Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Cümşüd bəy, Praqa görüşündən gözləntilər bir qədər fərqli olsa da, ölkəmizin istədiyi kimi nəticələndi. Avropa İttifqanın vasitəçiliyi ilə baş tutan görüşdə Azərbaycanın ərazi bütövlüyü Ermənistan tərəfindən tanındı. Proses bundan sonra necə davam edəcək?
- Praqada əslində Azərbaycan çox şeyə nail oldu. İlk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etdi. Əslində bunun iki böyük nəticəsi var. Əvvəla, Ermənistan keçmiş “Dağlıq Qarabağın” Azərbaycanın ərazisinin içərisində olduğunu qəbul etdi. İkinci bir fakt isə odur ki, Ermənistan rəsmi şəkildə Qarabağda müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlılarından birmənalı imtina etmiş oldu. Yəni, bu artıq Azərbaycanın ərazi bütövülüyünə aid olduğu üçün ölkəmizin daxili işi hesab edilir. Eyni zamanda avtomatik olaraq beynəlxalq hüquqa əsasən 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannamənin həmin bəndi qüvvədən düşmüş oldu. Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanan kimi bu bənd öz hüquqi qüvvəsini itirəcək.
- Bu, Azərbaycan üçün əlavə hansı üstünlüklər və imtiyazlar qazandıracaq?
- Azərbaycan tərəfi istədiyi zaman birtərəfli qaydada həmin Bəyannaməni yerinə yetirməyə bilər. Bu artıq beynəlxalq hüququn normasıdır. İstəsək də, istəməsək də bu belədir. Məsələnin siyasi tərəfi məhz bu cürdür. Bundan başqa Ermənistan Azərbaycanı Avropadakı hadisələrə sirayət edə bilən bir aktor kimi qəbul etdi. Çünki məhz Praqa görüşündən öncə Mekodoniya və Serbiya prezidentinin və digərlərinin Prezident İlham Əliyev haqqında dediyi fikirlər rəsmi şəkildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolunun qəbul edilməsi demək idi. Eyni zamanda onlar bildirdilər ki, Azərbaycan burada çox önəmli xüsusiyyətə malikdir. Avropanın siyasi cəhətdən yenidən arxitekturasının yaradılmasında, dizayn edilməsində Azərbaycanın bu və ya digər cəhətdən rolu hüquqi cəhətdən təsdiqlənmiş oldu. Bundan başqa Ermənistan rəsmi şəkildə Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiya məsələlərini qəbul etdi. Bununla bağlı yaradılan işçi qrupları və digər prosedurlar məhz buna dələlət edir. Bütün bunlar onu göstərir ki, Ermənistan çox çətinliklə də olsa Azərbaycanın şərtlərini qəbul etdi.
- Görüşdən sonra bölgədə ümumi abhavanı necə qiymətləndirmək olar?
- Bunun mənəvi ideoloji tərəfi onunla bağlıdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla öz məğlubiyyətini və ölkəmizin güclü bir dövlət olduğunu təsdiqlədi. Ermənistan və onun tərəfdarları son 200 ildə bəşəriyyətə meydan oxuyan xristian dünyası reallığı qəbul edib. Nəhayət ki, 216 ildən sonra Azərbaycan ilk dəfə öz ərazisini geri qaytara bilib. Çünki Azərbaycan keçmiş SSRİ-nin tərkibinə qatılanda ərazisi 114 min kv kilometr olub. Bütün bunların hamısı onu göstərir ki, Praqa görüşlərinin hərbi-siyasi yükündən çox siyasi-ideoloji nəticələri daha önəmlidir. Bu, Azərbaycanın dünyaya açılması üçün daha vacibdir. Nəhayətdə Azərbaycanın yürütdüyü xarici siyasətdə bu günə qədər prioritet sayılan məsələlər həllinə nail olundu.
- Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı. Bəs bunun rəsmi sənədlərdə tənzimlənməsi (Ermənistanın müstəqillik aktında və konstitusiyasında ölkəmizə, qardaş Türkiyəyə qarşı ərazi iddiaları yer alıb) hansı müddətdə baş tuta bilər?
- Hər bir ölkənin, o cümlədən Azərbaycanın Konstitusiyasında göstərilir ki, ölkə beynəlxalq hüquqda qəbul etdiyi, iki və çox tərəfli sazişlərə qoşulduğu halda dövlətin konstitusiyasının bunun əleyhinə olan bütün maddələri qüvvədən düşür. Ermənistan konstitusiyasının birinci bəndinin preambulasında bu iddialar yer alıb. Amma Ermənistan konstitusiyasının digər bəndlərində qeyd edilib ki, bu ölkə beynəlxalq hüquqa hörmət edir. Beləliklə beynəlxalq hüququn normaları ölkə qanunlarından üstün hesab edilir. Ona görə də indiki halda Ermənistanın referendum keçirməsinə, konstitusiyasını dəyişməsinə ehtiyacımız yoxdur. Çünki Ermənistan avtomatik olaraq etiraf etdi ki, Qarabağ Azərbaycan ərazisidir. Ona görə də biz bundan o tərəfdə olan məsələləri çox da fikirləşməməliyik. Bu mövzu ola bilsin ki, mətbuat üçün maraqlı ola bilər. Amma dövlət üçün bunun elə də siyasi dividenti yoxdur.
- Avropa “Siyasi Klubunun” önə çıxması fonunda burada bir-birinə zidd ölkələr də yer alır. Azərbaycan-Ermənistan, Türkiyə-Yunanıstan timsalında mövcud problemlərin həlli mexanizmi necə mümkün olacaq?
- Avropa da iki siyasi klub var. Bu “Paris” və “Roma" siyasi klublarıdır. Hər iki siyasi klubun mövqeyi aydındır. "Paris" klubu artıq birmənalı olaraq bu reallığı qəbul etdi. “Roma" klubu isə Azərbaycanın maraqlarına uyğun olaraq hərəkət edir. Ona görə də burada yenidən bir amerika yaradılmır. Çünki Avropa Şarl Mişelin timsalında birmənalı şəkildə Azərbaycanın dövləti hüquqlarını tanıdı və qəbul etdi. Yenidən başqa bir şey axtarmağa ehtiyac yoxdur.