17 Dekabr 2022 17:44
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şuşa-Xankəndi yolunda Azərbaycanın vətəndaş cəmiyyətinin fəallarının keçirdiyi etiraz aksiyasının ciddi əsasları var. Etirazların əsas səbəbi Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə təbii sərvətlərimizin qanunsuz istismarı və ekologiyaya ciddi ziyanın vurulmasıdır. 30 il ərzində Ermənistan işğal altında saxladığı ərazilərimizdə əsl vandalizm törədib. Bütün yaşayış məntəqələri dağılıb, o cümlədən həmin torpaqlar ekoloji terrora məruz qalıb. Bu gün Rusiya sülhməramalılarının məsuliyyət zonasında olan ərazilərdə ekoloji terror və təbii sərvətlərimizin qanunsuz istismarı davam edir. Belə halların qarşısı alınmalıdır.

Bunu Teleqraf.com-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

O qeyd edib ki, rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı, habelə ekoloji vəziyyətin pisləşməsi ilə bağlı ilkin monitorinq aparılması vacib idi: “Bu məqsədilə Azərbaycanın dövlət qurumlarının nümayəndələrinin və mütəxəssislərin əraziyə girişinə maneçilik törədilməsi səbəbindən vətəndaş cəmiyyəti nümayəndələrinin və ekoloqların etiraz aksiyası təşkil olunub. Tələb odur ki, Azərbaycanın sözügedən ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı dayandırılmalı, bütün təbii sərvətlərin istismarı ölkə qanunvericiliyi əsasında həyata keçirilməlidir. Bütün faydalı qazıntı yataqları, o cümlədən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması vacibdir. Eyni zamanda burada əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri üzrə işçi qrupun fəaliyyətinə imkan yaradılmalıdır”.

Deputat deyib ki, cari ilin dekabrın 3-dən etibarən İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı sülhməramlı kontingentin komandanlığı ilə danışıqlar aparıblar. Lakin Qarabağdakı separatçılar monitorinqin aparılmasına əngəl törədib, sülhməramlılar isə onların qarşısını almaq üçün heç bir addım atmayıb”.

Millət vəkili bildirib ki, hazırda Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, rus sülhməramlıları tərəfindən bağlanıb: “Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri sadəcə talan edilmiş təbii sərvətlərin qanunsuz daşınmasının qarşısını almağa çalışır. Bütün bunların fonunda Ermənistan hökumətinin Azərbaycan əraziləri daxilində baş verən hadisələrə verdiyi şərhlər ölkəmizə qarşı ərazi iddialarının hələ də davam etdiyinin göstəricisidir. Bu cür bəyanatların Ermənistan baş nazirinin Praqa və Soçidə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi üzrə bir daha qəbul etdiyi öhdəliklərə ziddir”.

Sevinc Fətəliyeva hesab edir ki, Ermənistan öz qeyri-qanuni iqtisadi fəaliyyəti ilə beynəlxalq konvensiyaların tələblərini kobud şəkildə pozur: “Bu cür cinayətlər Ermənistan üçün hüquqi məsuliyyət yaradır. ATƏT, BMT-nin İnkişaf Proqramı (UNDP), Ətraf Mühit Proqramı (UNEP), Avropa Şurası Parlament Assambleyası (PACE) tərəfindən qəbul olunmuş hesabatlarda və qətnamələrdə işğal dövründə ərazilərimizdə həyata keçirilmiş qeyri-qanuni iqtisadi fəaliyyət və təbii sərvətlərin qanunsuz istismarı faktları qeydə alınıb. Bundan əlavə, üç ölkə liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli bəyanatın müddəaları Ermənistan tərəfindən yerinə yetirilmir. Bəyanatın 4-cü bəndinə zidd olaraq erməni silahlı qüvvələri hələ də Azərbaycan ərazilərindən çıxarılmayıb, 6-cı bəndinə zidd olaraq Laçın yolundan həm hərbi təxribatlar, həm də qeyri-qanuni iqtisadi fəaliyyət üçün istifadə olunur, eləcə də 9-cu bənd də yerinə yetirilməyib. Bu bəndə görə bölgədə bütün nəqliyyat kommunikasiya yolları açılmalıdır. Lakin Ermənistan kommunikasiyaların açıqlmasına maneçilik törədir. Ermənistandan fərqli olaraq Azərbaycan məsuliyyətli ölkədir və öz ərazisində yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır. Azərbaycanın ictimai fəallarının aksiyası isə Qarabağda yaşayan ermənilər üçün heç bir təhdid yaratmır. Əksinə, bu aksiya sülh aksiyası kimi dəyərləndirilməlidir. Çünki aksiya zamanı Qarabağ erməniləri üçün humanitar məqsədli yüklərin daşınmasına lazımi şərait yaradılır”.


Müəllif: Tapdıq Qurbanlı