Ukrayna hadisələri ilə nə qədər bağlılığı var?

- NATO-ya üzvlüklə bağlı ölkələrin mövqeyinə gəldikdə isə bunun heç də Ukrayna hadisələri ilə bir bağlılığı yoxdur. Çünki bir ay öncə Finlandiyanın səfiri ilə Bakıda görüşdük. Belə başa düşdüm ki, iki il bundan öncə Finlandiyanın NATO-ya üzvlüyü üçün hazırlıq işləri başlayıb. İsveçi deyə bilmərəm, amma Finlandiyada buna hazırlıq çoxdan gedib. Finladiyanın üzvlüyü artıq həm daxili siyasətdə, həm də xaricdə müzakirə edilirdi. Ona görə də bunu Ukrayna məsələsi ilə bağlamaq doğru deyil.

- Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvülüyü ilə bağlı prosesə münasibəti nədən qaynaqlanır?

- Türkiyənin mövqeyi məntiqlidir. Finlandiyada bir o qədər olmasa da, İsveçdə Türkiyənin dövlətçiliyinə, ərazi bütövlüyünə qarşı olan qüvvələr çox fəaldır. Onlara İsveçdə xüsusi bir şərait yaradılıb. Təbii ki, Türkiyə də bun razı deyil. Ona görə də öz mövqeyini bildirir. Bu baxımdan olan yanaşma Türkiyənin mövqeyinə və maraqlarına uyğun bir addımdır. Rusiya-Qərb qarşıdurmasının həllinə isə çox vaxt tələb olunacaq. Bu uzun çəkən bir proses olacaq. Biz də öz maraqlarımıza və Türkiyənin mənafeyinə uyğun olan addımları dəstəkləməliyik. Burada bizim kiminsə tərəfini tutmaq niyyətimiz yoxdur. Prinsipial olaraq biz təbii ki, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Eyni zamanda biz öz maraqlarımızı da qorumalıyıq.

- Ermənistanda artıq 3-cü həftədir ki, davam edən aksiyalar fonunda hakimiyyətə təzyiqlərin real nəticəsinin olacağı gözlənilirmi?

- Burada bir sıra məqamlar var. Amma Ermənistandakı hazırkı etiraz dalğası o qədər də kütləvi xarakter almayıb. Bu daha çox elitanın daxilində olan hansısa qarşıdurmanın nəticəsi kimi ortaya çıxır. Burada mübarizə iki qolun arasında gedir. Hazırda müxalifətlə iqtidar arasında kəskin bir mübarizə var. Qarabağ mövzusu burada onlar üçün sadəcə olaraq bir bəhanədir. Amma Nikol Paşinyanın da davranışlarından onun sülhə tərəf getdiyini ciddi qəbul etmək olmaz. Əslinə qalsa, bu, elə görüntü yaratmaqdır. Çünki onlar Azərbaycana qarşı olan ərazi iddialarından imtina etməyiblər. Bunun təzə bir “formasını” yaratmağa çalışırlar. 1988-ci ildən başlayaraq bu günə qədər onların Azərbaycana qarşı ərazi iddiaları davam edir. İndi guya hansısa məsələlərdə geri çəkiliblər. Bu da reallıqda deyil, saədəcə olaraq iddialarına başqa ad qoymağa çalışırlar.

- Erməni müxalifəti də Azərbaycanla sülhün əleyhinə olmadığını açıqlayıb. Amma onlar Qarabağ üçün son danışıqlar müstəvisində “keçid statusun” verilməsindən bəhs edirlər. Sizcə bu nə deməkdir?

- Əslində bu işin mütəxəssisi olmayan insanlara ünvanlanmış bir fırldaqdır. Bu sadəcə növbəti erməni fırıldağıdır. Bunun başqa adı yoxdur. Köhnə siyasətlərinə təzə bir forma verməyə çalışırlar. Eyni zamanda onların Moskvada, Parisdə, Vaşinqtonda olan havadarları bizim üçün sanki tələ hazırlamağa çalışırırlar. Çünki istənilən diplomatik dildə delimitasiya və demarkasiyanın texniki məsələ olduğu açıq şəkildə izah edilir. Bunun əsasında duran əsas məqam ölkələrin hansısa sərhədi tanımasıdır. Məhz bundan sonra xəritələri ortaya qoyaraq texniki məsələlər həll edilir.

- Ermənistanın sərhəd məsələsində istəyi nədən ibarətdir?

- Ermənistan istəyir ki, Azərbaycan onun sovet dövründə olan sərhədini tanısın. Moskvadan deyilən xəbər odur ki, onlar 1972-ci il xəritələrini ortaya qoymaq istəyir. Parisdən deyilən xəbər isə odur ki, məsləhətlər verməyə hazırdırlar. ABŞ isə deyir ki, GPS vasitəsi ilə sərhədləri dəqiqləşdirə bilər. Amma əslində bundan əvvəl biz hansısa xəritəyə razılıq verməliyik. Yəni biz Ermənistanın sovet dövründə olan sərhədlərini tanıyırıq. Amma onlar bizim sərhədlərimizi de-fakto tanımaqdan boyun qaçırır. Ermənistanın xarici işlər naziri məsələ ilə bağlı belə deyib: "Biz Azərbaycanın ərazi bütövlüyünü 1991-ci ildən tanımışıq”. O zaman sual yaranır ki, onlar bizim ərazi bütövlüyümüzü necə tanıya bilər ki, 20 faiz ərazilərimiz işğal edildi. Soyqırımı, etnik təmizləmə edildi, 1 milyon azərbaycanlı didərgin salındı. Bu yanlış yanaşmalara son qoyulmalıdır.

- Sizcə, “niyyət” necə pərdələnir?

- Ermənilərin əsas niyyətləri Azərbaycan ərazisində hansısa bir qondarma rejimin təminatçısının qalmasıdır. Açıq görünən odur ki, Ermənistan və onun havadarları bizi qurduqları tələyə salmağa çalışır. Amma onlar Azərbaycana qarşı ərazi iddialarından imtina etməyəcəklərsə, biz də öz tarixi ərazilərimizlə bağlı məsələni yenidən gündəmə gətirəcəyik. Bu Zəngəzurla olan tarixi reallıqdır. Əgər erməni tərəfi Qarabağa yenə də iddiada olacaqsa, biz də Zəngəzurla bağlı iddiamızı ortaya qoymalıyıq. Ermənistan Azərbaycanın suveren ərazisinə iddiasında sona kimi əl çəkməyəcəksə, Azərbaycan özünün tarixi əsaslarla sübut edilmiş ərazilərindən Zəngəzurdan imtina etməyəcəyik. Ölkəmiz bu məsələləri gündəmə gətirib mövqeyini də bunun üzərində formalaşdıracaq. Bunun nəticəsini isə onlar yaxşı bilir. Çünki onlar Qarabağda olan ermənilərin təminatçısıı olmaq istəyirsə, biz də Zəngəzura qayıdan insanların təminatçısıyıq. Bu fakt onların siyasətinə qarşı ən vacib arqumentdir.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər