Azərbaycanın yaxın gələcək üçün əsas hədəfi Ermənistanla ədalətli və qalıcı sülh müqaviləsini imzalamaqdır. Bunun üçün addımlar atılır, eyni zamanda bir çox istiqamətlərdə görüşlər keçirilir. Ermənistan tərəfi müxtəlif cəhdlərlə bu prosesdən yayınmaq istəsə də, Azərbaycan elan etdiyi 5 prinsiplə sülh müqaviləsini imzalamaq niyyətindədir.
Bunu Teleqraf.com-a ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, doğru istiqamətdə atılan addım da məhz budur: "Çünki Cənubi Qafqazda dayanaqlı və ədalətli sülhün bərpası bütün bölgə ölkələrinin strateji maraqlarına cavab verir. Sadəcə olaraq Ermənistanda olan problem odur ki, bu ölkədə sülhü istəməyənlər daha çoxdur.
Natiq Cəfərli hesab edir ki, sülhlə bağlı Azərbaycan tərəfində yekdil fikir var: “İctimai fikir də, iqtidar və müxalifətin də fikri eyni istiqamətə yönəlib. Bizim mövqeyimiz odur ki, sülh müqaviləsi bağlansın. Amma Ermənistanda revanşist qüvvələr və onların ətrafında cəmləşmiş qruplar müharibənin nəticələrini qəbul etmək istəmirlər. Eyni zamanda bu qüvvələrə müxtəlif xarici ölkələrin də təsiri var. Burada Rusiyanın təsir dairəsində olan hərbçilərin də rolunu diqqətdən kənarda saxlamaq olmaz. Çünki məhz bu amillər Ermənistan tərəfindən vəziyyəti daha da qəlizləşdirir. Ona görə də, sülh müqaviləsinin bağlanmasını qeyri-müəyyən vaxta qədər uzanması üçün edilən cəhdləri görməkdəyik. Azərbaycan tərəfi isə özünün elan etdiyi prinsiplərə uyğun olaraq addımlarını davam etdirir".
O vurğulayıb ki, bunun üçün zəruri olan beynəlxalq infrastrukturun qurulması, yeni logistik xətlərin çəkilməsinə vəsait ayrılır: "Beləliklə də, vaxtından da əvvəl bir çox layihələr həyata keçirilir. Ötən gün Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açılışını etdiyi Zəngilan Beynəlxalq Hava limanı bu prosesin tərkib hissəsi hesab edilir. Bundan başqa dəmir və avtomobil yolunun Ermənistanla sərhədə qədər çəkilişi prosesi yaxın zamanlara qədər yekunlaşacaq. Bu istiqamətdə aparılan intensiv işləri hər kəs görür. Ona görə də, Azərbaycan tərəfi səmimi olaraq bu bölgədə sülhün qurulmasında maraqlıdır. Eyni zamanda bu bölgənin dünya iqtisadiyyatı və bölgə üçün açılmasında maraqlı tərəflər var. Çünki bir çox dairələr maraqlıdır ki, logistik xəttlərin açılması ilə Şimal-Cənub, Şərq-Qərb dəhlizləri fəaliyyət göstərsin, nəticədə bölgənin bütün ölkələrinin maraqları təmin edilsin. Bu baxımdan Zəngilan hava limanının açılmasına tək infrastruktur layihəsi kimi baxmaq doğru deyil. Çünki buna həm də bölgənin ümumi təhlükəsizlik konsepsiyasının tərkib hissəsi kimi baxmaq lazımdır. Bunun tək hava limanı kimi bir funksiyası nəzərə alınmamalıdır.
Onun özünün qorunma, nəzarət sistemləri mövcud olur. Bütün bunlar isə ümumi təhlükəsizlik konsepsiyasının tərkib hissəsinə çevrilə bilir. Bu nöqteyi-nəzərdən Azərbaycan tərəfinin atdığı addımlar daha səmimi və effektivdir. Atılan bu addım bölgədə qalıcı sülhün təminatı üçün edilən mühüm cəhddir. Sadəcə olaraq qarşı tərəfin buna nə dərəcədə adekvat olacağı məsələsi gündəmdədir. Ermənistan tərəfi bu ilin sonuna qədər sülh müqaviləsinin imzalanacağı anonsunu versə də, ortada hələ ki bununla bağlı ciddi bir addım yoxdur”.
Natiq Cəfərliyə görə, burada dövlətlərin maraqları və atılan addımların alqoritmləri fərqlidir: “Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı tutumu tək Azərbaycanla bağlı bir problem deyil. Əslində erməni tərəfinin sərhəddə 3 keçid məntəqəsinin açılmasını elan edilməsi başqa mətləblərdən xəbər verir. Bu, həm də ona işarədir ki, Rusiyanın tam nəzarətində olacaq Zəngəzur dəhlizinin açılmasından Ermənistan məmnun deyil. 10 noyabr 2020-ci il bəyannaməsində kommunikasiyaların açılması ilə bağlı sənədə nəzər salsaq görərik ki, Zəngəzurdan, yəni Ermənistan ərazisindən keçən dəhliz tamamilə Rusiyanın nəzarətində olacaq. Azərbaycan üçün bunun bir əhəmiyyəti yoxdur. Amma görünən odur ki, bunun Ermənistan üçün narahatedici tərəfləri çoxdur.
