Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və yenidənqurma işləri uğurla davam edir. 30 il işğala, vandalizmə və barbarlığa məruz qalmış tarixi torpaqlarımıza Azərbaycan dövlətinin gücü və qüdrəti sayəsində artıq, həyat yenidən qayıdır. Tarixi torpaqlarımızın yenidən canlandırılması və burada baş vermiş erməni barbarlığını dünyaya göstərilməsi baxımından bu ərazilərdə təşkil edilən beynəlxalq tədbirlərin xüsusi əhəmiyyəti var. Oktyabr 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumunun keçirilməsi də məhz bu məqsədə xidmət edib.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Tamam Cəfərova deyib.
O qeyd edib ki, bu tədbir BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi baş tutub: “Ağdamda keçirilən tədbirin gündəliyi “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusuna həsr edilib. Sözsüz ki, Azərbaycan Milli Şəhərsalma Forumunun işğaldan azad olunmuş Ağdam rayonunda təşkil olunması burada baş vermiş erməni barbarlığını və vandallığını dünyaya nümayiş olunması baxımından əhəmiyyətlidir. Çünki azad edilmiş ərazilərə gələn hər kəs Ermənistanın işğalı və təcavüzünün nəticələrini görür. II Qarabağ müharibəsindən sonra minlərlə əcnəbi, jurnalist, siyasətçi, vətəndaş cəmiyyəti nümayəndələri azad olunmuş ərazilərə gəlib və bu reallığın şahidi olub. Erməni barbarlığı və vandalizminin miqyasını görən hər kəs buradan fərqli təəsüratlarla ayrılır. Ağdama gələn xarici ekspertlərin, jurnalistlərin buranı “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırması heç də təəcüblü deyil. Məhz erməni vandallığı belə bir “mənzərənin” formalaşmasına səbəb olub”.
Millət vəkili Ermənistanın işğal faktına 28 il göz yuman BMT, ATƏT və digər beynəlxalq təşkilatların öz qərarlarının icrasında belə israrlı olmadıqlarını söyləyib:
“Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi 30 il kağız üzərində qalıb. Buna görə Ermənistana heç bir sanksiya tətbiq edilməyib. Bütün bunların fonunda isə Ermənistan özünün işğal “siyasətini və mahiyyətini” davat etdirib. Fakt odur ki, işğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bu ərazilərdə olub. Amma onlar buradakı vandalizmə, Ermənistanın qanunsuz məskunlaşdırma “siyasətinə” etiraz edib və yaxud bununla bağlı hansısa hesabat təqdim etməyib. Onların məqsədi Ermənsitanın işğal “siyasətinə” bu və ya digər formada “don” geyindirmək, status-kvonu saxlamaq olub. Şözsüz ki, Azərbaycan dövləti heç vaxt bu “reallıqla” barışa bilməzdi. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı şanlı qələbə ilə Ermənistanın işğal siyasətinə son qoyuldu, separatizmə sarsıdıcı zərbə vuruldu. Azərbaycan özünün dünya birliyi tərəfindən tanın ərazi bütövlüyünü təmin etdi. Bununla da, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə başlıca təhdid formalaşdıran problem aradan qaldırıldı. Artıq yeni bir reallıq formalaşıb. Bu reallıq sülhü, təhlükəsizliyi, əməkdaşlığı, regionun gələcəyinə hədəflənən inkişaf strategiyasını özündə ehtiva edir”.
Tamam Cəfərova müharibədən sonra Azərbaycanın Ermənistana təklif etdiyi sülh konsepsiyasının da məhz beynəlxalq hüququn prinsiplərini özündə birləşdirdiyini vurğulayıb: “5 maddəlik sülh konsepsiyasında ölkələrin ərazi bütövlüyünün qarşılıqlı tanınması, gələcəkdə ərazi iddialarından, güc tətbiq etməmək və ya güc tətbiq etmək hədəsindən çəkinmək, dövlət sərhədlərinin müəyyən edilməsi və kommunikasiyaların açılması şərtlərini əhatə edib. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri arasında baş tutan 4 tərəfli görüş də, məhz 5 prinsip əsasında aparılıb. Aparılan müzakirələrin nəticəsi onu göstərir ki, artıq Azərbaycanın bu şərtlərini vasitəçilər və qarşı tərəf birmənalı olaraq qəbul edib. Qafqazda sülhə yaxınlaşmaq artıq reallaşır. Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün əldə olunmasında fəal iştirak edir. Brüssel formatında məhz bu istiqamətdə bir neçə dəfə üçtərəfli görüş keçirilib. Praqada baş tutan dördtərəfli görüşün nəticəsi olaraq verilən bəyatanatda Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin Ermənistan tərəfindən tanıması qeyd edilir. Bu da regionda davamlı sülhə nail olunması üçün atılmış mühüm addım hesab edilir”.