23 Sentyabr 2022 16:13
1 516
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla Ermənistan arasında baş verən son sərhəd toqquşması Bakının hərbi üstünlüyünü bir daha nümayiş etdirdi”.

Teleqraf.com xəbər verir ki, bunu professor Hasan Ünal “Independent Türkçe” üçün yazdığı məqalədə bildirib.

Professor qeyd edir ki, Azərbaycan İkinci Qarabağ Müharibəsində nümayiş etdirdiyi hərbi imkanlardan 10 noyabr üçtərəfli anlaşmasını yerinə yetirməkdən boyun qaçıran Ermənistana qarşı növbəti dəfə uğurla istifadə etdi:

“Əsasən öz daxili problemlərindən irəli gələn səbəblərdən Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində hücuma keçən Ermənistan Azərbaycan ordusunun sərt müqavimətindan sonra geri çəkilməli oldu. Ermənistan gərgin toqquşmalarda Azərbaycan qarşısında yüzlərlə itki verdi, bununla da İrəvan Bakının 2020-ci ildəki hərbi qələbəsinin dönməz olduğunu gördü. Bundan əlavə, son toqquşmada Rusiyadan istədiyi hərbi dəstəyi ala bilmədiyi üçün İrəvanda həm Moskvaya, həm də KTMT-yə qarşı etirazlar baş qaldırdı.

“Bəla gətirən” və “xaos yaradan” kimi tanınan ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi bu nümayişlərə əlavə töhfə verdi”.

Ünal bildirir ki, İkinci Qarabağ müharibəsində o vaxta qədər “məğlubedilməz” hesab edilən və işğal altındakı torpaqlarda öz mövqelərini gücləndirən Ermənistan ordusu ağır məğlubiyyətlə darmadağın edilərkən, Azərbaycanın erməni elitasında yaratdığı dərin psixoloji sarsıntı da diqqətdən qaçmır:

“Tarixi hadisələrin təhrif olunmuş yozumları üzərində qurulmuş, nifrət duyğuları ilə yoğrulmuş və “məzlum və qurbanlıq” obrazı yaradılmış Ermənistan heç vaxt belə bir məğlubiyyətə uğrayacağını gözləmirdi. Müharibəyə qədər İrəvandakı ümumi fikrə görə, Ermənistan ordusu Azərbaycana nə lazımdırsa, edəcək, Türkiyə müdaxilə etsə, Rusiya işə qarışacaq. Üstəlik, Qərbin də Ermənistanı tək qoymayacağına inanırdılar. Amma regiondakı geosiyasi durumun sürətlə dəyişdiyini görməyə ermənilərin xülyaları mane olurdu.

Ermənistanın Rusiya üçün əhəmiyyətinin illər keçdikcə azaldığını, Azərbaycanın Türkiyənin yardımı və dəstəyi ilə öz silahlı qüvvələrini çox yaxşı hazırladığı və təchiz etdiyini, təkbətək döyüşdə Ermənistana ağır zərbələr endirə biləcəyini nəzərə almadılar, işğal etdikləri torpaqlardan tədricən geri çəkilməyi düşünmürdülər. Nəticədə qərbpərəst gündəmlə hakimiyyətə gələn Paşinyanın ciddi yanlış hesablamaları Ermənistanı 1922-ci ilin yayında Yunanıstanın Qərbi Anadoluda, 1974-cü ilin iyulunda isə yunanların Kiprdə üzləşdikləri sona çatdırdı. Azərbaycan strateji səbirli siyasəti və illərlə intensiv hazırlıqları nəticəsində tam qələbə qazandı. Son qarşıdurmalar bu qələbənin dönməz reallıq olduğunu təsdiqlədi”.

Professorun sözlərinə görə, son toqquşmalar Azərbaycanın meydanda qələbəsinin əbədi olduğunu təsdiqləməklə yanaşı, həm də onu göstərir ki, sülh prosesi dönməz şəkildə davam etməlidir:

“Etiraz aksiyaları keçirən Paşinyan əleyhdarlarının Pelosinin səfərindən ruhlanaraq prosesi çətinləşdirmək istədikləri faktıdır. Ancaq bu etirazçıların istədikləri dəstəyi və yardımı tapa bilmədikləri halda Rusiyaya qarşı hərəkətə keçmələrinin, Pelosinin Türkiyə, Azərbaycan və Rusiya əleyhinə açıqlamalarının yerdəki reallıqları dəyişəcəyini düşünmək çox çətin ola bilər. Amerika indiki dünya konyukturasında Türkiyə, Azərbaycan və Rusiyaya qarşı Ermənistana hərbi dəstək verə bilməz, istəsə belə Ermənistana hərbi yardım göndərmək üçün yol və sərhəd tapa bilməz.

Türkiyə ilə Azərbaycan arasında ilişib qalan Ermənistandan yeganə çıxış yolu olan Gürcüstan həm Ankara, həm də Bakı ilə dərin və hərtərəfli iqtisadi və ticari əlaqələrə malik olduğu üçün buna imkan vermir. ABŞ-ın İran üzərindən belə bir yük daşımasını gözləmək Marsda torpaq almaq kimi bir şeydir.

Ermənistanla çox oxşar millətçilik anlayışına malik Yunanıstanın 1974-cü il Kipr Sülh Əməliyyatını dayandıra bilməməsi səbəbindən ABŞ-a qəzəblənərək NATO-nun hərbi qanadından çıxmasına bənzər bir addım İrəvandan da gələ bilər. Bunu yazarkən, Moskvanın İrəvandan aldığı qazın pulunu ödəmək üçün vaxt verdiyi xəbəri gəldi.

Regionda yenidən müharibənin olması demək olar ki, mümkün deyil. Çünki Cənubi Qafqaz geosiyasətinin ən mühüm elementlərindən biri olan Azərbaycan regionun digər iki ölkəsi - Ermənistan və Gürcüstan arasında supergücə çevrilib. Bakının təkcə müdafiə xərcləri İrəvanın ümumi büdcəsindən çoxdur. Bu illər ərzində Ermənistan sakinlərinin tərk etdiyi boş əkin sahəsinə çevrilib. Onun Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasətini davam etdirməklə regionda inkişaf edən iqtisadi və kommersiya formasiyalarından qazanc əldə etməsi mümkün deyil.

Gürcüstan isə xarici siyasətində Rusiya əleyhinədir və Bakıya çox yaxın mövqedən çıxış edir. Gürcüstandakı Azərbaycan şirkətləri bu ölkənin məşğulluq və gəlirlərində mühüm pay sahibinə çevrilib. Ankara ilə münasibətlər Tiflis üçün həyati əhəmiyyət kəsb edir. Türkiyə həm coğrafi baxımdan dünyaya açılan qapıdır, həm də Gürcüstan üçün mühüm iqtisadi və ticarət tərəfdaşıdır.

Bölgəni əhatə edən böyük dövlətlər, yəni Türkiyə, Rusiya və İran yeni müharibə istəmir, istəməz.

Moskva üçün 2020-ci ildə baş vermiş İkinci Qarabağ Müharibəsinin nəticələri ilə məsələ bağlanıb. Moskvaya görə, Qarabağ problemi qərbyönlü iddialarla hakimiyyətə gələn, diplomatik danışıqlarda ekstremizm və səriştəsizlik nümayiş etdirərək müharibəyə səbəb olan Paşinyan səbəbindən həll olunub. Moskva indi buna görə Türkiyə ilə əlaqələrini korlamaq istəməz. Üstəgəl, Ukraynada Qərbə qarşı çox çətin mübarizə aparan və bu mübarizədə Türkiyəyə ehtiyacı artan Rusiyanın Ermənistanın fanatik davranışları ucbatından Ankara ilə münasibətlərinin pisləşməsini və ya bu münasibətləri riskə atmasını istəyəcəyini düşünmək çətindir”.

Hasan Ünal İranın bölgədə gedən proseslərə yanaşmasına da diqqət çəkib:

“İranın Zəngəzur dəhlizinin açılmasına vaxtaşırı etirazları olsa da, İkinci Qarabağ Müharibəsinin yaratdığı yeni strateji tənliyi dəyişmək mümkün deyil. Əslində İranın yeni hakimiyyəti seçildikdən sonra bu istiqamətdə müəyyən addımlar atmaq istədi. Amma Bakının sərt etirazına səbəb olan siyasətindən Rusiyanın da təzyiqi ilə əl çəkdi.

Burada həlledici amil Türkiyədir. Ankara-Bakı münasibətləri 1990-cı illərdə “İki Dövlət, Bir Millət” prinsipi başlayıb, zaman keçdikcə Bakı-Tiflis-Ceyhan neft kəməri, Türkiyə üzərindən Avropaya gedən təbii qaz kəmərlərinin işə düşməsi və iki xalq arasındakı qardaşlıq hissi ilə daha da güclənib. İndi Türkiyənin İrana Azərbaycanı yıxmasına icazə verəcəyini gözləmək düzgün olmazdı. Türkiyə-Azərbaycan əlaqələri Rusiya-Belarus münasibətlərindən də güclüdür.