Bu baxımdan da Zəngəzur dəhlizinin açılmasının uzanmasına Azərbaycan-Ermənistan məsələsi kimi yanaşmaq doğru deyil. Bununla bağlı Ermənistanla Rusiya arasında ciddi problem var. Rusiya tərəfi Ermənistanın dövlət orqanlarının sərhəd keçid məntəqlərini o bölgədə qurmasına icazə vermir. Bundan başqa burada İranın da maraqları mövcuddur. İran da arzulamır ki, Ermənistan-İran sərhədində bütün nəzarət Rusiyanın əlinə keçsin. Yəni Ermənistanla İran arasında birbaşa əlaqə həmin dəhlizlə Rusiya tərəfindən kəsilmiş olsun və ona nəzarət etsin. Ona görə də, bu məsələni diqqətdə saxlamaq lazımdır. Çünki məsələ elə də asan görünmür. Bu baxımdan dəhlizin açılması ilə bağlı zamanın uzanması Azərbaycan və Ermənistan arasında olan məsələ deyil. Ermənistanla Rusiya arasında olan ciddi fikir ayrılığı da bu məsələdə özünü daha açıq şəkildə göstərir. Amma beynəlxalq münasibətlərin inkişaf trendində məhz bu əsas formalaşır ki, bu yollar əvvəl-axır açılacaq".
Ekspertin fikrincə, indiki halda Avropa Birliyinin də bu yolların açılmasında marağı böyükdür: "İstəyir ki, Rusiyadan yan keçməklə Şərqi Qərbə birləşdirən dəhlizlərin sayı artsın. Çünki Rusiya-Qərb arasındakı bu gərgin münasibətlərin nə vaxt bitəcəyi də məlum deyil. Rusiya ərazisindən keçən tranzit yüklərini də heç kim sığortalamaq istəmir. Qərb sığorta şirkətləri Çindən Avropaya gedən yükləri Rusiya ərazisindən keçən zaman sığortalamaqda maraqlı deyil. Ona görə ki, bu sığorta şirkətlərin müəyyən sanksiyalara tuş gəlməyinə fürsət yarada biləcək bir hal kimi qəbul edilir. Bu səbəbdən sığorta şirkətləri bundan imtina edir. Rusiyadan yan keçməklə Orta Asiya respubliklaları və Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə yeni dəhlizlərin açılmasında Avropa Birliyi ölkələri də çox maraqlıdır. Bu baxımdan Zəngəzur dəhlizinin tez-gec açılması labüddür. Sadəcə olaraq bu məsələdə erməni tərəfinin israr etdiyi məsələ odur ki, həmin dəhlizdə söz sahibi özü olsun. Dəhliz məsələsində Ermənistan tək Rusiyanın deyil, özünün də imtiyaz sahibi olmasına can atır. Düşünüləndir ki, bu məsələnin uzanması Rusiyanın Ermənistana edəcəyi təzyiqlərdən asılı olacaq”.
Milli Məclisin deputatı Aqil Məmmədov Prezident İlham Əliyevin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına səfərinə diqqət çəkərək bunun mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: "Artıq azad edilmiş torpaqlarımıza bu cür səfərlər mühüm obyektlərin, yolların, körpülərin, eyni zamanda yeni tikililərin bünövrəsinin qoyulması ilə yadda qalır. Zəngilan rayonu Ermənistanın işğalı dövründə böyük dağıntılara və vandalizmə məruz qalmış ərazilərimizdən biri kimi bu gün özünün çiçəklənmə dövrünü yaşayır. Azərbaycanda ilk dəfə Ağıllı kənd konsepsiyasının Zəngilanda Ağalı kəndində tətbiq edilməsi artıq özünün müsbət nəticələrini göstərir. Artıq böyük qayıdışın ilk mərhələsi kimi Zəngilan rayonu Ağalı kəndinin sakinləri öz ata-baba yurdlarına qayıdıb. Bu qısa zamanda Azərbaycan dövlətinin icra etdiyi ən mühüm və müasir standartlara cavab verən Ağıllı kənd konsepsiyası idi. Sözsüz ki, bu uğurlar Azərbaycan dövlətinin öz ərazisində gördüyü işlərin məntiqi ardıcıllığı kimi başa düşülməlidir".
O hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə sayca ikinci hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə verilməsi mühüm tarixi əhəmiyyətə malikdir:
“Çünki bu hava limanının qısa zamanda tikilib istifadəyə verilməsi bölgənin inkişafında mühüm rol oynayacaq. Sözsüz ki, bu gün Azərbaycanın müasir hava nəqliyyatı infrastrukturu, yeni hava limanlarının inşası artıq xarakterik bir hal alıb. İnkişaf edən Azərbaycan üçün işğaldan azad edilən ərazilərdə beynəlxalq standartlara cavab verən hava limanlarının olması bu bölgənin ölkəmizin ümumi inkişaf konsepsiyasına inteqrasiyası üçün də təsirli rolu var”.
Millət vəkilinə görə, qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan hava limanının açılışında iştirakı tarixi önəm daşıyır:
“Bu, iki qardaş ölkənin, iki qardaş liderin birgə addımladığını göstərən vacib amildir. Azərbaycanın işğaldan azad edilən ərazilərində artıq ikinci hava limanının açılışında qardaş ölkə prezidentinin iştirakı beynəlxalq ictimaiyyət üçün də mesajdır. Bu, Azərbaycan və Türkiyə liderləri arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq və müttəfiqliyin bariz nümunəsidir”.
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.