11 Noyabr 2022 19:30
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Politoloq Cümşüd Nuriyev Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Cümşüd bəy, Prezident İlham Əliyev Zəfər günü Şuşadan növbəti dəfə Ermənistana və onu himayə edənlərə, bölgədə maraqlı olan digər dairələrə açıq mesaj ünvanladı. İndiki dönəm üçün ölkə başçısının sərgilədiyi bu mövqenin əhəmiyyətini necə şərh etmək olar?

- Əslində zaman-zaman biz dövlət başçısının sərt mövqedən çıxış etdiyini müşahidə etmişik. Beynəlxalq hüquq öz gücünü itirəndə, bəzi dövlətlər bütün məsələlərə ikili standartlardan yanaşdıqda diplomatiya güc taktikasını seçməyi tələb edir. Çünki burada bir çox hallarda dövlətin maraqları var. Məşhur üçlük nəzəriyyəsində, yəni güc, milli maraqlar, qüvvələr balansı prinsipləri mövcuddur. Ona görə də Azərbaycan özünün milli maraqlarından çıxış edir. Prezident İlham Əliyev peşəkar bir siyasətçi olduğuna görə, bu yolu seçir. Bu baxımdan ölkə başçısının Şuşadan səsləndirdiyi bəyanat Ermənistan rəhbərliyinin dəyişkən siyasi mövqeyinə ünvanlanıb. Çünki Ermənistanda siyasət gecə-gündüz kimi dəyişir. Ermənistanın baş naziri buqələmun kimi dəyişkəndir. Nikol Paşinyan xaricdə bir söz deyir, başqa bir yerdə tamam ayrı mövzudan danışır, öz hökumətinin üzvlərini yığanda isə absurd mövzulara toxunur. Bu baxımdan da irəli sürülən iddiaların hamısı Paşinyanın olmayan beyninin məhsuludur.

- Hazırda İran Azərbaycanla bağlı əks-təbliğat kompaniyasını davam etdirir. Sizcə, burada əsas məqsəd nədir və bu nə vaxta qədər davam edəcək?

- İranın fars, molla rejimi tamam ayrı bir rakursdan Azərbaycana qarşı təbliğat aparır. Ona görə də ölkə başçısının Şuşada verdiyi mesaj tək Ermənistana deyil, adı çəkilməsə də İrana da yönəlmişdi. Dövlət başçısı vurğuladı ki, məscidləri dağıdanları, müsəlmanların müqəddəs saydığı yerlərdə donuz saxlayanları bu qədər sevirlərsə, bu sizin probleminizdir. Qarşı tərəf bunu anladı-anlamadı, bu onların işidir. Amma bütün hallarda Prezidentin Şuşada verdiyi mesaj mühüm əhəmiyyət kəsb etməklə yanaşı Azərbaycanın milli maraqlarını özündə ehtiva edir. Bu günlərdə ABŞ-dan İranla bağlı Azərbaycana açıq bir dəstək ifadə edildi. Bu dəstək özünü daha çox hansı məsələlərdə göstərəcək? Bunu zamanla görəcəyik. Çünki ABŞ Dövlət Departamenti artıq Azərbaycana İranla bağlı məsələdə dəstəyini ifadə edib.

- Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları, səsləndirdiyi məntiqsiz, uyğunsuz ittiham xarakterli fikirlərinin arxasında hansı amillər dayanır?

- Paşinyan birmənalı şəkildə Rusiya Prezidenti Vladimir Putindən aldığı təlimat əsasında belə çıxış edib. Çünki ondan öncə Putinlə Paşinyan arasında telefon danışığı olub. Ümümiyyətlə isə son bir həftədə onlar iki dəfə telefonla danışıblar. Əslində Prezident İlham Əliyevin çıxışında rus sülhməramlılarının orada müvəqqəti yerləşdirilməsi məsələsini qabartması elə belə təsadüf deyildi. Reallıqda rus sülhməramlılarının burada heç bir mandatı yoxdur. Onlar burada bəyannamə ilə yerləşiblər. Bəyannamə isə beynəlxalq hüquqda ciddi sənəd sayılmır. Ona görə də bu, beynəlxalq hüququn predmeti deyil. Beynəlxalq hüquqda saziş, müqavilə, ya da konvensiya əsas kimi qəbul edilir. Burada isə bunların heç bir yoxdur. Sülhməramlılar da bu əraziyə gələndən heç bir iş görməyiblər.

- Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan edən Paşinyanın Qarabağla bağlı iddiaları arasındakı paradoksu necə başa düşmək olar?

- Paşinyan indi çətin vəziyyətdə qalıb. Onu hakimiyyətə Amerika gətirib və o, Sorosun uşaqlarından biridir. Komandasında da özü ağılda olanlar təmsil olunur. Ona görə də ardıcıl bir siyasət yürüdə bilmirlər. Sadəcə olaraq vaxtaşırı o özü ağılda olanları yığıb bu cür absurd məsələləri gündəmə gətirir. Əslində isə biimz 1992-1993-cü ildə yaşadıqlarımızı indi həm Ermənistan, həm də Ukrayna yaşayır. Sözsüz ki, bu, onların problemidir. Amma bütün hallarda Nikol ağılsız bəyanatlar verməklə məşğuldur. Bu əslində erməni cəmiyyətinə hesablanmış gedişdir. Çünki Paşinyan Brüsseldə bəyanata imza ataraq 1991-ci ildə MDB və 1992-ci ildə BMT-yə üzv olduğu ərazilərlə Azərbaycanın suverenliyini tanıyıb. Bu baxımdan da yenidən "Dağlıq Qarabağ" məsələsini gündəmə gətirmək açıq şəkildə şizofreniya əlaməti hesab edilir. Çünki bu sənədə onun özü imza atıb. Paşinyanın bu məsələni yenidən qaldırmağa ixtiyarı yoxdur. Azərbaycan Dağlıq Qarabağı bir ərazi vahidi kimi 1991-ci ilin 26 noyabrında ləğv edib.

- Sizcə bu gedişlə - təxribatlar davam etdikcə növbəti dəfə tərəflər arasında hərbi qarşıdurma ola bilərmi?

- Antiterror əməliyyatları aparmaq Azərbaycanın daxili işidir. Əslində ölkə başçısı diplomatik dillə dedi ki, Ermənistan 10 noyabr sazişinin bəndlərinə əməl etmir. Çünki həmin Bəyanatın 4-cü bəndində Dağlıq Qarabağ və ya hansısa bir ifadə yer almayıb. Burada yeganə yer alan fikir erməni silahlı qüvvələrinin ərazidən çıxarılmasıdır. Paşinyanın ağlı kəsmədiyinə görə bu fikirləri aydınlaşdıra bilmir. O, sonradan ayılsa da artıq sənədə imza atılıb. Ona görə də bizim üçün heç bir aidiyyəti yoxdur ki, buradakı Qarabağ, ya da Suriya ermənisidir... Bəyanatda birmənalı şəkildə göstərilib ki, erməni silahlı qüvvələri oradan çıxmalıdır. İki il keçməsinə baxmayaraq Rusiya və Ermənistan buna əməl etməyib. Belə olan halda Azərbaycanın bu məsələdəki davranışları beynəlxalq hüquqa əsaslanır. Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirə bilər.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər