Laçın-Xankəndi yoluna alternativ olan yollar artıq qar əridikcə istismar oluna bilir. Eyni zamanda son zamanlar Azərbaycanın haqlı tələblərindən sonra rus sülhməramlıları həmin alternativ yollardan istifadə üçün ermənilərə şərait yaradıb. Çünki martın 5-i həmin hadisə yerinin görüntüləri yayılmışdı. Orada Ermənistana məxsus zərəsizləşdirilmiş UAZ maşının dayanması və rus sülhməramlılarının hərbi avtomobillərinin ora necə yaxınlaşması açıq görünürdü. Bu fakt həmin yoldan həm separatçıların, həm də sülhməramlıların istifadəsinin mümkünlüyünü göstərir.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
Onun fikrincə, həmin təxribatdan sonra Ermənistan Xarici İşlər Nazirliyinin guya o silahlı ermənilərin hansısa bir sənəd apardığına dair gülünc açıqlaması mənasız yanaşmadır: “Sual olunur ki, hansısa bir sənədi aparmaq üçün üç yüksək rütbəli zabitlə arxa yollardan istifadəyə nə ehtiyac var idi? Sadəcə olaraq onlar təxribatı məhz bu istiqamətə yönəldiblər. Ona görə də, bu, düşünülmüş şəkildə atılan addımdır”.
Hərbi ekspertə görə, indiki həssas dönəmdə bu cür təxribatın baş verməsi bütün planları açıq şəkildə göstərir: “Rusiya istəmir ki, Azərbaycanla Ermənistan arasında sülh olsun və yaxud hansısa bir təmas qurulsun. Məsələyə elə bu cür də qiymət vermək lazımdır. Çünki rus sülhməramlıları Laçın-Xankəndi yoluna alternativ hansısa yolun istifadəsinə imkan yaratmamalı idi. Görünür, bu məhz onlar üçün zəruri olanda təxribatları həyata keçirmək üçün ehiyatda saxlanılmış bir “plandır”.
Üzeyir Cəfərov hesab edir ki, Azərbaycan Xarici İşlər və Müdafiə Nazirliyinin verdiyi açıqlamalarla bağlı konkret addım atılmalıdır: “Laçın-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsinin yaradılması ilə bağlı konkret iş görülməlidir. Bu olmayacağı təqdirdə təxribatlar davam edəcək. Qısa zamanda həmin yolda Azərbaycan tərəfindən postlar qurulmalı idi”.