Tehran belə bir şəraitdə Bakıya qarşı hərəkətə keçsə, avtomatik olaraq Türkiyəni aktivləşdirəcək və bir çox dövlətləri, xüsusən də İsrail, Amerika və onlarla birgə hərəkət edəcək Körfəzin ərəb ölkələrini özünə qarşı ayağa qaldıracaq.

Bundan əlavə, belə bir halda İranın böyük təlatümlərə sürüklənməsi ehtimalı da gözardı edilə bilməz. Təbii ki, Tehran bütün bunların özü üçün yaxşı olmayacağını çox gözəl bilir.

Digər tərəfdən, Ermənistanla sərhəd əlaqəsinin itirilməsi və bu ölkədən keçən Şimal-Cənub nəqliyyat marşrutlarının kəsiləcəyi ilə bağlı narahatlığı İranla qarşılıqlı qazanc və dinc yolla aradan qaldırıla bilər. Türkiyənin İranla yaxşı əlaqələri var. Məqsəd İrana zərər vermək deyil, əksinə, Azərbaycan və Türkiyə maraqlıdır ki, İran dost və qonşu ölkə kimi regionda sülh və sabitlik atmosferinə daxil olsun”.

Professor onu da bildirir ki, Qərb, xüsusən də ABŞ və Fransa Azərbaycan-Ermənistan məsələsində heç vaxt ədalətli və balanslı siyasət aparmayıb:

“Xüsusilə 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğal olunduğu, Azərbaycan türklərinə qarşı soyqırımı və etnik təmizlənmənin aparıldığı bir vaxtda ermənipərəst siyasət yürüdən bu iki dövlətin İkinci Qarabağ müharibəsindən sonra yaranmış status-kvonu dəyişdirməyə cəhd edəcəyini gözləmirəm, bunu düşünmək ağlasığmazdır.

Pelosi timsalında olduğu kimi, yarıçılpaq siyasətçilər geosiyasi reallıqlardan uzaq bəyanatlar verə və Amerikada seçki gərginliyi səbəbindən aranı qarışdırmaq istəyə bilərlər, amma bunu yerdəki vəziyyəti dəyişdirmək cəhdləri hesab etmək olmaz.

Eyni şey Fransa üçün də keçərlidir. Rusiyadan enerji asılılığını azaltmaq istəyən Avropa İttifaqının Azərbaycanı qarşısına alaraq, Ermənistanın yanında olacağını və ona ciddi maliyyə və silah yardımı göstərəcəyini gözləmək də real deyil.

Daxili siyasətlə bağlı bəyanatlar Rusiyanın reaksiyasını çəkir. Bu prosesin həm qısa, həm də ortamüddətli perspektivdə Ermənistana zərər vurmaqdan başqa nəticəsi olmayacaq. Çünki İrəvan-Moskva münasibətləri soyuduqca Ermənistan hər mənada kimsəsiz və müdafiəsiz dövlətə çevrilir. Baxmayaraq ki, zaman-zaman öz seçimləri ilə yaşadıqları travmalara görə radikal seçimlərə atılırlar, amma Ermənistanın Azərbaycanla hərtərəfli sülh müqaviləsi imzalamaqdan, Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan başqa yolu yoxdur.

Bakı və Ankaranın indiyə qədər irəli sürdüyü təşəbbüslərin faydalarını təhlil etmək və bu istiqamətdə addımlar atmaq Paşinyanın və onu dəstəkləyən ermənilərin işidir.

Otuz ildir torpaqları işğal altında olan, xalqı soyqırımı və etnik təmizləməyə məruz qalan Azərbaycana qarşı Rusiya və ya digər dövlətlərin onlara yardım edəcəyini və Azərbaycanın öz torpaqlarındakı suverenliyini məhdudlaşdıracaq addımların atılacağını gözləmək İrəvan üçün böyük səhv olardı.

Ermənistan İkinci Qarabağ Müharibəsindən sonra bəxtini sınadığı hər bir toqquşmada Azərbaycanın qələbəsinin dönməz olduğunu gördü. Eyni üsulların bir daha istifadə olunmayacağına ümid edilir, bunun əvəzinə, İkinci Dünya Müharibəsindən sonrakı Fransa-Almaniya sülhü və dostluğuna bənzər yeni bir proses yaradıla bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər