Brüsseldə növbəti dəfə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş təşkil edilib. Artıq üçüncü dəfədir ki, bu formatda görüş keçirilir. Azərbaycan II Qarabağ müharibəsindən qalib çıxmış dövlət olmasına baxmayaraq regionda proseslərin bundan sonrakı müstəvidə məhz sülh və əməkdaşlıq formatında inkişafında maraqlıdır.
Bunu Telerqaf.com-a Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor qeyd edib ki müzakirələrdə iki ölkə arasında münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası proseslərinin qısa zamanda həyata keçirilməsi əsas prioritet kimi qarşıya qoyulub: “Bu mənada Azərbaycanla Ermənistanın II Qarabağ müharibəsindən sonra sülh müstəvisində münasibətlərinin təşkilində Avropa İttifaqının təşəbbüsü və vasitəçiliyi mühüm önəm kəsb edir”.
Millət vəkili xatırladıb ki, Azərbaycan münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistana beynəlxalq hüquqa əsaslanan 5 prinsip təqdim edib: “Bu prinsiplər sülh müqaviləsinin hazırlanmasında əsas rol oynayacaq. Azərbaycan dövləti iki ölkə arasında sülh müqaviləsinin hazırlanması prosesinin sürətli şəkildə həyata keçiriləcəyinə ümidvardır. Keçirilən bu görüşlər də məhz bu prinsiplərə və sülhə sona qədər sadiqliyin əyani təzahürü hesab edilir”.
Eldar Quliyev bu il aprelin 6-da Azərbaycan, Ermənistan və Avropa İttifaqı arasında keçirilmiş görüşün nəticələrinə uyğun olaraq bir sıra addımların atılacağının nəzərdə tutulduğunu bildirib: “Azərbaycanın aprelin sonunda sülh müqaviləsi üzrə danışıqlara başlamaq üçün İşçi Qrupunun tərkibini, həmçinin sərhədlərin delimitasiyası üzrə milli komissiyanın tərkibini müəyyənləşdirdiyini və bu xüsusda danışıqlara hazır olduğunu bəyan edib. Amma Ermənistan növbəti dəfə prosesdən yayınmaq üçün müxtəlif bəhanələrdən istifadə edir. Bu razılaşmalarda həmçinin işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan 4 minə yaxın şəxsin taleyinə aydınlıq gətirilməsi kimi vacib məqmalar yer alıb. Eyni zamanda 10 noyabr 2020-ci ildə imzalanmış Bəyanatının bütün müddəalarının Ermənistan tərəfindən icra olunmasının zəruriliyi də gündəmdədir”.