5 Noyabr 2022 14:56
2 070
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaman hər şeyi yerinə qoyur. “Haqq nazilər, üzülməz” deyimi heç də təsadüfdən işlənmir. Bu gün Haqq Ədalət Partiyasının sədri Əli İnsanovun Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siyasəti, xüsusilə də tarixi zəfərin əldə edilməsinə, onun ardınca Qarabağın bərpası və yenidən qurulması prosesində atdığı misilsiz addımları təqdir etməsi müsbət hadisədir. Bu, həm də Əli İnsanovun siyasi baxışlarında köklü fundamental dəyişikliklərin baş verdiyinin ifadəsidir.

Bunu Teleqraf.com-a YAP Təftiş Komisiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, indiki şəraitdə Əli İnsanovun Prezident İlham Əliyevin faktiki olaraq Azərbaycanı tarixi qələbəyə aparan və eyni zamanda onun çox ciddi nəticələrinə hər birimizin gördüyü bir reallıqda obyektiv mövqe ortaya qoyması yaxşı haldır: “Oktyabrın 24-də Milli Məclisdə “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi zamanı da Əli İnsanovun çıxışını dinlədim. Kifayət qədər konstruktiv çıxış idi. Bildirdi ki, “Siyasi partiyalar haqqında” qanun layihəsini müdafiə edir, bu Azərbaycanda siyasi sistemin daha da təkmilləşməsi mənafeyinə xidmət göstərir. HƏP sədri layihəni mütərəqqi bir hal kimi də dəyərləndirmişdi. Onun bu reallıqları qəbul etməsi və radikal müxalifətin yanında olmaması sevindirici bir hadisədir. Hesab edirəm ki, hər bir siyasi partiya lideri ağa-ağ, qaraya-qara deməlidir. Müxalifət mövqeyində olmaqla bu və ya digər məsələləri tənqid etmək olar".

Elman Nəsirovun fikrincə, eyni zamanda təkliflər verib, konstruktiv mövqe ortaya qoymaq da vacibdir: "Bu, anlaşılandır. Amma elə həqiqətlər də var ki, ona kölgə salmaq, şübhə ilə yanaşmaq erməni dəyirmanına su tökmək anlamına gələrdi. Bu baxımdan da Əli İnsanovun tutduğu mövqe yəqin ki, onun ölkəmizdə baş verən siyasi prosesləri, Prezident İlham Əliyevin həyata keçirdiyi dərin islahatlar kursunun hərtərəfli analizi, təhlili nəticəsində əldə etdiyi nəticədir. O, artıq dərk edir ki, Azərbaycan haqq yolundadır. Bizim dövlətimizin və onun Ali siyasi rəhbərliyinin atdığı bütün addımlar məhz xalqın, millətin mənafeyinə söykənir. Bu reallığı təəssüf ki, Azərbaycan Xalq Cəbhəsi, Müsavat partiyası, Milli Şura kimi təşkilatlar və onların siyasi liderləri hələ dərk edə bilməyib: “İçərimizdə bir ümid var ki, vaxtilə onların yanında yer almış Əli İnsanov obyektiv, real düzgün, həqiqətə söykənən bir mövqe sərgilədisə, analoji addımlar perspektivdə digər radikal mövqedə dayanan partiya liderləri üçün də bir nümunə olacaq”.

Qeyd edək ki, Əli İnsanov 1993–2005-ci illərdə səhiyyə naziri olub. 2005-ci il oktyabrın 20-də həbs edilib, 2007-ci ilin aprelində barəsində 11 il azadlıqdan məhrum etmə qərarı verilib. 2019-cu ilin mart ayının 16-da Prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. Sabiq nazir həmin il müxalif Haqq Ədalət Partiyasını yaradıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər